-
NAKAM NƏSİL
Ad günləri hərəyə bir cür təsir edir. Adamlar var ki, onu sevir və təmtəraqla keçirir. Amma məni ad günləri diksindirir. Zamanın sürətindən qorxuram. Bir vaxtlar zaman mənə çox üzücü, yorucu görünürdü. İndi isə lap güllədən iti cıdır atlarını xatırladır… Bəli, deyəsən, bir az lirikaya qapıldım. Amma bunun da səbəbi var – 80-ci illərin nəsli artıq ömrün xəzan dövrünə qədəm qoyur. Onlar bir qədər nakam nəsildir. Günləri mitinqlərdə, qovğalarda və qaçdı-tutduda keçdi, çox arzuları ürəklərində qaldı, özlərini istədikləri kimi reallaşdıra bilmədilər, daim «yarımçıqlıq» tənəsini yaşadılar. Onların yaza bilmədiyi ən böyük əsər, oynaya bilmədiyi ən böyük rol, çəkə bilmədiyi ən gözəl film, isbat edə bilmədiyi ən çətin teorem azad cəmiyyət və demokratik dövlət ola bilərdi. Amma bu əsəri onlardan oğurladılar, özü də hissə – hissə, əzab verə - verə oğurladılar. Nəsillərin qarşıdurmasında həm də nəsillərin qisasını görürəm. Bəlkə də indi deyəcəyim fikir bir qədər mübahisəli görünəcək. Amma düşünürəm ki, ölkədə son illərdə yaşanan uğursuzluq, geriləmə və tərəddüd «homosovetikus» qiyamının nəticəsidir. Bizim cəmiyyət çox mühafizəkar cəmiyyətdir. Elə dönəmlər olur ki, mühafizəkarlıq fayda da verə bilir və ona haqq qazandırmaq da olur. Böyük hesabla isə tərəqqinin, müsbət dəyişikliyin qarşısını alır mühafizəkarlıq. Bütöv bir nəsil ömrünü mühafizəkarların müqavimətini qırmağa və dəyişiklikləri həyata keçirməyə sərf etdi. Di gəl ki, öz poqonlarındakı beşguşəli ulduzu səkkizguşəli ulduzla əvəz etməklə dəyişdiyini, müasirləşdiyini zənn edən mühafizəkarlar buna imkan vermədi. Ona görə də indi elə situasiya yaranıb ki, bizim üçün ən çətin sual «Hansı quruluşda, hansı dövrdə yaşayırıq?» sualı olub. Ona cavab verə bilmirik, çünki cavabımız ömrümüzün ən qiymətli hissəsinin üstündən xətt çəkmək və əbəs yerə yaşadığımızı etiraf etmək olardı. Doğrudanmı, bu qədər əziyyət, narahat günlər əbəs olub? Doğrudanmı, növbəti nəsillərə hər şeyi təzədən başlamaq lazım gələcək? Yeganə təsəlliverici detal budur ki, başqa ölkələrin və millətlərin də tarixində belə olub – Fransada, səhv etmirəmsə, dördüncü Respublikadan danışırlar. Bizim də üçüncü Respublikanı qurmaq cəhdimiz uğursuz oldu, o, bizim istədiyimiz kimi, arzularımıza adekvat olmadı. Amma nə etmək olar? Bir çox hallarda arzularımızı deyil, taleyimizi, qismətimizi yaşamalı oluruq, baxmayaraq ki, bu qismət sözünü heç sevmirəm və təqdir etmirəm. Daha bir təsəlli budur ki, göstərməyə, nümayiş etməyə bir şey olmasa da, xatırlamağa, yada salmağa çox şey var. Bu, bir az sakitləşdirir, toxdadır. Yenə də yadıma Fransa düşür. Bu gün nədənsə bu ölkə məndən əl çəkmir. Fransızların yaddaşında Vaterloo da var, faşist işğalı da. Biri digərini unutdura bilirmi? Ona görə də əbəs yerə demirlər ki, adam nə qədər pessimist olursa – olsun, axırda optimizmlə bitirir, xüsusən də yazı adamı.
ÜMİD NƏSLİ
Mən indiki gəncləri ümid nəsli adlandırıram. 80-ci illərin nəslinin edə bilmədiklərini onlar etməli olacaq. Bəlkə də bu yaxşıdır, əks halda onların həyatında boşluq olardı. Mən bu üzücü boşluğu ilk dəfə sovetlər dönəmində M. Khutsiev-in «İyul yağışı» filmində duymuşdum. İndi başqa dönəmdir. Di gəl, gənclik yenə də axtarışdadır. Əminəm, bu axtarışın nəticəsi dördüncü Respublika olacaq. Sonuncu mitinqdə həbs edilən gənclər tədricən azad olur.
Onların çıxışlarını, yazılarını oxuyuram və kim ümidsizdirsə həmin bu yazıları oxumağı tövsiyə edirəm. Məhbəs həyatından elə yüngüllüklə və elə problemsiz danışırlar ki, adam bu yaşında həbs olunmaqdan qorxduğuna görə lap xəcalət çəkir. Onlar dördüncü Respublikanın qəhrəmanları olacaq. Bu, heç də tarixi yükü tələsik başqa nəslin üstünə atmaq demək deyil. Biz onlarla bir olacağıq. 80-ci illərin sonunda, ilk mitinqlər zamanı birinci milli bayrağı qoca bir qadın tikmişdi. Biz də heç nə bacarmasaq da bayraq tikəcək və onlarla bir sırada dayanacağıq.
KİÇİK SÖZARDI
Bu yazını bir nəslin təslim olması kimi başa düşmək lazım deyil. İnsan ən son ana qədər çarpışır, ən son anadək sözünü deməyə çalışır. 80-ci illərin nəsli də belədir, onlar hələ çarpışır, hələ mübarizə aparır. Başqa cür ola da bilməz. Axı dördüncü Respublikanın gəlişi üçün zəmin hazırlamaq lazımdı.