Keçid linkləri

Təcili xəbərlər

London-2012: Yenilməz legion


Böyük Britaniya yığmasının azarkeşi, London 2012
Böyük Britaniya yığmasının azarkeşi, London 2012
«İdmançıları plastik britaniyalı olmaqda ittiham etmək cəfəngiyatdır». Britaniyanın nüfuzlu «The Guardian» qəzetində dərc olunmuş bu məqalə Olimpiadadan əvvəl bəzi Britaniya qəzetlərinin Britaniyanın Olimpiya millisində təmsil olunmuş legionerlər barədə əsəb, qəzəb və hətta həqarətlə yazılmış məqalələrinə cavabdır.

Bu həm də o deməkdir ki, Britaniya mətbuatı legionerlər barədə, necə deyərlər valı dəyişib.

Hətta «plastik britaniyalı» terminini ilk dəfə dövriyyəyə buraxan populyar «The Daily Mail» də.

Qəzetin son sayında belə bir sərlövhə var: «Çoxmədəniyyətlilik? Cəfəngiyatdır! Olimpiada Britaniya vətənpərvərliyinin və Britaniya dəyərlərinin qələbəsidir».

«Çoxmədəniyyətlilik» son illərdə Britaniyanın siyasi leksikonunda tez-tez işlənən termindir. Bu termin Britaniyanın mühacirlərə ən geniş qucaq açan Avropa ölkəsi olduğunu əks etdirir. Lakin real həyatda «çoxmədəniyyətlilik» hərənin öz mədəniyyəti deməkdir.

Londonun şimal hissəsinə gedirsinizsə, ingilis dilini bilməyiniz o qədər də vacib deyil. Restoranlarda yeməyinizi türkcə sifariş edə bilərsiniz. Harasa tələsirsinizsə, taksini də türkcə sifariş edə bilərsiniz. Başınızı elə həmin restoranın yaxınlığındakı bərbərxanada «türkcə» qırxdıra bilərsiniz.

Bu mənada türklər istisna təşkil etmirlər. Somalilərin, ərəblərin, polyakların, macarların – hamının Londonda öz restoranları, öz dükanları, öz dünyaları var.

Belçikada dünyaya gəlmiş Bradley Wiggins
Belçikada dünyaya gəlmiş Bradley Wiggins
Demək lazımdır ki, bu, ən azı zahiri nəzakətləri ilə məşhur olan ingilisləri də qıcıqlandırır. Yəni, necə ola bilər ki, on illərlə Britaniyada yaşayasan, amma yenə də dolmadan və cücə plovdan əl çəkməyəsən. Qısası inteqrasiya olunmayasan.

ÖLKƏNİN ÜZÜNÜ AĞ EDƏN QARALAR

Lakin Britaniya mətbuatında «havanın», elə Britaniyanın havası kimi qəfil dəyişməsinə bir səbəb var: plastik britaniyalılar ölkəyə medal qazandırmağa başlayıblar.

Somalidə doğulmuş Mohamed Farah və Belçikada dünyaya gəlmiş Bradley Wiggins qızıl medal qazanıblar. Britaniyaya doqquz yaşında valideynləri ilə gəlmiş Farahdan soruşanda ki, o, niyə Somali üçün yarışmır, qısa cavab verib : «Qardaş, mənim vətənim Britaniyadır».

Növbədə qızıl medal gözləyən daha bir neçə «plastik britaniyalı» var.

Ən əhəmiyyətlisi budur ki, bir legionerin qızıl medalı qalan legionerlərin fərsizliyini sığortalayır.

Məsələn, Kubada doğulmuş, olimpiadalarda Kubanı, daha sonra Sudanı və ən nəhayət Britaniyanı təmsil edən Yamile Aldama uzunluğa tullanmaqda 5-ci yerlə kifayətlənib.
O, 2000-ci ilin Sidney Olimpiadasında Kubanı təmsil edib, sonra Britaniyaya köçüb, lakin Britaniya vətəndaşlığı üçün ərizəsinə cavab gecikdiyi üçün 2004-cü ilin Afina Olimpiadasında Sudan üçün yarışıb. 2008-ci ilin Pekin Olimpiadasında da o, Sudanın milli formasını geyinib.

Britaniyalı Karina Bryant
Britaniyalı Karina Bryant
Yamile Aldama nəhayət milliyyətcə şotlanda ərə getdikdən sonra Britaniya millisinə daxil edilib. Onun əvvəlki əri heroin qaçaqmalçılığına görə 15 illik həbs cəzası çəkir.

Lakin Yamile Aldama, əslində istisnadır. Britaniya mətbuatının «plastik britaniyalı» kimi təqdim etdiyi 61 idmançının (Britaniya komandasının 11 faizi) əksəriyyəti milliyyətcə britaniyalıdır.

Məsələn, ölkəyə qızıl medal qazandırmış velosipedçi Bradley Wigginsin anası ingilis, atası avstraliyalıdır. O, sadəcə olaraq Britaniyadan yarım saatlıq uçuş məsafəsində olan Belçikada doğulub.

Qalibləri, hətta yadelli olsalar da, dərilərinin rəngi başqa olsa da, mühakimə etmirlər həqiqəti təkcə Britaniyaya xas deyil.

1998-ci ildə Fransa milli futbol yığması çempion olanda, fransız qəzetləri bu komandanı «black-blanc-beur» (yəni qara-ağ-ərəb) termini ilə göylərə qaldırırdılar.

Lakin bu, çox çəkmədi, Fransa komandası uduzmağa başladı və cəmiyyətin münasibəti dəyişdi.

Fransanın SOS Racisme təşkilatının rəhbəri Aline Kremer bildirir ki, «Fransa komandasındakı «ərəb»lər və «qaradərililər» fransızdırlar. Onlar Fransada doğulublar. Onlar Fransada çoxmədəniyyətliliyin simvoludurlar. Cəmiyyət onlardan razıdır, bir şərtlə ki, qalib gəlsinlər. Qalib gələ bilməyəndə məsələ bir az qəlizləşir».

Britaniyalı azarkeşlər William,Catherine və Britaniya karalicası II Elizabeth-in maskalarını taxıb, London 2012
Britaniyalı azarkeşlər William,Catherine və Britaniya karalicası II Elizabeth-in maskalarını taxıb, London 2012
Azərbaycanın olimpiya millisi hətta London Olimpiadası başlanmazdan əvvəl rekord vurub. Komandanın təxminən yarısı legionerlərdir.

Onlar Azərbaycana, hələ ki, Britaniya legionerlərinin uğurlarını gətirə bilməyiblər.

BANAN, YOXSA ORDUBAD ƏRİYİ

AzadlıqRadiosunun efirində çıxış edən bir çox idmançılar və idman ekspertləri bildirirlər ki, Azərbaycanda tarixən qeyri-populyar olan idman növləri üçün legioner gətirmək səmərəli deyil.

Söhbət etdiyim peşəkar idmançılardan biri mənə deyir ki, «çəkicatan bizim haramıza yaraşır?».

Lakin qeyri-populyar sayılan idman növlərinin də çoxu tarixən Azərbaycana xas olub.

Məsələn, Dədə Qorqud dastanında Qaraca Çoban Şöklü Məlikin adamlarına müqavimət göstərəndə əvvəlcə daş atır, daş qurtaranda isə qoyun atmağa başlayır.

Deyək ki, «qoyunatma» olimpiya idman növü kim tanınmayıb, lakin başqa idman növləri də var ki, rəsmən tanınıblar.

Oxatma, at çapma, atıcılıq Azərbaycan ədəbiyyatının daimi mövzusu olub.

Azərbaycanın epik qəhrəmanı Koroğlu eyniadlı dastanın axırına yaxın çiynində tüfəng olan bir adamla rastlaşır və deyir ki, «tüfəng çıxdı, kişilik qurtardı».

Arxiv foto: Çapar Camal Rəhimov, 2008-ci il
Arxiv foto: Çapar Camal Rəhimov, 2008-ci il
Bununla da orta əsrlərdə Azərbaycan atçılıq, oxatma, qılıncoynatma, adam oğurlama kimi idman federasiyalarının prezidenti, ingiltərəli Robin Hoodun ana tərəfdən qohumu Koroğlu atıcılıq idmanının fitvasını verir.

Yeri gəlmişkən, bir sıra Britaniya hüquqşünasları Robin Hoodun adının Nottingham hava limanından götürülməsini tələb edirlər. Onların fikrincə, Britaniyanın cinayət məcəlləsində bir neçə maddə var ki, Robin Hoodun «alnında yazılıb».

ƏGƏR QIRAT OLSAYDI…

Bu arada Azərbaycanın London Olimpiadasında yeganə süvarisi də yarışı medalsız başa çatdırdı. Qıratın, uzaqbaşı Düratın yeri görünür.

Qayıdaq Azərbaycana. Amma Koroğlunun bəyanatından sonra da bir sıra idman növləri müəyyən modifikasiya ilə Azərbaycanda inkişaf edib. Məsələn Mirzə Ələkbər Sabir yazır:

Adətimiz daş idi dəva günü
Tullarıdıq əldə sapand qıjhaqıj.
Hər kəsə dəysəydi edərdi haman
Bir neçə gün ahü fəğan, ufhauf.
Mərhəm olurdu, sağalırdı yara,
Əldə qalırdı yenə can sapbasağ;
İndi revolverdi, dönüm başına,
Nagah olur gülləfəşan partapart.
Onda görürsən yıxılıb yanbayan
Bir neçə növrəstə cavan laybalay…

Dədə Qorquddan başqa bir örnək:

Qanturalı özünə nişanlı axtaranda deyir: «Elə bir qız istəyirəm ki, mən ayağa qalxmamış o qalxmış olsun, mən evdən çıxmamış o çıxmış olsun, mən ov ovlamamış o ovlamış olsun. Atası Qanlıqoca isə deyir: sən özünə arvad yox, qardaş axtarırsan».
Müasir olimpiya terminologiyasına çevirsək bu, təxminən belə səslənməli idi:

«Sən özünə arvad yox, legioner axtarırsan».

Azərbaycanı London Olimpiadasında təmsil edən idmançılar
Azərbaycanı London Olimpiadasında təmsil edən idmançılar
Dədə Qorqud dastanındakı Banu Çiçək sevgilisini «Oğuz olimpiya oyunları»nda məğlub etməyincə ərə getmək istəmir.

AzadlıqRadiosunun verilişlərində çıxış edən ekspertlərdən bəziləri bunu da bildirirlər ki, idmanı məmurların əlindən alıb, peşəkarlara vermək lazımdır.

Çünki məmurlar, xüsusən də idxal sahəsinə nəzarət etdiyi güman olunan məmurlar, legioner məsələsinə də adi idxal məsələsi kimi baxırlar.

Bir ölkədə banan və ya ananas bitmirsə, bu, faciə deyil, bunları həmişə xaricdən almaq olar.

Lakin bananı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan meyvəsi kimi sərgiləyə bilməzsən.

Həm də unutmaq olmaz ki, Azərbaycanda yaxşı Naxçıvan əriyi, Göyçay narı, Quba alması, Balakən xurması, Lənkəran xiyarı və Sabirabad qarpızı bitir.

Deyəsən, mövzudan uzaqlaşdım. Bizlər həmişə beləyik. Ən yüksək ideallardan danışanda da söhbəti yeməklə qurtarırıq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG