Keçid linkləri

Təcili xəbərlər

Murtuza və Liza



Bəlkə də, bu yazını heç yazmamaq olardı.
Bakı milyonçusu Murtuza Muxtarovla Liza xanımın sevgi tarixçəsini kim bilmir ki?
Amma, əziz oxucu, indi bu cütlüyü xatırlamağın tam zamanıdır, axı…

Bu gün Bakıda onların sarayı — Sevgi Sarayı, Səadət Sarayı təzədən açılır.
Axı, bu bina Bakıda əsl sevgiyə, əbədi eşqə ucaldılan ən böyük saraydır!
Mənim gözümdə bu saray Azərbaycanın Tac Mahalıdır.

“Tac Mahal” Şah Cahanla Mümtaz Mahalın sevgi simvolu olan kimi, bu saray da Mutuza Muxtarovla Liza Tuqanova-Muxtarovanın sevgi abidəsidir.
Hər dəfə yanından keçəndə ürəyim döyünür, qəlbim yerindən oynayır, gözlərim yaşarır.

Murtuza Muxtarov xanımı Liza ilə.
Murtuza Muxtarov xanımı Liza ilə.
Bu saray həm də tariximizin acı, amansız bir dönəmini yaşadan saraydır.
Bu xoşbəxt cütlük cəmi 8 il möhtəşəm sarayda yaşaya bilib.
Liza xanım cəmi 8 il bu sarayda gəlin olub.
Yox, tələsməyək, bir az əvvələ qayıdaq.
Murtuza ilə Liza təsadüfən tanış olumuşdu.
Bu görüş olmaya da bilərdi.
Bir dəfə milyonçu Murtuza Beslan stansiyasında general Tuqanovla rastlaşmışdı.
Təsadüfən onun evinə qonaq getmişdi.
Qızı Lizanı görüb vurulmuşdu. Nağıllardakı kimi, ilk baxışdan. Liza da Murtuzanı bəyənmişdi. Və evlənmişdilər.
Lap nağıllardakı kimi, 7 gün-7 gecə toy çaldırmışdı Murtuza Muxtarov.
O toyun cah-cəlalı, dəbdəbəsi 100 ildir ki, dillərdən düşmür.
Toydan sonra Avropaya səyahətə çıxmışdılar.
Ən əsası, xoşbəxt yaşamışdılar.

Milyonçu arvadı olmaq xoşbəxt olmaq anlamına gəlmir.
Amma Liza xanım xoşbəxt qadın olmuşdu.
Onu nə iləsə təəccübləndirmək asan iş deyildi.
Toy səyahətində Venesiyada bir saray görüb heyran qalmışdı.
Murtuza sevdiyinin bu heyranlığını əvəzsiz qoyardımı?
Ona heç nə demədən sarayı eynilə Bakıda ucaltmışdı.
Bircə ilə.

1911-ci ildə tikilməyə başlayan saray 1912-ci ildə başa çatmışdı.
Və Muxtarov Liza xanımı saraya baxmağa çağırmışdı.
İndiiki deyimlə, sürpiz!!!
Kaş 100 il əvvəl bu səhnəni əbədiləşdirmək üçün indiki imkanlar olaydı.
Liza Tuqanova-Muxtarova
Liza Tuqanova-Muxtarova
Məsələn, Turxan Qarışqanı Saraya baxmaq üçün gələn Liza xanımı videoya çəkməyə göndərəydik.
O kübar qadının çaşqınlığını, heyrətini lentə ala biləydik.
Nə yazıq ki, bu mümkünsüzdür…
O anı ancaq xəyalımızda canlandıra bilərik.
Və bundan sonrakı xoşbəxt 8 ili də həmçinin.
Harda qalmışdım? Hə, taleyin işinə bax. Bu xoşbəxt cütlüyün övlıadı olmur…
Amma Liza xanım Bakının xeyriyyə cəmiyyətlərində fəal iştirak edir.
Uşaq müalicəxanası açır. Sarayında pansion yaradır. Yetim və yoxsul qızlar burada təhsil alırlar.
Hələ xoşbəxtdir. Yanında adı dünyaya sığmayan sevdiyi var…
Ağıllı, savadlı, gözəl general qızı Sevgi Sarayına baxarkən cəmi 8 ildən sonra onu nələr gözlədiyini hardan biləydi?
…1920-ci ilin 28 Aprelindən sonrakı qara günlər.

Bakıda talan həftəsi…

Ac, bitli-sirkəli ordu tox Bakıya daraşıb.
Növbədə Muxtarovun sarayıdır.
Öz evinə silahlıların girdiyini görən Muxtarov onları çıxarmağa çalışır.
Mümkün olmadıqda, atəş açır.
Sonra tapançanın lüləsini alnına dirəyir…
Yaddaşlarda qalan bir variantdır bu.
Liza xanımın halını təsəvvür edirsinizmi?
Tikilməsindən 8 il sonra saray bolşeviklərin əlinə keçir.
Yalnız saraymı?!..
Ona « Qadın klubu », daha sonra «Səadət Sarayı» adı verirlər.
Paradoksa bax!
Sonu sahibinin faciəsiylə bitən saray « Səadət » adlanır…

Bəs, Liza xanımın axırı necə olur?
Təbii ki, Bakıda qalmaq artıq mümkün olmur.
Liza xanım mühacirət yolunu tutur.
Əlində olan var-yoxunu toplayıb bir türk diplomatla saxta nigah bağlayır.
Heyhat! İstanbula çatan Liza xanım yol yoldaşını yanında görə bilmir.
«Qoçaq» onun sərvətini də çırpışdırıb aradan çıxır.
Bu da «Səadət xanım»ın İstanbul macərası…
Onun bundan sonra İstanbulda necə yaşaması barədə məlumat yoxdur.

Bax, belə.
Daha bir sevgi tarixçəsinin izinə düşdük.
Amma bu sevgi tarixçəsi Amerika filmlərindəki kimi, xoşbəxt sonluqla bitmir.
Hind filmlərindəki kimi, göz yaşı ilə bitir.
Bu gün Murtuza Muxtarovla Liza xanım Muxtarovanın Sarayı 5 illik bərpadan sonra bakılıların üzünə açılır.
Bu sevgi məbədinin düz yüz yaşı var!
Hələ neçə yüzillər görəcək bu saray!
Sahiblərinin sevgi tarixçəsini hələ neçə əsr yaşadacaq?!
Lap Tac Mahal kimi…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG