Keçid linkləri

Təcili xəbərlər

Erməni-azəri konflikti üzrə barış çağırışları: aldanmaq və aldatmağa qarşı


Niyazi Mehdi
Niyazi Mehdi
-
TƏKƏLİ GÖRÜŞÜ

İyunun 16-da gürcülərin «Tekali» dediyi Təkəli kəndində (Təkəli türk tayfasının adındandır) indiki atəşkəsin pozulduğu gərginliklə bağlı bir dinləmə keçirildi, bəndəniz orada dinləyicilərdən biri idi.

Yorulmaz barışçı Georqi Vanyanın arzusu bizim türklərin yaşadığı bu kəndi iqtisadi «azad zona» modelində elə bir azad məkana çevirməkdir ki, orada barış danışıqlarını düzənləmək də, proqramlarını yerinə yetirmək də asan olsun. Kənd Ermənistan və Azərbaycan arasına düşmüş Gürcüstan məntəqəsi olduğu üçün Georqi hesab edir ki, orada hər üç ulusun barış fəalları görüşə bilərlər.

YAZIMIN MƏQSƏDİ

Mənim bu yazım həmin dinləmədən aldığım təəssüratlardan doğub. İrəlicədən deyim ki, həm Georginin bu ideyası, həm də keçirdiyi dinləmə xoşuma gəlir, ona görə də sözlərimdə nəsə tənqid olacaqsa, bir amacı var: biz düşüncələrimizi genişləndirməyi və dərinləşdirməyi bacarmalıyıq.

DİNLƏMƏDƏ BİRİNCİ STEREOTİP

Orada Azərbaycan və Ermənistan tərəfdən toplum olaraq 6 ekspert çıxış edərək belə bir soruya cavab axtarırdılar: «Atəşkəsin pozulması: ictimaiyyətin işə qarışması realdırmı?»

Məni son vaxtlar bu tipli müzakirələrdə narahat edən bəzi stereotiplərdir. Onlar məsələnin ziyanına işləyən sadələşdirmələrdir. Məsələn, bizim demokratik mətbuatda geniş yayılmış bir ideya var: Azərbaycan və Ermənistanda demokratik rejimlər qurulsa, konflikt də çözüləcək. Yanılmıramsa, ilk olaraq bu tezisi irəli sürənlərdən biri mən olmuşam.
Tekalidə müzakirə zamanı çəkilmiş şəkil
Tekalidə müzakirə zamanı çəkilmiş şəkil
Eyni düşüncənin Zərdüşt Əlizadədə də olması yadımdadır. Sanki biz «qara camaata» demokratiyanın xeyrinin hətta Qarabağ məsələsində də olduğunu sübut etmək üçün o tezisə əl atmışdıq.

Hərçənd, bu ideyada Demokratiyanı qəribçiliyə salanlara qarşı Demokratiyanın önəmini ən gözlənməz istiqamətlərdə göstərmək çılğınlığı o qədər çoxdur ki, tezisin zəif tərəfini görünməz edirdi. Onun üçün də Təkəli dinləməsində soruşmalı oldum: Argentina da, Böyük Britaniya da demokratik ölkələrdir. Ancaq Folklend adaları üstündə onlar arasındakı konflikt çözülənə oxşamır. Bu faktın işığında «tərəflər demokratik olsalar, milli və ərazi konfliktləri də çözülər» tezisinə düzəliş etməyə ehtiyac varmı?

Soruma, düzü, cavab alammadım. Bir cavabı özüm verərdim: konfliktdə olan iki ölkə demokratik olsa, bu, əks variantdan daha yaxşıdır, çünki azad mətbuatda dezinformasiyaların sayı azalar, tərəflərin çoxlu müstəvidə ünsiyyətləri artar. Ancaq bu, heç də konfliktin həlli deyil. Sadəcə, həll üçün mexanizm tapılmasını asanlaşdırar və mexanizm tapılandan sonra geniş ünsiyyət imkanları da məsələnin çözümünə cəlb oluna bilər.

Daha sonra bir erməni yazıçısı mənim sualımın başqa variantını söylədi: Hitler də demokratik seçkilər sonucunda hakimiyyətə gəlmişdi, ancaq əvəzində dünyanı savaş bürüdü.

Qarabağdan qaçqınlar
Qarabağdan qaçqınlar
Bütün bu düşüncələri onun üçün gətirmirəm ki, Demokratiyanın önəminə və Demokratiya sevgisinə xəlvət bir ləkə atım. Ancaq ən çox sevdiyimiz nəsnələrlə bağlı da sevgi və heyranlığımız bizi primitivliyə yuvarlatmamalıdır. Ona görə də Fransa, Hollandiya və Avstriyada radikal millətçilərin populyarlığının artmasını və bunun seçkilərdə öz sonuclarını verməsini də gözə alaraq Demokratiyanı düşünmək gərəkdir.

DİNLƏMƏDƏ İKİNCİ STEREOTİP

Təkəli dinləməsində o biri stereotipə də gözlərim açıldı. Dinləmədə atəşkəsin pozulması sonucunda gənc əsgərlərin və sərhəd bölgələrində dinc adamların qırılmasından həm (özü də daha çox) ermənilər, həm də azərbaycanlılar ürəkdən yana-yana danışırdılar. Ancaq məni narahat edən odur ki, bu məsələdə sadəlövh humanizm, pasifist ritorika Azərbaycan-Ermənistan konflikti ilə bağlı bütün vətəndaş görüşlərinin əsas intonasiyasına, nidasına çevrilib. Hər çıxış edən hər iki tərəfdən də insanların, əsgərlərin qırılmasından yana-yana danışanda, sanki «qırğını dayandırın», «atəşkəsi pozmayın» çağırışına ən güclü arqumentlər söyləyir. Halbuki bu vəziyyətdə bu sözlər pasifist ritorika etgisini bağışlayır.

Onu da deyim ki, bu çağırışı edən Azərbaycan barışsevərinin və erməni barışsevərinin hərəsinin öz problemi var. İki ölkə bərabər vəziyyətdədirsə, heç-heçə çağırışına bənzər «bir-birinizi qırmayın» çağırışı çox ağıllı və insani görünür. Ancaq əgər ölkələr arasında simmetriklik, heç-heçə vəziyyət yoxdursa, onda «gəlin bir-birimizi qırmayaq» deyən azərbaycanlının ürəyini bir fikir qurd kimi yeməlidir: deməli, uduzulmuş torpaqlarımızla barışıb heç nə etməyək?

Qarabağda erməni əsgəri
Qarabağda erməni əsgəri
​«Gəlin bir-birimizi qırmayaq» deyən erməni humanisti isə əsl mənəvi adam olsa, bu soruya da içində cavab verməlidir: biz oxşamırıqmı o qumarbaza ki, bankı vurub götürəndən sonra deyir, daha bəsdir, oynamayaq, gəl elə-belə söhbət edək, çay içək.

BƏS NƏ ETMƏLİ?

Mən bu yazımda heç bir tərəfi pisləmək istəmirəm. Necə olmasını tapmaq mənə də çətindir. Ancaq bildiyim odur ki, atəşkəsə çağıran, insan qırğınından kədər çəkən erməni barışcısı konfliktin gələcəyi ilə bağlı elə əlavələri də söyləməlidir ki, böyük pulu götürəndən sonra oyundan çıxan cığala oxşamasın. Eləcə də sual qalır: azəri barışcısı insan ölümündən humanist əzabını bildirəndə necə danışmalıdır ki, Azərbaycan torpaqlarının ermənilərdə qalması ilə barışmış kimi görünməsin?

Məncə, barış konfranslarında hər iki tərəfdən barış çağırışları, insan qırğınının dayandırılması haqqında duyğusal çıxışlar bir tezisə sıx bağladılmalıdır: biz bu çağırışları status-kvonu saxlamaq üçün etmirik. Edirik ki, ədalətli sülh anlaşmaları üçün müvəqqəti və gərəkən şərait yaransın.

Bu xətt olmasa və bütün görüş boyu saxlanması belə çıxacaq ki, azərbaycanlı Qarabağın əldən getməsi ilə barışıb, indi gənc əsgərlərin ölümünü dərd edib, erməni isə bankı götürüb oyundan çıxan cığalın lotuluğunu edir.

Beləliklə, mən bu yazıda, sadəcə, göstərmək istədim ki, Qarabağla ilgili vətəndaş sektorunda səslənən barış çağırışlarının hansı «humanist», «pasifist» ilğımlar var və onları necə dağıtmalıyıq .

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG