Keçid linkləri

Təcili xəbərlər

«Eurovision» hamının bayramı ola biləсəkmi?


Rəşid Şərifin karikaturası
Rəşid Şərifin karikaturası
Mahnı festivalına sayılacaq qədər gün qalıb. Amma bayram hamının və hər kəsin bayramına çevrilə bilmədi.

Tələblərinin eşidilmədiyini görən müxalifət «20-ci sahə» meydanında icazəli mitinq keçirməkdən imtina etdi, məhbəs həyatını yaşayan siyasi məhbuslar bayram günlərində ölüm aclığı aksiyası keçirəcəklərini bəyan etdilər.

Bir sözlə, ölkədə çox üzücü bir mənəvi durum yaşanır. Bu durumu yüngülləşdirmək olardı, lakin hakimiyyət bunu etmədi və vəziyyəti bu halda saxladı.

Ümumi halda götürdükdə isə, müxalifətin bir ruh yüksəkliyi yaşadığını da müşahidə edirik. Bu, bir qədər ziddiyyətli görünür.

Sadəcə, məsələ bundadır ki, hakimiyyətə qarşı son vaxtlarda çox böyük və davamlı təzyiqlər var. İş o yerə çatıb ki, Prezident Administrasiyasını təmsil edən şəxslərdən biri Qarabağ problemini bəhanə edərək hökumətinin siyasi kursu dəyişə biləcəyinə və qeyri-Qərb siyasəti yürüdəcəyinə işarə edir. Zira bu indi təkcə qeyri – səmimi deyil, həm də qeyri-peşəkar bir açıqlama təsiri bağışlayır. Kursu dəyişərək hara üz tutacaqlar? Bu haqda heç ciddi şəkildə düşünüblərmi? Bəlkə faktiki olaraq Qarabağı Azərbaycandan ayıran Rusiya və yaxud daim ölkəni təhdid edən İran səmtinə yönələcəklər?

Hakimiyyətin gəldiyi siyasi nəticələr adamda gülməli bir ovqat yaradır. Bunlara elə gəlir ki, Almaniyada müxtəlif dərgilərdə dərc edilən materiallar ölkənin hökumətinin diqtəsi ilə edilir, bunlar belə düşünür ki, ABŞ mətbuatı Ağ Evin tapşırığı ilə Azərbaycan haqqında yazır! Bunlar niyə belə düşünürlər? Bunun çox sadə səbəbi var. Bu hakimiyyət başqa ölkələrdə baş verən proseslərə öz siyasi-ictimai modeli prizmasından baxır. Özləri hakimiyyətə yaxın qəzetlərdə bir qayda olaraq sifarişli yazılar yazdırırlar, telekanalları daim sifarişli verilişlər verməyə məcbur edirlər. Ona görə də düşünürlər ki, Almaniyada, ABŞ-da da belədir. Amma bu ciddi təhrif və yanlışlıqdır, oralarda belə deyil. Sadəcə, dünyada ciddi demokratik proses hiss olunur və cəmiyyətlər dövlətlərindən əxlaqlı, prinsipial siyasət tələb edirlər. Qərb ölkələrindəsə hakimiyyətlər çox nadir hallarda ictimai rəyə qarşı gedirlər. Dünya siyasətində insan və onun rifahı, problemləri ciddi vektora çevrilir. Məsələn, çox vaxt başa düşmürük, nədən Qərb ölkələri «erməni məsələsi»ndə bu qədər səy göstərirlər? Bunun səbəbi yalnız hansısa məkrli geosiyasi planlardırmı? Yox, belə deyil. Səbəb budur ki, Ermənistan Qərb dünyasının, cəmiyyətinin və oradakı insanların zəif damarını tutub. Orada insanlar humanizm və insanpərvərlik məsələsinə çox həssasdırlar. Əgər Xocalı soyqırımı ilə bağlı ardıcıl işlər aparılsa, dünya ölkələri bu məsələ ilə bağlı ciddi məlumatlandırılsa, onlar elə Azərbaycanın da məsələsinə diqqəti artıracaqlar və bir gün görəcəyik ki, həmin ölkələrin parlamentləri Xocalı hadisəsini də soyqırımı kimi tanımağa başlayıblar. Bunu bu gün çətinləşdirən odur ki, azərbaycanlılar ermənilər qədər Qərb insanları ilə işləmirlər, bir çox məsələlərə barmaqarası baxırlar...

HASARLARLA ÖLKƏNİ GİZLƏTMƏK MÜMKÜN OLACAQMI?

Hasarlarla bəlkə də mahnı festivalı iştirakçılarından Bakının yöndəmsiz və görkəmsiz hissələrini gizlətmək mümkün olacaq. Amma ölkəni gizlətmək və onu dünyaya başqa cür təqdim etmək mümkün olmayacaq. Ölkəyə təxmini 2000 mətbuat adamı gələcək. Bakı hələ bu vaxta qədər bu sayda mətbuat adamı qəbul etməyib. Polislər onlarla lazımi qaydada davrana biləcəkmi? O insanlar bütün ölkəyə «orta statistik» vətəndaşın prizmasından baxmağa və bütün problemləri insan prizmasından işıqlandırmağa adət ediblər - Qərbin müasir mətbuat doktrinası belədir. İndidən demək olar ki, bu 2000 mətbuat işçisi aksiya keçirmək üçün normal yer tələb edən partiyalardan, qurultayı yersizlik və təzyiqlər ucbatından təxirə salan siyasi təşkilatlardan, indiyədək mənzil – qərargahı olmayan partiyalardan, xarici pasport verilməyən siyasət adamlarından, aclıq aksiyası keçirən siyasi məhbuslardan xəbər tutacaqlar və bunun qarşısını almaq mümkün olmayacaq. Onda bəs bu hakimiyyət nə edəcək? Bütün dünya ilə əlaqələrini kəsəcəkmi?

TƏK BİR SÖZLƏ...

Deyilənə görə taksi şoferləri tələsik bir neçə ingilis sözü əzbərləyirlər. Hətta polislərə də belə bilgi vermək istəyi var. Lakin mənə elə gəlir ki, bu polislərə bircə söz öyrətsələr kifayətdir. Bu da «No!» sözüdür. Bu söz ölkəni və onun qayda-qanununu ifadə etmək üçün kifayət qədər yetərlidir...

Ən son yazılan

XS
SM
MD
LG