Keçid linkləri

Təcili xəbərlər

NATO niyə Suriyaya müdaxilə etmədi?


Arxiv foto: Əfqanıstanın Burka rayonunda NATO-nun başçılığı ilə Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin əsgərləri zəlzələdən sonra zərərçəkənləri axtararkən, 12 iyun 2012
Arxiv foto: Əfqanıstanın Burka rayonunda NATO-nun başçılığı ilə Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin əsgərləri zəlzələdən sonra zərərçəkənləri axtararkən, 12 iyun 2012
Bir ildən artıq davam edən Suriya məsələsi yekunlaşa bilərdi. Buna olduqca az qalmışdı. Amma NATO-nun məsləhətləşmə ilə kifayətlənməsi, Türkiyəni bir neçə gün bürüyən müharibə ovqatının son günlər bir qədər səngiməsi belə təsəvvür yaratdı ki, B. Assadin rejiminə qarşı ən azı yaxın günlərdə hərbi müdaxilə olmayacaq. Əslində bu bir fürsət idi. Elə bir çox mənbələrin, ilk növbədə Rusiya qaynaqlarının xəbər və təhlillərindən belə nəticə çıxırdı ki, Türkiyə təyyarəsinin vurulması Suriyaya qarşı hərbi müdaxiləyə başlamaq üçün əvvəlcədən düşünülmüş bir qurğu idi. Təbii ki, o fikri mütləq həqiqət kimi qəbul etmək olmaz. Türkiyə iddia edir ki, Suriya onun təyyarəsini milli sektorda deyil, beynəlxalq hava fəzasında vurub. Suriya bunu inkar edir. Bu belə olsa belə, hətta Türkiyənin təyyarəsi Suriya sərhədinə keçsə də onun vurulması düzgün deyildi. Təhlilçilər belə bir fakta diqqət yetirirlər ki, təkcə son bir ildə İsrail və Yunanıstan təyyarələri Türkiyənin Aralıq dənizi üstündə mövcud olan sərhəddini 100 dəfədən çox pozub. Amma onların heç birinə bir güllə olsun belə atılmayıb, baxmayaraq ki, Türkiyənin hər iki dövlətlə gərgin münasibətləri var. Ona görə də Suriya tərəfinin «dəlil»ləri heç bir məntiq və təcrübəyə uyğun deyil. Təbii, bu o demək deyil ki, son illərdə dünyanın heç yerində oxşar hadisə baş verməyib. Olub. Hətta Ukraynanın hərbi qüvvələri Qara dəniz üzərində Rusiyanın təyyarəsini vurmuşdular. Amma Türkiyənin belə bir hərəkət etməsi haqda heç nə eşidilməyib. Dünya praktikasında bu cür hərəkətlər zamanı dövlətin üzr istəməsi və təzminat ödəməsi kifayət və yetərli sayılır. Amma Suriya xüsusi haldır. Bir ildən artıqdır ki, bu dövlətin daxilində baş verən proseslər dünyanın diqqətindədir, hər gün insanlara qarşı zorakılıq baş verir, minlərlə insan həlak olub. Amma NATO-nun belə bir fürsəti əldən verməsini başa düşmək bir qədər çətindir. Niyə belə oldu?

HƏRƏKƏTSİZLİK ÜÇÜN ƏSAS VARDIMI?

Ən birinci əsas odur ki, Türkiyə NATO-ya sadəcə məsləhətləşmə keçirmək üçün müraciət etmişdi, ona görə də məsələ məşhur «5-ci maddə»yə yetişə bilmədi. Amma başqa arqumentlər də var.

«5-ci maddə» NATO-nun işə qarışmasına əsas versə də bütün hallarda bu, BMT-nin çətiri altında baş verməli idi. Amma BMT-nin çətirini əldə etmək o qədər də asan deyil, çünki Rusiya və Çin buna imkan vermir.
Başqa arqument budur ki, NATO-nun qruplaşması və ABŞ-ın məşhur 6-cı donanması münaqişə ocağının yaxınlığında olsa da onlar hələ Suriya ilə müharibəyə hazır deyillər.

Rusiyalı ekspertlər digər detala diqqət yetirirlər. Əslində «5-ci maddə» heç də NATO-ya Suriya ərazisində müharibə aparmağa imkan vermir, çünki o ərazi, yəni Suriyanın yerləşdiyi bölgə nə Avropaya aiddir, nə də Atlantikaya.
Liviya məsələsində NATO çox operativ hərəkət etdi. Amma indi hiss olunur ki, həm Şimali Atlantika Bloku, həm də ABŞ diqqəti daha çox Əfqanıstan və bir də İran üstündə cəmləşdirir. Suriya bölgədə İranın ən yaxın müttəfiqitək qəbul olunsa da, bu ölkədə bir ildən artıq vətəndaş müharibəsi getsə də, bu fikir üstünlük təşkil edir ki, Qərb dünyası B. Assad rejimini sanksiyalarla yola gətirmək və ya çökdürmək istəyir.

Belə bir mülahizə də var ki, indi neftin qiyməti ucuzlaşmaqda davam edir və bunun sistemli şəkildə aparıldığı güman edilir. Müharibə neftin qiymətinin artması deməkdir. Bu isə görünür hələ sərfəli deyil.

Ə. DAVUDOĞLUNUN «SIFIR PROBLEM» SİYASƏTİ VƏ SURİYA

Suriya Ə. Davudoğlunun «qonşularla sıfır problem» konsepsiyasında daha bir çatdır. Görünür, müxtəlif siyasi quruluşlu dövlətlərin dinc, müharibəsiz yanaşı yaşama nəzəriyyəsi təcrübədə özünü doğrultmur. Hələ məlum deyil ki, bu nəzəriyyənin banisi V. Ulyanov özü buna inanırdı, ya yox? Belə hallar Türkiyənin bölgədə nüfuzunu sarsıda bilər-məsələnin bu tərəfi də var. Bir oxşar insident artıq olub. İsrail Türkiyənin gəmisinə hərbi müdaxilə edərkən o, Tel-Əvivi üzr istədə bilmədi. Ortalıqda İsraillə münasibətlər pisləşdi. Hələ bir suala bu günə qədər cavab verilməyib: Qəzza bölgəsinə humanitar aksiya keçirmək Türkiyənin maraqlarına cavab verirdimi? Suriya məsələsi bir qədər fərqlidir və Türkiyə B. Assad-ə olan münasibətini gizlətmir və bu münasibət dünyanın əksər dövlətləri tərəfindən dəstəklənir. Amma o da var ki, B. Assadi qəhrəmana çevirmək olmaz. Bu gün isə o suriyalıların və hətta bəzi başqa ölkələrin gözündə qəhrəman kimi görünür. Bir işi axıradək aparmağa gücün və iradən yoxdursa, onu başlamamaq daha düzgündür...

Ən son yazılan

XS
SM
MD
LG