Keçid linkləri

Təcili xəbərlər

Bağlandı bütün qəzet köşkləri, ay can, ay can...


-

Son ay yarım ərzində Bakı şəhərində 45 qəzet köşkü götürülüb... Deyilənə görə, yeni köşklərin sahibləri ya qəzet götürmür, ya da olduqca az sayda götürürlər...


ÖLKƏ QƏZETSİZ QALACAQMI?


Düşdü bütün qəzetlər hörmətdən, ay can, ay can...

M.Ə.Sabir


Bu sualın cavabını hətta qəzetçilərin özləri də bilmir. Hamı qeyri-müəyyənlik içindədir. Qəzet köşkləri isə bir–birinin ardınca götürülür.

Bu günlərdə mən metronun «Əhmədli» stansiyasının yanındaca bir gündə iki qəzet köşkünün götürülməsini öz gözlərimlə gördüm. Köhnə köşklərin yerinə yeniləri qoyulur və əsas yayım firmalarından birinin - «Qasid»in əməkdaşları deyir ki, onların artıq 60 yeni köşklə müqaviləsi var.

Amma yeni köşklərin qarşısında qəzetin olmadığına əmin olmaq o qədər də çətin deyil. Deyilənə görə, yeni köşklərin sahibləri ya qəzet götürmür, ya da olduqca az sayda götürürlər.

Onlar açıq şəkildə qəzet satışına maraq göstərmir, adi dükan kimi fəaliyyət göstərir və xırda ticarətlə – siqaret, sərin su və s. satışı ilə məşğul olurlar. Köhnə köşk sahibləri isə əsasən qəzet satışı ilə məşğul olurdular.

Son ay yarım ərzində Bakı şəhərində 45 qəzet köşkü götürülüb. Bu faktı da bu günlərdə daha bir toplantı keçirən mətbuat işçiləri bildiriblər. Çox maraqlıdır ki, yeni köşkləri köhnə köşk işçilərinə vermirlər. Maraqlı vəziyyət yaranır. Deyirlər ki, köşklər şəhərdə səliqə-sahman yaratmaq, vahid dizaynın tətbiqi üçün dəyişdirilir.

Burada sual yaranır. Yeni köşkləri elə köhnə köşklərin sahiblərinə vermək və bu yolla onları işsiz qoymamaq olmazdımı? Məsələ bundadır ki, köşklərin dəyişdirilməsi təkcə yayım firmaları və mətbuat üçün deyil, həm də o köhnə köşklərdə çalışan insanlar üçün problem yaradıb. Xüsusən də nəzərə almaq lazımdır ki, yeni köşklərdə çalışanların qəzet satışı ilə bağlı səriştəsi yoxdur və artıq qeyd etdiyim kimi, onlar buna maraq da göstərmirlər.

Beləcə, indi qəzetlər nə edəcəklərini bilmirlər. Əgər yayım firmalarına, köhnə köşklərin
işçilərinə bu prosesdə bir ziyan dəyibsə, qəzetlər bundan iki qat artıq ziyan çəkir, çünki onlar onsuz da satılmış qəzetlərin pulunu çox çətinliklə toplayır və bəzən də buna aylarla vaxt sərf edirdilər.

Bu, isə təbii ki, qəzet işçilərinin maaşlarının yubanmasına səbəb olurdu. İndi isə onlar maaşdan qismən və bəlkə də birdəfəlik məhrum olurlar. Elə yayım firmaları da işçilərinin ixtisarı haqqında düşünür.

BƏS HÖKUMƏT NƏ DÜŞÜNÜR?

Redaktorlar bu məsələ ilə bağlı artıq bir dəfə Prezident Administrasiyasının şöbə müdiri Ə. Həsənovla görüşmüşdülər. Amma vəziyyət dəyişmədi. Əvvəl belə dedilər ki, hökumət yaranmış vəziyyəti öyrənməklə məşğuldur. İndi isə deyirlər ki, mətbuat işçiləri bu məsələni Bakı şəhər İcra Hakimiyyəti ilə həll etməlidir.

Beləliklə, əsl «top atdı» oyunu gedir. Bir məsələni açıq demək və vəziyyəti olduğu kimi göstərmək lazımdır. Qəzet bazarında söz sahibi əsas etibarilə müxalifət yönlü və müstəqil qəzetlər idi. Xüsusən də ən çox alınan qəzetlər müxalifət qəzetləri idi. Ona görə də yaranmış vəziyyət hakimiyyəti o qədər əndişələndirmir, əksinə haradasa onların marağına cavab verir.

Bu yolla onlar özlərini daha rahat hiss edirlər. Hökumət bəlkə də ona da razıdır ki, müxalifət qəzetləri mətbuat üçün ayrılan vəsaitdən öz payını alsın, amma reket qəzetləri kimi ayda, ildə bir dəfə çıxsın və yayılmasın. Hökumət özünə bəraət qazandırmaq üçün bəyanatlar da vermir, özlərini elə aparırlar ki, sanki heç bir problem yoxdur. Burada həm də Ə. Həsənovun bir siyasi fiqur kimi missiyasına və statusuna da aydınlıq gəlir.

Əli Həsənov
Əli Həsənov
Ə. Həsənov həmişə iddia edirdi ki, o, mətbuatla, siyasi partiyalarla görüşmək və onların problemlərini bilmək üçün kifayət qədər səlahiyyətə malikdir. Siyasi partiyalar onun bəyanatına həmişə şübhə ilə yanaşırdılar. Lakin mətbuat işçiləri inandılar və onunla bu məsələ ilə bağlı görüşdülər. İndisə oturub nəticələri gözləyirlər. Nəticə isə hələ yoxdur.

QƏZETLƏRİ «DƏFN ETMƏK» TEZ DEYİLMİ?

Mən başa düşürəm ki, ölkədə qəzet bumu keçib, indi qəzetlərlə, prinsipcə, rəqabət aparmaq imkanında olan çoxlu strukturlar yaranıb. Söz düşən kimi də dərhal internetin adını çəkirlər.

Zira Azərbaycanla müqayisədə dəfələrlə çox «elektronlaşmış» ölkələrdə kağız mətbuat nəinki yaşayır, hətta özünün populyarlığını da saxlayır. Televiziyaya gəldikdə isə onlar özünəməxsus bir çərçivədə fəaliyyət göstərirlər.

Bu çərçivə bir tərəfdən televiziyanın özünün spesifikası ilə müəyyən edilirsə, digər tərəfdən də siyasi reallıqların nəticəsi kimi özünü büruzə verir. İndi Azərbaycanda elə vəziyyətdir ki, hakimiyyət və cəmiyyət müstəvisində televiziyalar hətta qəzetlərlə rəqabət aparmaq belə iqtidarında deyil.

Mən inkar etmirəm, bəlkə də illər keçəcək, indiki qəzetlərin əvəzinə ya tamam internet fəaliyyət göstərəcək, ya da ki, indi deyildiyi kimi nano-qəzetlər çıxacaq. Amma bu prosesi süni şəkildə sürətləndirməyə və ölkəni bu gün faktiki olaraq mətbuatsız qoymağa dəyərmi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG