Keçid linkləri

Təcili xəbərlər

Hansı hakimiyyəti avropalı hesab edirlər?


Arxiv foto: serb dərzi AB-nin bayrağını tikir
Arxiv foto: serb dərzi AB-nin bayrağını tikir
Bu ölkənin siyasətindən baş çıxarmaq o qədər də asan deyil. Bir tərəfdən İranla deyişirlər, o biri tərəfdən də elə lap İran kimi səhərdən axşama qədər Avropanın ünvanına o ki var, danışırlar!

Ölkələr var ki, yalnız hakimiyyətləri, elə ölkələr də var təkcə xalqları özünü avropalı hesab edir. Amma elələri də var ki, nə xalqı, nə də hakimiyyəti hələ özünüidentifikasiya edə bilməyib, hələ də öz yerini tapmayıb.

Azərbaycan sonunculara aiddir. Burada belə fikirlər var ki, mahnı və yaxud da rəqs festivalı keçirməklə, avropalılara çəmənlikdə uzanıb yaxşıca və rahat pivə içməyə şərait yaratmaqla, avropalı kimi geyinməklə avropalı hesab ediləcəklər.

Amma bu sevdada bulunarkən hansısa bir Avropa institutu qətnamə çıxarır. Avropalı olduqlarını bircə an içində unudub başlayırlar Avropanın və onu sevənlərin qarasına deyinməyə, çünki belələrinə bir şey çox qəribə gəlir: bəs nədən bu qədər qonaqpərvərlik, hətta əliaçıqlıq nümayiş etdirildiyi halda bunları yenə də avropalı saymırlar?

Mən bu haqda düz 20 ildir ki, sistematik və sərasər yazıram. Hakimiyyəti nədən avropalı saymırlar? Bu sualın cavabı düşünülən qədər asan olmasa da çətin də deyil, çünki hər şey göz önündə dayanıb. Amma mən yenə də bir neçə ciddi amil sadalayacam.

Beləliklə, hakimiyyəti niyə avropalı hesab etmirlər? Səbəb budur ki, bir neçə məsələnin anlamı və dərki Avropada və buralarda fərqlidir. Onlar hansı məsələlərdir?

GÜCLÜ HAKİMİYYƏT

İndi Avropada güclü hakimiyyət deyəndə qanunu hər kəsə və ölkənin bütün ərazisinə şamil edə bilən hakimiyyət nəzərdə tutulur. Buralarda isə güclü və möhkəm hakimiyyət hamını yumruq altında saxlayan, hər şeyi qamarlayan hakimiyyət kimi başa düşülür.

QANUNA MÜNASİBƏT

Avropada qanunçuluq mədəniyyətin bir hissəsidir. Bir ölkədə ciddi qanun pozuntusu baş verirsə həmin ölkədə yüksək çinli şəxs dərhal istefa verir, buna məsul olan şəxslərsə məsuliyyətə cəlb edilirlər. Bu hakimiyyət, yəni rəsmi Bakı isə demək olar ki, məsuliyyətdən azaddır. Bu onun əsas siyasi cəhətidir. Özünüz diqqət yetirin. Heç kim heç kimin qarşısında məsul deyil. Hökumət parlamentin, parlament isə millətin qarşısında cavabdeh deyil.

KOMPROMİSƏ MÜNASİBƏT

Avropada kompromis əldə etmək çox yüksək siyasi məharət hesab edilir. Kompromisin əldə olunması üçün tərəflər belə bir prinsipi qəbul edirlər ki, onların hamısı güzəşt etməlidir. Bəs buralarda nələr baş verir? Hakimiyyət güzəşti və kompromisi zəiflik, acizlik kimi dərk edir. Mahnı festivalı zamanı buranı Azadlıq Adası kimi təqdim etmək istəyirdilər. Zira siyasi məhbuslara bu azadlığı çox gördülər, onları azad etmədilər.

KADRLARIN SEÇİLMƏSİ PRİNSİPİ

Avropada peşəkarları, burada isə hakimiyyətə yarınanları, ən yaxşı halda isə ona qarşı çox loyal insanları irəli çəkirlər.

DÖVLƏT İDARƏLƏRİNDƏ TABELİKDƏ OLAN ŞƏXSLƏRƏ MÜNASİBƏT

Avropada ağıllı və prinsipial əməkdaşları irəli çəkir, bizdə isə, əksinə onları sıxışdırırlar. Ona görə də «sosial lift» işləmir. Normal və savadlı adam üçün, demək olar ki, perspektiv yoxdur. Bir neçə ildir ki, idarəçiliyə cəlb edərkən test üsulundan istifadə edirlər. Amma bu, nə korrupsiyanın azalmasına, nə də idarəçiliyin effektinin artmasına səbəb olub.

ƏHALİYƏ MÜNASİBƏT

Avropada cəmiyyətin təşəbbüskarlığını stimullaşdırır, buralarda isə bundan qorxurlar, əhaliyə etibar etmirlər.

Beləliklə, mən oxuduğum bir neçə maraqlı prinsip əsasında bu hakimiyyət haqqında bir təsəvvür yaratmağa çalışdım. Bunlar sanki bir testdir və belə testlərin sayəsində idarəçiliyin əsl mahiyyətini, effektivliyini və yönümünü müəyyən etmək mümkündür. Qərbdə, ümumiyyətlə testi sevirlər və daim hamını testdən keçirməyə cəhd edirlər. Onlar hakimiyyətə də bu aspektdən yanaşırlar. Məhz elə buna görə də rəsmi Bakı tez-tez, hətta özü də bilmədən imtahandan kəsilir, avropalı sayılmaq imtahanından keçə bilmir.

KİÇİK SÖZARDI

Mən cəmiyyəti də testdən keçirməyə cəhd edə bilərdim. Tutaq ki, insanlarda qanunçuluq şüuru varmı? Mən bunu etmədim, çünki mənə elə gəlir, qanun pozuntusu psixoloji olmaqla bahəm, həm də bir sosial fenomendir.

Əgər bu insanlara qanunlardan yan keçmək onlara əməl etməkdən sərfəlidirsə onlar onu pozacaq və bu prosesin qarşısını almaq mümkün olmayacaq. Ona görə də bir sual haqda düşünülməlidir: Bu ölkənin qanunları niyə belədir?

Ən son yazılan

XS
SM
MD
LG