Keçid linkləri

Təcili xəbərlər

İ. Əliyev növbəti dəfə prezident ola biləcəkmi?


Arxiv foto: Prezident İlham Əliyevin andiçməsi, 2008-ci il
Arxiv foto: Prezident İlham Əliyevin andiçməsi, 2008-ci il
İndi növbəti prezident seçkisinə bir ildən bir qədər artıq vaxt qalsa da artıq onun müxtəlif detalları ilə bağlı müzakirələr gedir. Situasiya elə İ. Əliyevin ilk seçkisinə bənzəyir. O vaxt da prosesə maraq böyük idi, çünki ölkə hələ öz təcrübəsində hakimiyyətin atadan oğula ötürülməsini yaşamamışdı. İndi isə başqa bir maraqlı situasiya yaranıb. Bu dəfə Əliyevlər daha bir yeniliyi - bu dəfə ömürlük prezidentliyi sınaqdan keçirmək istəyirlər. Müxalifət düşərgəsi belə hesab edir ki, bu proses İ. Əliyev üçün 2003-cü ildə prezident seçilmək qədər asan olmayacaq, o, həm demokratik ölkələrin, təşkilatların qınağı ilə qarşılaşacaq, həm də ciddi hüquqi maneələrlə rastlaşacaq. Bu vaxta qədər real hüquqi maneələr haqda çox az danışılıb. İ. Əliyev də, onun partiyası da belə hesab edir ki, 2009-cu ildə Konstitusiyaya edilən düzəliş onlara daha bir qələbə çələngini yaşamağa kömək edəcək. Bəs real vəziyyət necədir?

KONSTİTUSİYA İ. ƏLİYEVƏ YARDIMÇI OLACAQMI?

1995-ci ildə qəbul edilən Konstitusiyaya iki dəfə düzəliş edilib. Bir dəfə bu 2002-ci ildə, ikinci dəfə isə 2009-cu ildə baş verib. İ. Əliyev isə ən birinci dəfə 2003-cü ildə, ikinci dəfə isə 2008-ci ildə prezident seçilib. Göründüyü kimi onun seçildiyi müddət köhnə konstitusiyanın vaxtına təsadüf edir. Bu isə o deməkdir ki, onun bir daha prezident seçilməsi hüquqi baxımdan elə də aydın deyil. Bütün hallarda Konstitusiya Məhkəməsi bu məsələyə yozum verməli, onu şərh etməlidir. Yada salaq ki, Türkiyədə də A. Gülün prezident müddəti ilə bağlı problem yaranmışdı. Türkiyənin Konstitusiya Məhkəməsi o məsələni araşdırdı və A. Gülün köhnə Ali Qanunla prezident seçildiyini bir daha təsdiq etdi. Belə bir deyim var ki, qanunun geriyə qüvvəsi yoxdur. Elə bu səbəbdən də 2009-cu ildə qəbul edilmiş düzəliş bundan bir il əvvəl bu posta seçilmiş İ. Əliyevə şamil edilə bilərmi? Etiraf etmək lazımdır ki, bu çox mübahisəli məsələdir. Qanun pozuntusu Azərbaycan üçün o qədər də qeyri-adi hadisə deyil. Amma belə böyük məsələnin qanun pozuntusu ilə həyata keçməsi bir qədər şübhəli görünür. Deməli, İ. Əliyev hansısa formada həmin o maneəni aşmalıdır. Amma hansı formada?

İ. ƏLİYEVİN «ÖZ MEDVEDEV»İ VARMI?

Bəri başdan demək lazımdır ki, ayrıca belə bir siyasi fiqur yoxdur. Amma o da var ki, İ. Əliyevin xanımının siyasi təbliğatı onun özününkündən heç də az aparılmır. Əgər soruşulsa ki, bu gün ölkədə ən çox təbliğ edilən kimdir, o halda yalnız iki nəfərin adını çəkmək olar. Bunlar isə İ. Əliyev və bir də onun xanımıdır. Ona görə də siyasi analitiklər belə bir ailədaxili siyasi rotasiyanı istisna etmirlər. Əgər bu variant nəzərə alınmasa, onda İ. Əliyev üçün vəzifə postunu gələcəkdə ötürə bilən ikinci şəxs yoxdur.

DAHA BİR MANEƏ – DEMOKRATİK ÖLKƏLƏR VƏ TƏŞKİLATLAR

İ. Əliyevin atasından sonra prezident seçilməsi beynəlxalq mediada və eləcə də müxtəlif çıxışlarda qınaq kimi dəfələrlə səslənib. Bu indiki hakimiyyətin sözün əsl mənasında «Axilles dabanı»na çevrilib. Onlar indi daha bir qınaq predmeti qazanmağa hazırdırlarmı? MDB məkanında ömürlük prezidentlik yalnız Mərkəzi Asiya dövlətlərində təsadüf olunan məsələdir. Hətta V. Putin də hakimiyyətin üstünə, necə deyərlər, birbaşa getmədi, onu özünə dolayı yolla, siyasi manevrlə qaytardı. Ona görə də beynəlxalq reaksiya azacıq da olsa mülayimləşdi. Hakim Yeni Azərbaycan Partiyası da bu ölkənin imicini az da olsa düşünürsə nəsə başqa bir yol tapmalıdır. Amma onun başqa bir yolu varmı? Məsələ də elə bundadır. Qədimdə belə bir misal vardı ki, bütün yollar Bağdada aparır. Bu ölkədə də bütün yollar tək bir ünvana – məhz ailə hakimiyyətinə aparır. Bu qapalı dairə bu gün yaranmayıb. Ona düz 19 il sərf edilib. Zaman-zaman iddialı və perspektivli şəxslər hakimiyyət sferasından sıxışdırılıb və indi də belə bir mənzərə yaranıb. Çox maraqlıdır ki, İ. Əliyevin müsahibələri və çıxışları ilə tanışlıq onun bundan heç də narahat olmaması təsəvvürünü yaradır. Bir neçə il bundan əvvəl müsahibəsində o, öz ailəsini Qandilərlə müqayisə etmişdi. Amma bir məsəl də var, deyirlər ki, heç də hər bir müqayisə uğurlu olmur...

Ən son yazılan

XS
SM
MD
LG