Keçid linkləri

Təcili xəbərlər

A. Lukaşenkonu niyə yalnız İ. Əliyev başa düşür?


Aleksandr Lukaşenko və İlham Əliyev
Aleksandr Lukaşenko və İlham Əliyev
Etiraf edirəm ki, mənim üçün Belarus V. Bıkov, bir də yolüstü səfər zamanı o yerlərdə gördüyüm gözəl qızlar və qadınlardır. Lakin dünyanın öz reallıqları var. Əksər ölkələrin insanları üçün indi Belarus A. Lukaşenko deməkdir. Bir qəribə nüans var, onu mütləq qeyd etməliyəm. Lider öz ölkəsindən məşhur olanda (istər müsbət mənada olsun, istərsə də mənfi, fərqi yoxdur) bu, bir o qədər də yaxşı nəticələrə gətirib çıxarmır. Mənfi mənada aydındır. Ölkələr və rejimlər vardı ki, yalnız on illərlə «staj»ı olan diktatorlarla tanınırdılar, həmin ölkələrin özlərini daha az tanıyırdıq, nəinki orada olan diktatorları... Müsbət halda da bunun fəsadları ola bilir. İlk dəfə bu fəsadı qədim afinalılar sezmiş və ona qarşı tədbir görmüşdülər – Qədim Afinada vətəndaşlar arasında çox böyük nüfuzu olan tribunları şəhərdən sürgün edirdilər. Bəli, qədim Afinada ehtiyat edirdilər ki, bu şəxslər öz böyük nüfuzları ilə şəhər əhlinin öz iradəsi ilə qərar qəbul etməsinə mane ola bilərlər. Təbii, Lukaşenkonu bu iki haldan birincisinə aid etmək olar – o, özünün mənfi imici ilə ölkənin üzərinə elə bir «pərdə» atıb ki, insanlar əvvəldə qeyd etdiyim kimi, Belarus deyəndə başqa bir şey düşünmürlər, yalnız onun haqqında danışır və fikir yürüdürlər. Gəlin etiraf edək ki, Belarusa Rusiyadan yaxın dövlət yoxdur. Amma Rusiyanın öz siyasətçiləri belə Lukaşenko ilə yaxınlıqlarını nümayiş etdirməyi sevmirlər...

Bu adamı hətta Rusiya mətbuatı «Belarusbaşı» adlandırır. Mən bunları niyə deyirəm? İ. Əliyevin Belarusa anonslaşdırılmamış səfəri hamını mat qoydu.
İnsanlar hər yerdə ona adət ediblər ki, dövlət başçıları yalnız zəruri hallarda səfər edir. Belarusa indiki səfərin nə mənası var? Azərbaycana Lukaşenko kimi dost lazımdırmı? Suallar çoxdu. İ. Əliyev sanki Avropaya diplomatik bir demarş nümayiş etdirir – siz nə qədər danışırsınız-danışın, nə qədər yazıb-pozursunuz öz işinizdir, mən, «öz dairəmi» özüm müəyyən edəcəm.

A. LUKAŞENKOYA NİYƏ İ. ƏLİYEV KÖMƏK ETMİŞDİ?

Görüş zamanı A. Lukaşenko deyib ki, biz çox çətin bir vəziyyətdə idik və bir neçə ölkəyə müraciət etdik, birinci Azərbaycan reaksiya verdi. İ. Əliev də öz növbəsində bildirib ki, elə əsl dostluq da bu cür olur, Azərbaycan da TŞ-na üzv olanda Belarusun yardımından istifadə etdi... Mənə belə gəlir ki, onların hər ikisi məsələnin mahiyyətini gözəl bilir və dedikləri sözlərin doğruluğu o qədər də onlar üçün əhəmiyyət kəsb etmir. Onların bir-birinə simpatiyası var. Rusların bir sözü var: «tovariş po nesçastyu». Onları bir dərd birləşdirir və bu dərd də diplomatik etiket xatirinə deyilən pafoslu sözlərə rəğmən hər ikisinin normal ölkələr tərəfindən sevilməməsidir. Onları sevmirlər, ən uzağı hesablaşmaq məcburiyyətində qalırlar, hər iki ölkənin içindəki reallıqlara və vəziyyətə görə sadəcə dözüm göstərirlər. Lukaşenkoya münasibətdə hətta bu da yoxdur, dünya ölkələri onu açıq-aşkar təhdid edir. Gələk, mətləbin üzərinə. Birincisi, Belarus niyə çıxılmaz vəziyyətə düşməli idi? Niyə Avropa və eləcə də dünya ölkələri maliyyə resurslarını Belarusun üzünə bağlayıb?... Əslində Lukaşenko bu suala cavab verməli idi. İkincisi, niyə məhz İ. Əliyev o situasiyada Lukaşenkoya yardım edən ilk prezident oldu? Səbəb sadədir və ona cavab vermək böyük ağıl tələb etmir – yalnız indiki Azərbaycanda qısa müddətdə, bir-iki saat ərzində bir nəfər on milyonlarla vəsaitin taleyini həll bilər. Bəli, ABŞ bütün dünyaya yardım edir. Lakin bu yardımın hər maddəsi Konqresin müzakirəsindən keçir. Başqa normal ölkələr də belədir. Elələri də var ki, orada dövlət başçıları öz pulları ilə dövlətin pulları arasında bir fərq qoymurlar, istədikləri kimi sərəncam verirlər. Azərbaycan məhz bu sonuncu ölkələrə aiddir.

DOĞRUDANMI AZƏRBAYCAN A. LUKAŞENKO İLƏ HESABLAŞMALIDIR?

Bir qədər əvvəl İ. Əliyevin sözlərindən sitat gətirmişdim. Söhbət TŞ-na üzv olmaq ərəfəsində Belarusun yardımından gedirdi. Belarusu demirəm, bizim A. Lukaşenkonun nə nüfuzu var ki, o, dünya ölkələrini kiməsə səs verməyə təhrik etsin? Sadəcə, İ. Əliyev özünün düşdüyü reallıqları Azərbaycanın da məruz qaldığı reallıqlar kimi qələmə verir. İlk baxışda belə təəssürat yaranır ki, Azərbaycan həqiqətlərini yalnız Belarus kimi rejimlər və yaxud hansısa despotik Afrika rejimi müdafiə edə bilər. Lakin bu, ölkədə aparılan siyasətin nəticəsidir, heç də obyektiv reallıq deyil. H. Mübarəkə qoyulan heykəl necə qoyulmuşdusa bir gün elə də götürüldü. Vaxt gələcək, Lukaşenko rejimi də çökəcək... O vaxt «Belarus-Azərbaycan dostluğu»ndan əlamət qalmayacaq və hər şeyi yenidən başlamaq lazım gələcək... Lakin bu, əsl dostluq olacaq, çünki o daha etibarlı təməl üzərində qurulacaq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG