Keçid linkləri

Təcili xəbərlər

Bir müsahibənin doğurduğu suallar


Mərhum prezident Əbülfəz Elçibəy
Mərhum prezident Əbülfəz Elçibəy
TƏQVİMDƏ HANSI İLDİR?

Bəzən ölkə siyasətinə digər bir ölkənin kontekstindən baxmağa cəhd edirəm və bunu acı reallıqlardan azacıq da olsa uzaqlaşmaq üçün nəzərdə tuturam.

Prezident Administrasiyasının şöbə müdiri Ə. Həsənov da özünün sonuncu müsahibəsində bizi başqa bir ölkənin təcrübəsi ilə maraqlandırmağa cəhd edib. Ə. Həsənov həmin müsahibəsində deyir ki, Türkiyədə prezident Özalın ölümünün səbəbini araşdırırlarsa nədən biz Elçibəyin ölümünün səbəblərini araşdırmayaq? Həqiqətən də maraqlı məntiqdi. Türkiyədə edilən bir çox şey burada da edilsəydi biz bundan məmnun olardıq. Amma Ə. Həsənovu başqa məsələlər maraqlandırmır, o, Türkiyədən təkcə Özalla bağlı detalı yada salır. Bu məsələ ilə bağlı çox şey demək olardı. Əvvəla, Ə. Elçibəyin öz kürəkəni A. Səmədbəyli dedi ki, onların əlində mərhum prezidentin xəstəliyi ilə bağlı həkimlərin rəyi var. Onun həkimi də deyib ki, bizim xəstəxanaya gələndə o, prostat xərçəngi, şəkər xəstəliyi və infeksiya yoluxması diaqnozu ilə gəlmişdi. Həkim daha sonra bildirir ki, Elçibəy xəstəxanada olarkən xüsusi nəzarət şəraitində saxlanıb və onun yanına yalnız həkimlərin icazə verdiyi insanlar daxil ola biliblər.

Bu, o deməkdir ki, burada kiməsə öz fantaziyalarına gen-bol meydan vermək üçün elə bir əsas yoxdur. Amma məni başqa bir detal düşündürür. Mən olayları şişirtməyin tərəfdarı deyiləm. İndi deyəcəklərimin bir hissəsi ola bilsin ki, şişirtmə kimi qəbul olunacaq, amma belə deyil. Mən bu məsələdə ən çox məntiqlə bağlı düşünürəm. Bu məntiq mənə 37-ci illəri xatırladır. Yox, mən o vaxt repressiyaya məruz qalan kommunistlərin tərəfini tutmaq fikrində deyiləm, hərçənd bunun özündə də bir qəbahət yoxdur, bu adi hüquq müdafiəsi məsələsidir. Bəli, həmin kommunistlərin bir hissəsini bir gün, nə az, nə çox, həyatlarını həsr etdikləri kommunizm ideyalarına xəyanət etməkdə suçladılar. Bəs bu gün Azərbaycanda nə baş verir? Özünü bir amala, bir ideyaya həsr edən və illərlə bir yerdə olan insanları bir-birinə sui-qəsd etməkdə suçlayırlar. O vaxt da, sovetlər dönəminin 37-ci çağında belə sui-qəsd versiyalarından gen-bol istifadə olunurdu. Görən, indi nə baş verir? Bəlkə təqvimdə 1937-ci ildir, xəbərimiz yoxdur?

İ. QƏMBƏRLƏ Ə. ELÇİBƏY ARASINDA NƏ OLMUŞDU?

Əli Həsənov
Əli Həsənov
Ə. Həsənov daha sonra deyir ki, Ə. Elçibəyin son xahişinə əməl etməyən elə İ. Qəmbər olub. Onun sözlərinə görə, Ə. Elçibəy İ. Qəmbərdən prezidentliyə namizədlik məsələsində ona güzəşt etməyi xahiş edibmiş. Nə demək olar? Bəli, bu məsələdə Ə. Həsənov haqlıdır. Belə bir şey olmuşdu. O vaxt AXCP ilə Müsavat namizəd məsələsində ortaq fikrə gələ bilmədi. Amma burada da maraqlı sual yaranır. Ə. Elçibəyin namizəd olması doğrudanmı YAP üçün bu qədər əhəmiyyətli və vacib məsələ idi? Əslində yaranmış o vəziyyət, hər iki namizədin 1998-ci ildə seçkilərdən kənarda qalması YAP-ın maraqlarına cavab verirdi. Üstündən düz 14 il keçəndən sonra bir məsələyə də aydınlıq gətirməyə cəhd etmək olar. O vaxt Ə. Elçibəyin namizəd olması siyasi uğur baxımından nə qədər əlverişli idi? Təəssüf ki, bu məsələdə biz eyforik qərar verməkdən uzağıq. Elçibəy Kələkidən yenicə qayıtmışdı, bir müddət böyük siyasətdən uzaq düşmüşdü. Üstəlik, o vaxt hələ indiki tək bir çox məsələyə aydınlıq gətirilməmişdi, iyun hadisələrinin səbəbləri aydın deyildi, hərçənd bu gün də həmin məsələ ilə bağlı çox qaranlıq məqamlar var, o vaxt isə bu məqamlar daha çox idi. Qərəz, Elçibəyin böyük siyasətə növbəti qayıdışı və uğur qazanması üçün siyasi şərait yetişməmişdi və çox güman ki, namizəd olacağı təqdirdə o, ciddi heç nə edə bilməyəcəkdi və olduqca zəif bir nəticə göstərəcəkdi. Düzdür, bu, indi bəlkə də mübahisəli görünə bilər. Lakin mən diqqəti daha bir detala yönəltmək istəyirəm ki, hətta populyarlığının ən pik vaxtlarında belə Ə. Elçibəyə elektoratın münasibəti birmənalı deyildi. Birinci seçkini o, 50 faizdən bir qədər artıq nəticə ilə başa vurmuşdu. Təbii ki, bunu başqa cür də yozmaq olar, çünki o vaxt həqiqi seçki keçirilmişdi, H. Əliyevin vaxtında olduğu kimi şişirdilmiş ədədlər ortalığa qoyulmamışdı. Amma hər bir halda, ən populyar vaxtında 50 faizdən azacıq artıq səs toplamış, Bakını naməlum səbəblərdən tərk etmiş, hakimiyyəti kommunist nomenklaturasına vermiş bir prezidentin 5 ildən sonra yüksək nəticə göstərəcəyini gözləmək o qədər də real deyildi. Mən demirəm ki, Müsavat məhz o rasional səbəbləri əsas götürərək Ə. Elçibəyə güzəşt etmədi. Təbii, əsas amil partiya maraqları olmuşdu və bunu inkar etmək niyyətində deyilik.

Ə. HƏSƏNOVUN GECİKMİŞ ETİRAFI

Bütün hallarda Ə. Həsənovun müsahibəsində maraqlı bir detal vardı. Bəli, o Ə. Elçibəyi qanuni prezident adlandırır. Eks-prezidentlər haqqında qanun qüvvəyə minəndən sonra bu, bir o qədər də qeyri-adi görünmür. Amma bu, əvvəllər etiraf olunmurdu və deyilmirdi, dərsliklərdə bütöv bir dövrün, özü də çox əhəmiyyətli bir dövrün üstündən sükutla keçirdilər. İndi deyəsən bu məsələdə də özlərini azacıq tolerant və obyektiv göstərmək istəyirlər. Bəlkə də tarixlə, tək dirilərlə deyil, həm də ölülərlə vuruşmaq artıq bunları yorub...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG