Keçid linkləri

Təcili xəbərlər

Gürcüstan: arzu və tərəddüd


Bidzina Ivanishvili
Bidzina Ivanishvili
-

Gürcüstan parlamenti nəhayət ki, yeni hökumətin tərkibini təsdiq etdi və indi güman etmək olar ki, yeni hökumətə ayrılan tənqidçilik dövrü bitdi.
Bu vaxta qədər Bidzina Ivanishvili başda olmaqla bütün yeni komanda özünün siyasi ritorikasını Mikheil Saakashvili dövrünün tənqidi üzərində qurmuşdu. Bu, onlara verilən siyasi avans idi. Təzə hökumətlərin və eləsə də siyasi komandaların hamısı belə avansdan maksimum yararlanmağa cəhd edir. Amma artıq müxalifətçilik dövrü və onun verdiyi üstünlüklər bitdi. Mən bütün bu müddət ərzində B. Ivanishvilinin çıxışlarını və bəyanatlarını izləməyə cəhd edirdim. Etiraf edim ki, ilkin təəssüratlar Ivanishvilini heç də yaxşı aspektdən xarakterizə etmir, çünki onun bəyanatları ilə bahəm həm də Rusiyanın mövqeyinə diqqət yetirirdik, baxmayaraq ki, ruslar öz münasibətlərində geniş ritorikaya bir o qədər də yer vermirdilər. Bu da təbii onun nəticəsidir ki, Rusiya gözləmə mövqeyindədir. O, öz ağuşunu dərhal Gürcüstana açsa, belə təəssürat yarana bilər ki, onların problemi yalnız M. Saakashvili idi. Belə hallarda qapını birinci kimin döyməsi az əhəmiyyət kəsb etmir. Bəli, Ivanishvili Saakashvilinin bütün mirasından imtina etməyə hazırdır. Amma bu, Rusiyanı qane edəcəkmi? Üstəlik, artıq indidən Ivanishvilinin öz komandasında bəzi məsələlərə münasibətlə bağlı müəyyən fikir ayrılıqları yaranıb…
TƏZƏ HÖKUMƏT VƏ İLK TƏRƏDDÜDLƏR
Mikheil Saakashvili Bidzina Ivanishvili ilə görüş zamanı. Tbilisi, 09 oktyabr 2012
Mikheil Saakashvili Bidzina Ivanishvili ilə görüş zamanı. Tbilisi, 09 oktyabr 2012
Seçki kampaniyasından sonra B. Ivanishvilinin ən yadda qalan görüşü müxalif «Vahid milli hərəkat» blokunun deputatların ilə keçirdiyi görüş oldu. Bu görüşünü Ivanishvili hücum taktikası üzərində qurmuşdu. Onun bütün çıxışını bir cümlə ilə ifadə etmək olardı: günahkar sizsiniz… Amma bu görüşdə maraqlı bir detal diqqəti çəkdi. Artıq xarici işlər naziri kimi təsdiq edilən M.Pancikidze M. Saakashvilinin siyasətinə öz şefi ilə münasibətdə xeyli yumşaq prizmadan yanaşdı. O, əvvəlki hakimiyyətin Rusiyaya etdiyi güzəştləri qeyd etdi. Bu güzəştlər isə az deyildi. M. Saakashvili Rusiya vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv etmiş, Gürcüstan iqtisadiyyatında Rusiya kapitalına həddən artıq yer vermiş, hətta bəzi sahələri bütövlükdə Rusiyanın kampaniyalarının ixtiyarına vermişdi. Amma bunun əvəzində o Rusiya tərəfindən təcrid olunmuş və ölkə ərazi təhdidinə məruz qalmışdı. M.Pancikidze öz liderindən fərqli olaraq Saakashvili hakimiyyətinin məhz bu aspektlərini tənqid etmişdi. Belə bir detal təbii ki, müşahidəçilərin diqqətindən yayınmadı. Bunu ən azı belə xarakterizə etmək olardı ki, Ivanishvili komandası Saakashvili hakimiyyətinin tənqidində çox da uzağa getmək istəmir, özləri üçün manevr imkanı saxlamaq istəyir, çünki bir müddətdən sonra gürcü xalqı artıq M. Saakashvilini unudacaq və Ivanishvilidən Rusiya ilə münasibətləri yoluna qoymağı tələb edəcək…
IVANİSHVİLİ VƏD VERMƏYƏ BİLMİR, AMMA MÜDDƏT DƏ DEMİR…
Bəli, Ivanishvili vəd verməyə bilməz. Amma o, özünü gözləyən çətinlikləri görmür desək, bir qədər obyektiv olmarıq. Ivanishvili vəziyyəti dərk edir. Ona görə də bəzən ziddiyyətli bəyanatlar verir. Məsələn, bu yaxınlarda o demişdi ki, bir il – il yarımdan sonra siyasətdən gedəcək və fəaliyyətini vətəndaş sektorunda quracaq. Digər tərəfdən, o hansısa məsələdən danışanda konkret tarix göstərməməyə cəhd edir. Amma yenə də bütün bunlara rəğmən müxalifət onun proqramını «arzular siyahısı» adlandırır. Təbii ki, Ivanishvili üçün ən ümdə problem Rusiya ilə olan münasibətlərdə dəyişiklik yaratmaqdır. Amma onun hökuməti parlamentdə öz təsdiqini gözləyərkən V.Putin cənubi Osetiyanın «prezident»i ilə görüşürdü. Rusiyanın bir xüsusiyyəti var: o mövqe üstünlüyünü heç bir vaxt əldən vermir və ondan maksimum yararlanır. Ona görə də güman etmək çətindir ki, Rusiya Osetiya və Abxaziya ilə bağlı siyasətinə yenidən baxsın. Bu, isə Ivanishvilinin siyasi iflası demək olacaq…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG