BİR ÖMÜRDƏ NEÇƏ HƏYAT YAŞAYIRIQ?
Hərdənbir siyasətin sehrindən ayrılıb həyatın əbədi suallarına baş vurmaq o qədər də səmərəsiz məşğuliyyət deyil.
Mən rus ədəbiyyatını məhz o səbəbə görə qiymətləndirirəm ki, daim belə suallara cavab tapmağa çalışıb. İndi bir yazıçının adını çəkəcəm. Gənc nəsil onun adını bilmir və bəlkə də heç vaxt bilməyəcək, çünki o dövr keçib, Volterin dövrü 18-ci əsr olduğu kimi həmin yazıçının da dövrü 19-20-ci əsrlər idi.
Özüm də bilmədim, nədən Volterin adını çəkdim. Bəlkə də ona görə ki, heç vaxt Volterin 18-ci əsrdə qalmasını istəməmişəm.
Elə bu yazıçının da ötən əsrlərdə ilişib qalmasını arzulamıram və çox istəyirəm ki, biz hərdənbir keçmişə də baş vuraq. Çox adam indi bir vaxt bizə əziz olan ədəbiyyatı qəbul etmir. Onlar sosial ədəbiyyatı sevmirlər.
Amma rus ədəbiyyatı sosial tiplər yaradıb: Onegin, Peçorin, Bazarov və s. O tiplərdən biri də Oblomov idi. Bəli, yazıçı İ. Qonçarovun qəhrəmanı Oblomov bir vaxt nəinki sosial tip idi, həm də sosial hadisə idi.
Dünyanı divanından seyr edən bu adam əsl Asiya tipi idi. «Hər şeyi bilir, hər şeyi başa düşürəm, amma gücüm və iradəm çatmır!». Bu tezis sizə tanış gəlmirmi? Bu gün biz müasir oblomovçuluğu yaşamırıqmı? Bəzən deyirlər ki, guya indi insanların çoxu məlumatsızdır. Lakin belə deyil. Adamlarla söhbətdə görürsən ki, yox, onlar hər şeyi bilir, bəzən hətta bizdən də çox bilirlər. Amma etiraz etmək və öz münasibətini bildirmək üçün iradələri və gücləri çatmır. Ruslarda bir çox sözlər, ifadələr var ki, onlar ictimai proseslərin məzmununu daha yaxşı açır.
Onları öz dilimizə tərcümə etməyə cəhd edirsən, amma olduğu kimi alınmır.
Belə ifadələrdən biri də «şəxsiyyətin bölünməsi»dir. Bu, nə deməkdir? Hər bir adam öz həyatında bir neçə ömür yaşayır, bir neçə obrazda təzahür edir.
Bir çox hallarda bu obrazlar o qədər ziddiyyətli və təzadlı olur ki, adam qəti surətdə bunların bir adamda cəmləşməsinə inana bilmir. Və o vaxt bir daha əmin olursan ki, ən böyük teatr elə həyatın özüdür və ən böyük aktyorlar da elə adi insanlardır.
PRAKTİKİ VƏ İDEAL HƏYAT
İ. Qonçarovun bununla bağlı maraqlı fikirləri var. Onu burada sizə təqdim və təslim etmək istəyirəm.«Dünyada yaşmaq yaxşıdır, ya pis? Həm hə, həm də yox! Həyat iki müxtəlif yarıdan ibarətdir: biri praktik, digəri isə ideal. Birinci həyatda biz əməyin və qayğıların quluyuq.
Bu həyat hər birimizin çox zəruri ehtiyaclarımızla zəhərlənib. Hər bir adam arı kimi hər gün ümumi xeyir üçün bu dünyanın arı pətəyinə öz bal damlasını gətirməlidir. Bəli, bu həyatda ağıl hakimi – mütləqdir: insan bu despota çox qurbanlar verir, o, bu despota öz ürəyinə yad olan əməyin və səylərin yaratdığı peşmançılığın müqabilində çoxlu fərəh və bəzən də öz həyatının ən yaxşı anlarını qurban verir.
Adam o həyatda necə də yaşamaq istəmir, o həyatda yaşamaq nə qədər darıxdırıcı və cansıxıcıdır – başqaları üçün yaşamaq! Bu həyat yorucu yuxu kimidir! O gecə zülmətinin yaratdığı ağırlıq kimidir, ondan elə qızdırmadan ayrılan kimi ayrılmaq istəyirsən. O biri həyat isə belə deyil. Orada qarışqa qayğıları yox dərəcəsindədir, siçovul vurnuxmaları yoxdur. Bu yarı estetikdir. Bu həyatda mövcudluqda hansısa yüngüllük, azadlıq hakim olur, insan başını borc, ya əmək və öhdəlik haqda fikirlərin ağırlığından əymir».
Bəli, bu Oblomovun və oblomovçuluğun, həyatı öz divanında keçirənlərin, dünyanı yataqdan seyr edənlərin manifestidir. «Mən özüm üçün, öz həyatımı yaşamaq istəyirəm və heç kimə borcum yoxdur!» İndi nə qədər adam bu «fəlsəfə» ilə yaşayır. İndi oblomovçuluğun sosial davranış tərzi və sosial tip olduğuna inandınızmı? Nə qədər insan cəmiyyətdəki həyatı «qarışqa qayğısı», «siçovul vurnuxması hesab edir, öz həyatını yaşamaq istəyir?
KALVİNİZM VƏ ASİYA
Oblomov əsl Asiya tipidir. Onun dünya ilə bağlılığı yalnız dünya haqda çox nizamsız və yeknəsəq düşüncələrdir. O, dünyanı dərk etməyi də özünə bir məqsəd kimi seçmir. O, sadəcə zəhlətökən «filosof»dur. Belə «filosoflar»ın məşğuliyyəti sadəcə cəfəng fikirlər söyləməkdir.
Onların cəmiyyət və hətta dünyaya münasibəti fəal münasibət deyil. Oblomovun qərbli dostu olur. Bu adamda kalvinizmin ruhundan gələn əməyə məhəbbət və sevgi var. Onların əməyə baxışı dini borc səviyyəsindədir – insan işləməlidir, özünü və dünyanı dərk etməlidir.
Təxminən 200 il bundan əvvəl İ. Qonçarov Avropa ilə Asiyanı üz-üzə qoyub. Onlar hələ də üz-üzədir, qarşı-qarşıyadır. Düzdür, belə bir qənaəti çoxu bölüşmür, çünki Yaponiya, Koreya və hətta Çin kimi Avropanı, kapitalizmi mənimsəyən ölkələr də var. Amma bunun üçün onlar çox uzun bir yol keçməli oldular.
Yolun uzunluğu adamı qorxutmur, qorxulusu budur ki, o biri yoldan – Oblomovun divanından hələ də qopmaq istəməyənlər var.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.