Keçid linkləri

Təcili xəbərlər

Siyasi mobillik nədən asılıdır?


Rəşid Şərifin karikaturası
Rəşid Şərifin karikaturası
-

ÖLKƏDƏ «SİYASİ LİFT» NİYƏ İŞLƏMİR?

Siyasətdə ön plana çıxmaq həmişə çətin olub. Bu, yüz il bundan əvvəl də belə olub, indi də belədir. Təbii ki, səbəblər dəyişib, yüz il bundan əvvəlin siyasi tələbləri bir başqa olub, indi tamam başqadır. Amma dəyişməyən meyarlar da var və onlar hələ bəlkə yüz il bundan sonra da indiki kimi qalacaq. Azərbaycan siyasətində mobilliyi araşdırmaq bir o qədər də asan deyil, çünki siyasət elə bölünüb ki, ona yenilik gətirmək, bu bölgünü azacıq da olsa dəyişmək çox zor bir məsələdir. Mən bu bölgünü şərti olaraq üç yerə ayırardım: hakimiyyət, sistemə daxil olan müxalifət və bir də sistemdən kənarda qalan müxalifət. Bu təsnifat heç də mənim kəşfim deyil, politologiyada siyasi partiyaları indi hakim siyasi sistemə münasibətə görə bölürlər. Belə bölgü proseslərin məna yükünü heç də olduğu kimi ehtiva etməyən «liberal» müxalifət və ya «radikal» müxalifət kimi bölgülərə müraciət etməməyə imkan verir. Hakim partiya tək və şəriksiz hakimiyyətə malikdir, ona görə onunla bərabər status almaq elə də asan məsələ deyil, bunun üçün sistemdaxili siyasi spektr var, kim hakimiyyətə dəstək verirsə və onun siyasətini bölüşürsə bu kəsimdə özünə yer tuta bilər və bəlkə də siyasi neytrallığın müqabilində hətta bir deputat mandatı da alar. O ki qaldı, sistemdən kənarda olan və yaxud hakimiyyətin radikal adlandırdığı
müxalifətə, onun sıralarında yer tutmağın çətinliyi siyasi şəraitdən və həm də mövsümdən asılı olaraq dəyişir. Əgər 2003-cü ildə, xüsusən də prezident seçkisi ərəfəsində burada vakant yerlər yox idisə, indi – siyasi perspektivinin böyük olmadığı bir vaxtda çox asanlıqla nəinki koordinasiya şurasının üzvü və hətta aparıcı müxalifət partiyasının yüksək çinli funksioneri olmaq elə də çətin məsələ deyil. Amma mən buna siyasi mobillik deməzdim, çünki bu real siyasətdə özünün ifadəsini tapmır. Ona görə də hərdənbir Rusiyaya diqqət yetirməyə çalışıram. Əsas siyasi amillər orada da Azərbaycanda olduğu kimi təzahür edir – böyük «staj»a malik müxalifətçilər, məhdud kommunikasiya imkanları, ifadə azadlığının kasadlığı, çətin maliyyə durumu və avtoritar idarəçilik, onun yaratdığı problemlər… Amma orada siyasi fluktasiyalar da olur. A. Navalny çox az müddətdə adi bloggerdən müxalifət partiyalarının koordinasiya şurasının üzvünə qədər yüksələ bildi. Düzdür, bu, hələ ölkənin ümumi siyasətində özünün ifadəsini tapmayıb, çünki oktyabr ayı üçün nəzərdə tutulan 100 siyasətçi siyahısında onun adını tapa bilmədim. Amma o da var ki, bu siyahıda daha çox federal funksiyalara malik siyasətçilər yer alır.

Fəqət Rusiyada, heç olmasa, seçkilər zamanı «siyasi lift» hərəkətə gəlir və bir də görürsən ki, hansısa bir siyasətçi siyasi iyerarxiyada yer alır, özünün siyasi statusunu bir neçə dəfə artırır. Azərbaycanda bu yaxınlarda baş verən böyük qalmaqal ölkədəki seçkilərə kifayət qədər aydınlıq gətirdiyindən mən bir daha seçkilərin qiymətləndirilməsi ilə məşğul olmayacam, onsuz da hər şey aydındır. Aydın olmayan isə budur ki, bəs siyasi fəaliyyəti özünə peşə etmək qərarına gəlmiş insanlar, xüsusən də gənclər nə etsin? Onların bir yolu var: ya hakim partiyada, ya da onun peyklərinin birində yer almaq. Başqa alternativ hələ görünmür. Təbii ki, mövcud siyasi sistemin dəyişməsi üçün mübarizə aparmaqla da siyasi fəaliyyət göstərmək mümkündür. Amma bu, bütün mümkün yolların ən ağırı, məşəqqətlisidir. Ən çox da o səbəbdən ki, indi bu ölkədə qəhrəman olmaq da asan məsələ deyil. Gənclər buna baxmayaraq bu yolu seçir və bu, çox sevindirici, ümidverici haldır. Amma onlar özləri də dərk edir ki, bu yolla siyasi karyera qurmaq o qədər də asan məsələ deyil…

SİYASƏTƏ HARADAN GƏLMƏK DAHA MƏQSƏDƏUYĞUNDUR?

Görünür, siyasəti peşə edəndə bu haqda bir qədər əvvəl qərar vermək lazımdır. Bu qərarı vermiş insan özünün peşə seçimini də düzgün etməlidi. Burada bir məqamı da qeyd etmək lazımdır. ABŞ-da prezidentlərin çoxu hüquqşünas olub və vəkillik praktikası ilə məşğul olub. Vəkillik özündə siyasətçi üçün vacib olan bir neçə meyarı ehtiva edir: analitik düşüncə tərzi, natiqlik məharəti, qanunlara yaxşı bələd olmaq qabiliyyəti… Bizim gənclər nədənsə bu haqda çox az düşünürlər. Onlar siyasətə başqa sahələrdən – ədəbiyyatdan, tarixdən və ən yaxşı halda politologiyadan gəlməyə cəhd edirlər. Zahirən politologiya elə təəssürat yaradır ki, bu adam siyasətə hazırdır. Lakin bu, aldadıcı detaldır. Mən dünya siyasətçiləri arasında, xüsusən də parlaq siyasi simalar arasında politoloqlara çox az təsadüf etmişəm. Düzdür, siyasətə bəzən şairlər də gəlir, amma bu, daha çox qayda yox, əksinə qaydalardan istisnadır. Normal həyat isə istisnalar üzərində qurulmur.

SİYASƏTİ MARAQLI ETMƏK

Mənim hər dəfə nəzəri siyasi mövzulara müraciət etməyimin səbəbi var. Çox istəyirəm ki, siyasət insanlar, xüsusən də gənclər üçün maraqlı olsun. İnsan heç də həmişə qəhrəman olmaq istəmir, bunun üçün doğulmur, bəlkə də min adamdan biri bu yolu – qəhrəmanlıq yolunu seçir. Amma görəndə ki, yox, siyasi proseslərə başqa cür də qoşulmaq olar, onda bunu istəyənlərin sayı artır. Bu isə bütün hallarda cəmiyyətin uduşudur, çünki hər bir adam özü ilə kiçik də olsa yenilik gətirir və bunlar toplananda, cəmləşəndə bir də görürsən ki, bu həyatın özü də dəyişir…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG