Keçid linkləri

Təcili xəbərlər

Müstəqilliyin 21-ci payızı


Arxiv foto
Arxiv foto
ADİ, ÇOX ADİ BİR DİQQƏT...

Bəlkə də heç kim günahkar deyil. Zaman özü hər şeyi adiləşdirir. Ola bilsin, yeniyetməlik dövrünü yaşayanlar üçün dövlət müstəqilliyi tamam adi hadisə olacaq, çünki onlar gözlərini açıb ölkəni müstəqil görüblər. Amma bunun o biri tərəfi də var. Onlar gözlərini açıb həm də ölkənin 20%-ni işğal altında görüblər. Elə bil cəmiyyətin həyatında da «saxlanma qanunları» var – birini qazanmaq üçün o birini itirməlisən... Lakin mənə elə gəlir ki, ölkə ərazisinin bir hissəsi işğaldan azad olunana qədər müstəqillik mücadiləsi bitməyəcək, çünki Azərbaycanın suverenliyi hələ də onun bütün ərazisinə şamil olmayıb və bugünkü nəsil bu problemi indiyədək həll edə bilməyib. Müstəqillik günü yetişəndə adətən o vaxtkı gözləntilərimizi və ümidlərimizi xatırlamağı sevir və təqdir edirik. Bəlkə indi də belə etmək daha düzgün olardı. Amma mənim diqqətimi başqa bir detal çəkir. Ölkədə elə adamlara «İstiqlal» ordeni verilib ki, onlar bəlkə də heç vaxt o adın fərqində olmayıblar. Azərbaycanda da bir vaxt «Müstəqillik aktı»na səs verən deputatlar olub.
Lakin onları bu gün heç kim xatırlamır. Ölkə müstəqil olandan 21 il sonra eks-prezidentlər haqqında qanun qəbul edildi və prezident olmuş insanlar bunun qanuni təsdiqini tapa bildi. Bəlkə bu məntiqlə daha 21 il gözləmək lazımdır ki, vaxtilə istiqlaliyyətə səs vermiş deputatlara da hansısa imtiyazlar verilsin? Bütün keçmiş sovet ölkələrində bu qəbildən olan deputatlara xüsusi imtiyazlar verilib. Bəlkə də Azərbaycan bir – iki keçmiş sovet ölkələrindəndir ki, bu məsələ hələ həllini tapmayıb. Burada da təzadlı məntiq hökm sürür. Söhbət istiqlalçı deputatlar və milli azadlıq hərəkatı haqda gedəndə deyirlər ki, onlar nə ediblər ki, indi durub onlara hələ bir mükafat və imtiyaz da verək? Onsuz da bütün 15 ölkə müstəqili oldu! Lakin söhbət H. Əliyevdən düşəndə bütün vasitələrlə hamını inandırmağa çalışırlar ki, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin də banisi odur. Fəqət bir qədər əvvəl qeyd etdiyim məntiqlə daha bir sual verib soruşmaq olar ki, H. Əliyev olmasaydı Azərbaycan müstəqil olmayacaqdımı!

Axı 15 respublikanın hamısı müstəqil oldu... Təbii ki, burada məntiq söhbəti deyil, çünki zorun, haqsızlığın məntiqi olmur. İş o yerə çatıb ki, hər il yanvar ayı çatanda İ. Əliyevin o vaxt atası ilə səfirliyə gəlişini əks etdirən kadrları da nümayiş etdirməkdən bezmirlər, onları təkrar – təkrar efirə verirlər. Amma o dövrdə həqiqətən də milli azadlıq mücadiləsi aparan insanlar haqqında söz belə demirlər. Demək olar ki, bir vaxt «Müstəqillik aktı»na səs verən insanlar bunun müqabilində heç nə ummurdular. Amma bu, çox pafoslu məntiq olar və həqiqəti əks etdirməzdi. İnsan həmişə nə isə umur, onun həmişə diqqətə ehtiyacı olur, xüsusən də nəzərə alanda ki, bu insanlar artıq heç də cavanlıq yaşında deyillər, bəzisi hətta həyatdan köçüb... Mən demirəm ki, onlara milli qəhrəman adı verək, hərçənd bəzi keçmiş sovet ölkələrində belə də ediblər.

Amma heç olmasa anmaq, harasa dəvət etmək və bizim milli dildə desək, o insanları sadəcə saymaq olardı...

TARİXLƏ SAVAŞ

Bu ənənənin haradan və nədən gəldiyini bilmirəm. Amma o, bir faktdır. Onu hiss etmək üçün heç olmasa bircə həftə bu ölkədə yaşamaq lazımdır. Bəzən mənə elə gəlir ki, H. Əliyev siyasətə və Azərbaycana elə bir ənənələr gətirdi ki, insanlar hələ uzun müddət onların acısını yaşamalı olacaq. Siyasətdə və ümumiyyətlə ictimai həyatda belə bir şey var ki, insanlar özlərini artıq qəbul olunmuş tarixi simvollarla bağlayırlar ki, bu yolla özlərinə də ictimai status qazanmış olsunlar. Amma bunlar belə etmirlər. Onlar özlərini tarixə salmaq üçün tarixin üstündən xətt çəkirlər. Yazının əvvəlində ölkə ərazisinin 20 faizi haqda xatırlama etdim. Təsəvvür edin, bu torpaqların necə və nə vaxt itməsi haqda heç nə demirlər, amma M. Ə. Rəsulzadəni və digərlərini bizim qanuni torpaqlarda erməni dövlətinin yaranmasına razılıq verməkdə suçlayırlar!...

KİÇİK SÖZARDI

Bayramın əsas atributu onun ovqatıdır, bəli, bayram ovqatıdır. Lakin bu gün bu ovqat hiss olunmur. Məsələ heç onda da deyil ki, bunu təqvimdə adi bir əlamətdar gün kimi qeyd ediblər. Yox, hətta məsələ bunda deyil. Ondadır ki, bu ölkədə hələ də vətəndaş barışığı təmin edilməyib, vətəndaş barışığı hələ yoxdur. Vətəndaş barışığı olmayanda ümumi dəyərlər də olmur. Onlarsız bu qəbildən olan bayramlar da öz çəkisini itirir, çünki vətəndaş barışığı sement kimidir, onsuz cəmiyyətdəki çatlar bitişmir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG