-
Oktyabrın 18-i Azərbaycan tarixində önəmli gündür.
1920-ci ilin 28 Aprelində boğulan müstəqillik 71 ildən sonra bərpa olunub.
Oktyabrın 18-i Azərbaycan mədəniyyət tarixinə də önəmli gün kimi yazılıb.
1989-cu ilin bu günündə «YUĞ» Teatrı yaranıb.
Maraqlıdır ki, «YUĞ»un yaradıcısı və bədii rəhbəri Vaqif İbrahimoğlu teatrı öz doğum günündə yaradıb.
Beləliklə, uzun illər boyunca Vaqif İbrahimoğlu oktyabrın 18-ini üçqat bayram edərdi—həm Vətənin Müstəqilliyə qovuşduğu günü, həm doğum gününü, həm də doğma teatrın yaranış gününü…
Biz jurnalistlər də, bu gün Vaqif İbrahimoğlunu tək qoymazdıq.
Eh, gör nə yazıram?
Zatən, Vaqif İbrahimoğlu heç tək olmazdı ki?
O, işıqsaçanlardan idi!
Odur ki, pərvanə kimi başına dolanırdılar…
Bizlər də fürsəti qaçırmayıb onu söhbətə tutardıq.
Vaqif İbrahimoğlu özünü dünyanın ən xoşbəxt insanı sayırdı:
Vətənin müstəqilliyini gördüyü üçün.
(Bir söhbətimizdə dediyinə görə, 16 yaşından bu istəklə yaşayırmış).
Pafossuz-zadsız «Mən türkəm» dediyi, heç kimin görmədiyi vaxtlarda Türkiyəni qarış-qarış gəzdiyi, onun torpağına toxunduğuna görə.
Təbrizi görə bildiyi üçün!
Dünənki şagirdlərinin onun həmkarına çevrildiyinə görə.
İdeyalarını gerçəkləşdirə bildiyi bir ocaq yaratdığı üçün.
Yaxşı dostlar, xoşbəxt ailə qazandığı üçün.
Bax, bütün bunlara görə Vaqif İbrahimoğlu özünü bəxtiyar sayırdı.
Deyirdi ki, lap Koroğlu demiş, «arzumanım» qalmayıb.
Ancaq… 2-3 məsələnin həlli üçün Allahdan 5, ya 10 illik ömür qisməti umurdu Vaqif İbrahimoğlu, həm də özünəxas altdan-altdan gülə-gülə…
Xaricdə teatr təhsili alan gənclərin olmasını istəyirdi.
«Teatrları təmir etməklə deyil»,--deyirdi—«İnsanlar köhnə qalır, dəyişmir. Teatra yeni qan, yeni düşüncə lazımdır. Teatr qapalı, təcrid vəziyyətdə olmamalıdır, onda əyalət olur, məhəlli olur. Teatr oyundur. Oyun səviyyəli olmalıdır».
«Öyrəniləsi çox şeylər var»—deyirdi Vaqif İbrahimoğlu 60 yaşın tamamında. Və öyrənmək həvəsinin ona bəzi yaşlı adamlar kimi, geri qanrılıb «ah-uf» etməyə qoymadığını bildirirdi. «Öyrənmək aclığı, yeniliklərin dalınca getmək həvəsi, hələ ki məndə var»—deyirdi və həmən əlavə edirdi:
«Və insanları sevirəm!»
Əfsus!
Qımışaraq arzuladığı 5-10 ili yaşamaq ona nəsib olmadı.
İki ildir ki, Vətənin, Teatrın və «O»nun əziz günü Vaqif İbrahimoğlusuz keçir.
Amma pərvanələr hələ də şam işığına toplaşır.
Evində, teatrında, dəfn olunduğu Mərdəkan qəbiristanlığında…
Yazını nikbin ruhla bitirmək istəyirəm.
Bilirəm ki, bu ruh Vaqif İbrahimoğlunun ruhudur.
Onun nikbin ruhu həmişə bizimlədir!
Əminəm ki, nə qədər Vətənin müstəqilliyi var, «YUĞ» Teatrı var, onun ardıcılları var, Vaqif İbrahimoğlu da olacaq.
Bir də ötən yaz bir dostunun dediyi kimi, Vaqifin ruhunu sevindirmək üçün Azərbaycanı onun arzularının ölkəsinə çevirməliyik!.. Azərbaycanı dəyişəcəyiksə, o da yaşayacaq!..