Keçid linkləri

Təcili xəbərlər

Roma papasının dilindən düşməyən Nizami...


Nizami Gəncəvi
Nizami Gəncəvi
-

Papa çıxış etdi. Təsəvvür edin, çıxış tamamilə Nizamidən sitatlar üzərində qurulmuşdu. Özü də bir sitat yox, bir neçə sitatdan söhbət gedir. Həmin gün mənim üçün Nizaminin bir daha kəşf edildiyi gün oldu...


Hüseynbala Səlimov


TANINAN VƏ TANINMAYAN NİZAMİ


Dünyada mütəfəkkirlərlə bağlı maraqlı sorğular keçirilir.

Məsələn, Amerika tədqiqatçılarının keçirdiyi sorğuya görə, ən çox öyrənilən mütəfəkkir Marx (Karl Marks) olub. Azərbaycanda belə tədqiqat aparılmayıb.

Amma düşünürəm ki, əgər o aparılsaydı məlum olardı ki, ölkədə ən çox öyrənilən mütəfəkkir N. Gəncəvi olub.

Hər halda, nədənsə, məndə belə bir əminlik var. Nizami bizim az qala məişətimizə daxil olub – o qədər ünvan onun adı ilə adlandırılıb ki... Amma mən onu həmişə gürcülərin S. Rustaveli’si ilə müqayisə edirəm.

Gürcülərin tarixə münasibəti də özünəməxsusluğu ilə seçilir. Amma hələ sovetlər vaxtı gürcülər mənə demişdi ki, S. Rustaveli hər bir gürcünün tanıdığı yeganə şair hesab edilir.

Nizamiyə gəldikdə isə bir çox məsələlərdə M. Füzuli onun, necə deyərlər, əməlli-başlı «dabanını tapdayır». Təbii ki, Fizuli özünün qəzəlləri ilə muğama həkk olunub, bu səmtdə o Nizamidən xeyli öndədir. Amma mən birinciliyi yenə də Nizamiyə verərdim, çünki o, epik şairdir. İran prezidentini öz məqbərəsini ziyarət etməyə vadar edən də məhz Nizami olub.

Bunun özü də çox maraqlı hadisə idi. Adını unutduğum keçmiş İran prezidentlərindən biri müddətinin bitməsinə çox az qalmış Azərbaycana gəlmişdi və Gəncəyə Nizaminin məqbərəsini ziyarətə getmişdi.

Bəli, Nizami hələ də prezidentləri, dövlət adamlarını öz ayağına çəkib gətirir. Lakin həmin prezident özünə xas tərzdə «Mən fars şairi Nizamini ziyarətə gəlmişəm»- demişdi. İndi Nizami hər yerdə təkrar anılır. Amma doqquz əsrdir ki, onunla bağlı mübahisələr bitib tükənmir. Bəzən mənə elə gəlir ki, dahilər özləri haqda tapmacalar qoyurlar ki, insanlar əsrlər boyu həmin tapmacalar üzərində baş sındırsınlar.

Shakespeare (Şekspir) neçə əsrdir ki, öz dramları ilə hamını ovsunlayır. Amma neçə əsrdir ki, onun kimliyi və müəllifliyi mübahisə predmeti olaraq qalır. Hətta İngiltərədə buna yekun vura bilmirlər. Hələ də düşünürlər ki, pyeslərin müəllifi Bekon, yoxsa V. Shakespeare’in özü olub?

Mən hələ onu demirəm ki, sufiliyin tədqiqatçılarından biri tamamilə ciddi şəkildə Shakespeare’in sufi şeyxi olmasını iddia etmişdi. Hələ müasir şair və yazıcılarla bağlı nə qədər belə tapmaca var!

Dünyada bu gün də «Sakit Don»un müəllifliyi mübahisə doğurur. Mən bütün bunları nədən xatırladıram? Məsələ bundadır ki, böyük insanlardan böyük tapmacalar və müəmmalar qalır. Bu mənada Nizami də istisna deyil. Hətta bu gün də təkcə sovet hakimiyyəti sayəsində Nizaminin azərbaycanlılara «hədiyyə» kimi verildiyi iddia olunur...

NİZAMİNİN KƏŞFİ...

Bizim hər birimiz yazıçını, şairi bir dəfə oxuyuruq. Amma sonradan onu tamamilə yenidən kəşf edirik. Mənim həyatımda iki belə ədəbiyyat adamı olub: Hugo (Hüqo) və Nizami. 2000-ci ildə rayona çəkilmişdim. Orada əlimə artıq köhnəlmiş, hətta üz qabığı cırılmış kitab düşdü. Bu Hugo’nun «Səfilləri» idi.

O vaxt mən onu təzədən oxumağa başladım və özüm üçün yenidən Hugo’nu kəşf etdim. Nizami ilə bağlı isə bir qədər fərqli olmuşdu. Roma Papası, məşhur İ. Pavel Azərbaycana səfərə gəlmişdi. 21 illik müstəqillik dövründə bu səfər mənim yaddaşıma həkk olan yeganə səfərdir.

Papa çıxış etdi. Təsəvvür edin, çıxış tamamilə Nizamidən sitatlar üzərində qurulmuşdu. Özü də bir sitat yox, bir neçə sitatdan söhbət gedir. Həmin gün mənim üçün Nizaminin bir daha kəşf edildiyi gün oldu.

O vaxt mən fikirləşdim ki, Nizaminin əsərləri hər birimizin evində olmalıdır, çünki o, bizim ensiklopediyamız adlanmağa layiqdir. Bunu elə qəbul etməyin ki, Roma Papası dedi və biz də Nizaminin böyüklüyünü o saat təsdiq etdik. Yox, məsələ bunda deyil. Sadəcə, bəzən dahi şair, yazıçı sözləri də «inflyasiya»ya məruz qalır, biz bu epitetləri o qədər adama şamil edirik ki, onlar qiymətdən düşür...

KİÇİK SÖZARDI

Nizami ölkədə anılarkən mənim də gücüm bu iki-üç sətrə çatdı.

Mən artıq sayı 10 milyona çatan azərbaycanlılardan sadəcə biriyəm. Nizami isə təkdir. Amma bəzən adi oxucunun duyduğu mətləbləri neçə illərin tədqiqatçıları da birdən hiss edə bilmir.

Bu mənada Nizami mənim üçün həmişə həm məlum, həm də məchul olaraq qalacaq. Sadəcə, ümid zamana və əsrlərədir.

Zaman dahiləri cilalayır. Biz meyvənin qabığını kənarlaşdırdığımız kimi zaman da dahini cilalayır, onun yaradıcılığındakı əsas cövhəri üzə çıxarır.

Onda ikinci və ya üçüncü dərəcəli məsələlər arxada qalır, çünki onlar meyvənin qabığı kimidir – kəsilib atılır...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG