Keçid linkləri

Təcili xəbərlər

Dözüm kodu


Arxiv foto
Arxiv foto
-

Bizə elə gəlir ki, yalnız islam müqəddəsləri haqda nəsə yazırlar. Amma belə deyil. Bir neçə il bundan əvvəl D. Brown’un «Da Vinçi kodu» romanı və onun əsasında çəkilən film bütün xristian dünyasını silkələmişdi.

Çoxlu tənqidlər, müzakirələr oldu. Fəqət bunlar kitaba olan marağı azaltmadı, əksinə artırdı...



Minlərlə insanı ayağa qaldıran film ətrafında ehtirasların nisbətən səngiməsi gözlənildiyi vaxt Fransa jurnalı öz karikaturaları ilə vəziyyəti bir az da gərgin duruma gətirdi. İndi iş o yerə çatıb ki, hətta Bakıda da Fransanın səfirliyinin mühafizəsi gücləndirilib.

Hadisələr məni həm də ona görə təəccübləndirir ki, sanki hər şey tanış və köhnə ssenari üzrə baş verir.

Müsəlmanların dini hiss və duyğularını başa düşmək mümkündür. Amma bu hisslər kiminsə əlində əsl «sosial rıçaq»a çevriləndə buna yalnız təəssüf etmək qalır. Şərait bir az sakitləşməyi və prosesləri soyuq mühakimə ilə müzakirə etməyi tələb edir.

Bir vaxt S. Rushdie (Salman Rüşdi) də öz kitabı ilə müsəlman dünyasını çalxalamışdı. Bəzi din xadimləri indi də onun başına ayrılan məbləği artırmaqda davam edir, Rushdie cənablarının personasına olan diqqəti azalmağa qoymurlar.

Lakin mənə elə gəlir ki, Rushdie’yə də elə bu lazımdır, hərçənd ki, «məşhurlaşdığı» vaxtdan ta bu günə qədər onun keçirdiyi həyatda qibtə ediləsi çox az şey var. Mənim qənaətimə görə bu proseslərdə Şərqlə-Qərb bir daha bir-birini anlamadığını büruzə verir. Bəli, şərqli insan qərblini, qərblisə öz növbəsində şərqlini dərk etmir.

Emosional Şərq soyuqqanlı və hər şeydə dəqiq maraq və haqq-hesab güdən Qərbi başa düşmür. Qərb də öz növbəsində hisslərini cilovlamağı və bəzən də idarə etməyi bacarmayan Şərqi başa düşməkdə acizdir. Amma bu prosesdə mənə elə gəlir ki, üstünlük bütün hallarda Qərbin tərəfindədir, ən azı o səbəbə görə ki, o şərqli insanın xarakterini və onun bir sıra məsələlərə yönəlik reaksiyasını çox gözəl proqnozlaşdırmağı öyrənib.

Başa düşməyə cəhd etsək qərbli insanın da bu proseslərdəki niyyətini və umacaqlarını bir analitik süzgəcdən keçirmək o qədər də çətin məsələ deyil. Bəli, soyuqqanlı tərzdə mühakimə yürütsək, qərblinin də davranışı başa düşüləndir.

QƏRBLİ İNSAN NƏYƏ CAN ATIR?

Çin - "Da Vinçi kodu" filminin kilsəyə yaxın yerdə afişası, 2006, Şanxay
Çin - "Da Vinçi kodu" filminin kilsəyə yaxın yerdə afişası, 2006, Şanxay
Əksər hallarda bütün bu proseslərin bir yüksək səviyyədən idarə edildiyini güman edirlər. Bu, nə qədər həqiqətə uyğundur? Mənə elə gəlir ki, qərblilər əslində bu proseslərdə öz cari maraqlarını güdürlər. Bu maraq isə tanınmaq və reklam olunmaq, bunun müqabilində pul və sərvət qazanmaqdır. Mən bu proseslərə bir şou-biznes kimi baxıram. Müxtəlif insanlar qalmaqal yaradıb bundan öz biznesləri üçün istifadə etmək istəyirlər.

Qərbin reklam qanunu çox sadədir: «Mənim haqqımda nə yazırsan, yaz! Amma adımı və familiyamı düzgün qeyd elə!». Qərbdə qalmaqal yaradıb tanınmaq, özünü, filmini və ya jurnalını reklam etmək adi bir işdir. Təəccüblənməyin, amma karikaturaların dərcilə məşhurlaşan jurnalın redaktoru deyib ki, əvvəllər insanlar bu jurnalı əllərdə görmürdü və adamlar hətta onu açıb baxmırdılar, amma indi tapmaq belə olmur. Bəli, məsələ bundadır.

Karikatura dərc etdin, islam dünyasını və dindarları ayağa qaldırdın, bir neçə gün dünya efirini zəbt etdin və yaxşıca pul qazandın! Qərb insanı yalnız bu aspektdən düşünür. Əvvəldə S. Rushdie’ni yada saldıq. Elə onu da oxşar motivlər idarə edir. Bir nəfər yazıçı bir neçə il bundan əvvəl onun haqqında yazmışdı ki, o, elə adamdır ki, Nobel mükafatı almayana qədər sakitləşməyəcək!... Biz isə bu problemlərin kökündə siyasi və hətta geosiyasi motivlər axtarırıq. Amma bir çox məsələlərin çox sadə və bəlkə də primitiv izahı var.

XRİSTİANLAR MÜSƏLMANLARA NİYƏ QİBTƏ EDİR?

Bizə elə gəlir ki, yalnız islam müqəddəsləri haqda nəsə yazırlar. Amma belə deyil. Bir neçə il bundan əvvəl D. Brown’un «Da Vinçi kodu» romanı və onun əsasında çəkilən film bütün xristian dünyasını silkələmişdi. O vaxt Vatikan iyerarxiyasında Roma Papasından sonra ikinci adam olan keşiş A. Amato lap açıq qibtə hissi ilə demişdi ki, əgər belə yalan və böhtanlar Quran haqqında deyilsəydi dünyada haqlı olaraq qiyam olardı!...

Amma keşişin arzu və istəyi reallaşmamış qaldı, Qərbdə üsyan olmadı. Çoxlu tənqidlər, müzakirələr oldu. Fəqət bunlar kitaba olan marağı azaltmadı, əksinə artırdı. Səhv etmirəmsə, həmin kitabın dünya üzrə tirajı 50 milyonu keçib. Budur, Qərbin üslubu, onun reklam texnologiyası. Doğrudanmı, bu, belə anlaşılmazdır? Mənə elə gəlir ki hər şey çox sadədir. Bir Azərbaycan filmində deyildiyi kimi: portağal soymaq qədər sadədir...

Ən son yazılan

XS
SM
MD
LG