Keçid linkləri

Təcili xəbərlər

Sözə sözlə cavab vermək çətindirmi?


Foto: Arxiv
Foto: Arxiv
-
MDB-nin hər hansı bir ölkəsində demokratik qüvvələr nəyəsə nail olanda, adam buna sevinməyə bilmir, çünki belə uğurlar sənin ölkənin insanlarının yaşadığı acıları müvəqqəti olsa da unutdurur. Həm də bu, ümumi və ortaq demokratik proseslərin elementi kimi təzahür etdiyindən onlar digər ölkələr üçün də təsirsiz ötüşmür.

Bu günlərdə oxudum ki, Ukraynada jurnalistlər öz parlamentlərini böhtanla bağlı əməllərin cinayət məcəlləsinə qaytarılması haqdakı qərarını dayandırmağa müvəffəq olublar. Burada söhbətin məhz diffamasiya ilə bağlı qanunvericilikdən getdiyini diqqətli oxucu dərhal sezə bilər. Bu məsələ bir çox ölkələrdə mətbuat üçün sözün həqiqi mənasında repressiya alətinə çevrilib. Mən burada bizim ölkə mətbuatına qarşı indiyə qədər və bu gün də irəli sürülən iddiaları xatırlayıram və düşünürəm ki, nə vaxtsa jurnalistlər bu məsələnin həlli üçün böyük prosesə başlayacaqlar. O proses əslində uzun müddətdir ki, davam edir, lakin hakimiyyət hər vasitə ilə böhtan və təhqir maddələrinin Cinayət Məcəlləsindən çıxarılmasını yubadır. Məhkəməyə daxil olan iddianı dərhal təmin edir və qəzetlərin üzərinə böyük cərimələr yükləyirlər.

Sözə münasibət haqqında əvvəl də yazmışam. Bir çox ölkələr üçün elə indi də sözə münasibət feodal-patriarxal xarakter daşıyır. Azərbaycan bu sırada öndə gedənlərdən biridir. Başqa vaxt deyirlər ki, bəli, mətbuat heçdir, orada yazılanları heç kim oxumur, amma peşman olursan kiminsə haqqında bircə söz yazırsan və başlayır, nə başlayır! Təkzib və üzr istəməklə əl çəkmirlər, məsələni ağır cərimələrə qədər aparıb çıxarırlar. Düşünmək olardı ki, bizim mentalitetdə şəxsiyyətin toxunulmazlığına çox böyük önəm verilir. Di gəl ki, şəxsiyyətin ən hüquqsuz olduğu ölkələrdən biri də Azərbaycandır. Heç kim özünün seçki hüququnun pozulmasına etiraz edə bilmir, sərbəst toplaşmaq azadlığının təmin olunmasına nail ola bilmir, hətta öz mülkiyyət hüquqlarını yetərincə müdafiə edə bilmir. Gəl söhbət şərəf və ləyaqətdən düşəndə, hamı özünü elə aparır ki, sanki onun ləyaqəti dünyada dəyəri olmayan bir şeydir.

DON KİXOT NİYƏ GÜLMƏLİ GÖRÜNÜRDÜ?

Doğrusu, bəzi insanların mətbuatla çarpışmasını Don Kixotluq saymıram və əminəm mətbuata qarşı olan iddiaların hamısında olmasa da, çox böyük bir hissəsində açıq siyasi sifariş və siyasi maraq gizlənir. Amma bircə anlığa o fikrə qayıdıram və hesab edirəm ki, sözə qarşı bizim həssas münasibətimiz feodal-patriarxal mentalitetdən irəli gəlir. Biz yeri gəldi, gəlmədi, «Getməz söz yarası!» deməyi sevirik. Lakin 21-ci əsrdə bizim bu «cəngavərliyimiz» yalnız gülüş doğura bilər. Bəli, bir vaxtlar hətta sözə görə duellər olub. Zira mütərəqqi dünya bunların hamısını keçmişdə qoyub. İndi biz nə edək? Bir daha duelləri geri qaytaraqmı? Yeri gəlmişkən deyim ki, sözə görə mətbuat işçiləri ilə kriminal aləmin qanunları ilə haqq-hesab çürütmək istəyənlər də çox olub – oğurlanan, təhqir edilən, mənzilində video quraşdırılan mətbuat adamlarını burada bir daha xatırlamağa dəyərmi? İndi dünya tamam başqa dəyərlərlə yaşayır və nəfəs alır. Mən hətta Avropa İnsan Haqları Məhkəməsi tərəfindən araşdırılan bir neçə prosesi öyrənmişəm. Bu proseslərdə siyasət və mətbuat adamlarının toqquşması əksini tapıb. Həmin məhkəmələr bütün bu proseslərdə bircə qərar çıxarıb: siyasət adamları onunla barışmalıdır ki, onlara qarşı tənqidin sərhədləri digər vətəndaşlarla müqayisədə daha geniş olmalıdır.

Burada bir fəlsəfi məqam da var. Demokratik ölkələr qəbul edib ki, demokratiya azad diskussiyalar olmadan mümkün deyil. Azad diskussiya zamanı isə vətəndaşlar arasında, bizim dildə desək, «söz atışması», yaxud hətta fiziki toqquşmalar bəzən labüd olur. Sadəcə, bunlara göz yummaq və onları ikinci plana keçirmək zərurəti yaranır. Elə ona görə də, bizim hipotetik Don Kixot başa düşməlidir ki, hər kiçik şeydən, o cümlədən də sözdən ötəri nizə davasına çıxmaq indiki dünyada gülüncdür.

KİÇİK SÖZARDI

Təəssüf ki, diffamasiya mövzusu da əbədi mövzulardan birinə çevrilib. Biz hər dəfə periodik olaraq bu mövzuya qayıdırıq ki, o, aktuallığını itirməsin. O ki qaldı, sözün «öldürücü gücü»nə, mənə elə gəlir ki, burada hamımızın, elə mənim də sevmədiyim şou-biznesdən bəzi detalları öyrənmək olar. Sənət adamları adlarının hallanması, mətbuatda, efirdə çəkilməsi üçün hətta özləri haqda qalmaqallı şayiələr yayırlar. Deməli, söz «killer» rolunu ifa etmək və bu statusda təqdim olunmaq üçün heç də ən yaxşı namizəd deyil. Çünki bu söz deyilən nəsnəyə həmişə aydınlıq gətirmək və necə deyərlər, sözü qanla deyil, elə sözlə yumaq həmişə mümkündür...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG