Keçid linkləri

Təcili xəbərlər

Hamıdan ağıllıyıqmı?


20 oktyabr aksiyası
20 oktyabr aksiyası
-

Jurnalist həmkarım soruşanda ki, nədən bu aksiyalara yalnız partiya fəalları gəlir, doğrusu, duruxdum. Mən bu sualın cavabını bilmirdim. Əslində sualı sadə adamların özünə və yaxud da elə siyasi fəallara vermək daha düzgün olardı, bəlkə də onlar bunun cavabını bilirlər. Mənə gəldikdə isə bu mənim üçün növbəti mövzu idi, sadəcə növbəti bir mövzu. İnsanlara elə gəlir ki, biz təhlilçilər bütün sualların cavabını bilirik. Lakin belə deyil. Yazının əvvəlində qeyd etdiyim sualdan azı bir neçə əlavə sual da düşünmək mümkündür. Biz də adi insanlar kimi «araşdırmalar» aparırıq, adamların fikrini öyrənirik. Mən aksiyalara marağın az olmasının səbəbini bir neçə dəfə elə adi insanlardan öyrənməyə çalışmışam. Onların reaksiyası birdir: «Bunlar nə edir? Özlərini döydürürlər, tutulurlar... Bununla nəsə düzəlirmi?». Adi, sıravi insanın dəlili, qənaəti budur. Bununla razılaşmaq da olar, razılaşmamaq da... Amma onlar belə düşünür. Düşüncəyə görə qınamaq olmaz. Bu mövzu indi həm də ona görə aktualdır ki, artıq Milli Məclisin müvafiq komissiyasında aksiyalara aid müzakirələr keçirilir, icazəsiz aksiyalar üçün nəzərdə tutulan cərimələrin bir qədər də artırılması nəzərdə tutulur. Cərimələri elə həddə qədər artırmaq və sərtləşdirmək istəyirlər ki, hətta ən prinsipial fəallar belə düşünməli olacaq.

Amma əsas bu, deyil. Cərimə nə qədər artırsa-artsın, etiraz edən yenə də tapılacaq. Amma onların sayı artacaqmı? Bu sualın cavabı isə heç də dəqiq və birmənalı deyil. Mən aksiyalarla bağlı bir neçə tezisi saf-çürük etmək və bununla məsələyə aydınlıq gətirmək istəyirəm...

ƏŞİ, YAŞAYIRIQ DA...

Bu, ən çox səslənən fikirdir. Lakin onu qəbul etsək, gərək razılaşaq ki, ərəb ölkələrində, Avropada insanlar heç yaşamırlar. Amma hamı razılaşar ki, orta statistik avropalı nə qədər pis yaşasa da orta statistik MDB vətəndaşından bir neçə dəfə yaxşı yaşayır. Ərəb ölkələrindən isə danışmağa dəyməz. İndi Küveytdə də etirazlar baş qaldırıb, adamlar seçki qanunvericiliyinə edilmiş düzəlişlərə etiraz edirlər. Məgər küveytlilər pis yaşayırdı? İnsan toxdursa o, azadlıq haqqında düşünməməlidirmi? Əksinə müasir baxışlar da göstərir ki, insan daha çox tox olanda azadlıq haqda düşünməyə, hüquq tələb etməyə başlayır...

BUNUNLA NƏSƏ DÜZƏLƏCƏKMİ?

Bizim insanlar düşünür ki, bir dəfə küçəyə çıxmaqla bütün məsələlər həllini tapmalıdır. Mən bu düşüncənin kökləri haqda çox düşünmüşəm. Mənə belə gəlir, belə düşüncə tərzi öz köklərinə görə 80-ci illərin sonundakı aksiyalara gedib çıxır. O vaxt insanlar toplaşaraq hansısa dövlət binasının qarşısında mitinq keçirirdilər. Bəli, az keçmiş məmurlardan kimsə aşağı düşürdü, əsas adamları, necə deyər, başçıları içəri dəvət edirdilər. Orada onlara vəd verir və şirin dilə tutur, bəlkə də başçı qismində içəri daxil olmuş adamların şəxsi problemlərini həll edirdilər. Bir müddətdən sonra həmin başçılar mitinqçilər toplanan yerə qayıdır və «Tələblərimizi çatdırdıq, dağılışaq» - deyirdilər. Bu yolla aksiya bitirdi. Amma indi nə çölə çıxan var, nə də içəri dəvət edilən. Di gəl, mən bir məsələdə əminəm ki, bütün hökumətlər aksiyalarla maraqlanır, onların gedişini izləyirlər: Nə qədər adam gəldi? Nədən danışdılar?... Bunun onlar üçün böyük önəmi var. Bəli, görəndə ki, iki-üç fəal gəlib, başlayırlar yenidən öz işlərini görməyə. Çox vaxt eşidirsən, deyirlər ki, bu hakimiyyət niyə xalqı düşünmür, niyə siyasətinə düzəlişlər etmir? Amma bunun cavabı çox sadədir. Onlar xalqı harada görürlər ki, onun haqqında düşünsünlər də!

Axı bu xalq da özünü heç olmasa bircə dəfə onlara göstərməlidir, ya yox? O vaxt ki, hakimiyyət xalqı görür və onun qətiyyətini hiss edir, tələsik siyasəti dəyişir, başqa cür işləməyə başlayır. Aksiyalar da məhz xalqın özünü onlara göstərməsi üçün lazımdır. İndi cərimələrin artırılmasından yazaq. Aydındır ki, aksiyaya gələnlər çox olsa onun təsiri azalar, çünki bütün cəmiyyəti indi durub cərimə etməyəcəklər ki?

Ən son yazılan

XS
SM
MD
LG