Keçid linkləri

Təcili xəbərlər

Efirdə mövhumat! O, kimə lazımdır?


Foto: Arxiv
Foto: Arxiv
Bunu dinə qayıdışın özəllikləri ilə də izah etmək mümkün olardı, amma bir detal olmasaydı – din adamları və dinin özü də bu cür təzahürlərin əleyhinə çıxış edir. Düzdür, dini qayıdış prosesləri bəzən elə formada təzahür edir ki, onlar dinin gen-bol səlahiyyətlərə malik olduğu cəmiyyətləri belə heyrətə gətirir. Hər halda, bu iki proses – dinə qayıdışla mövhumatçılıq arasında, bir qədər ziddiyyətli olsa da, əlaqə tapmaq mümkündür. Kütləvi mədəniyyət adlı fenomeninin də buna təsirini inkar etmək çətindir, çünki məhz onun təsiridir ki, efir baxıcıların və ən yaxşı halda isə meyxanaçıların meydanına çevrilib.

Çox qəribədir ki, Azərbaycanda efir üzərində güclü nəzarət var. Amma indi Azərbaycan efirində olan çılpaqlıq, mövhumat və hətta əxlaqa zidd əməllər bəlkə də dünyanın heç bir yerində yoxdur. Başqa ölkələrdə zorakılıq halları, porno-təsvirlər və o cümlədən də fırıldaqçılıqla çulğalaşmış mövhumatçılıq yasaq edilir. Lakin Azərbaycanda belə hallar efirə nəzarət etməli olan orqan və təşkilatların diqqətindən kənarda qalır. Bunun da əsas səbəbi odur ki, bu təşkilatlar daha çox efirin siyasi cəhətdən «təmiz» olmasına diqqət yetirirlər və öz monitorinqlərində də bu detallara fikir verirlər. Məsələn, pornoqrafiya yasaq hesab edilir. Lakin bu hansısa müxalifətçinin və yaxud da ki mətbuat adamının çılpaq təsvirlərini efirdə nümayiş etdirməyin qarşısını almır, onlar belə hallara nümayişkaranə şəkildə göz yumurlar.

Mövhumatçılıqla məsələ daha qəlizdir. Hətta buna aludə olmayan kanallar belə bunun sehrindən çıxa bilmirlər. Onlar gözəl üsul tapıblar. Bir ilahiyyatçı, bir həkim və bir də baxıcı dəvət edirlər. Bununla mövhumatçılığın, hətta qara magiyanın yayılmasına təkan verirlər.

21-Cİ ƏSRDƏ AZƏRBAYCAN EFİRİNDƏN NƏLƏRİ ÖYRƏNMƏK OLAR?

Teleqüllə
Teleqüllə
Siz «qurd yağı»nın nə demək olduğunu, onun nəyə qadir olduğunu və hətta onun necə hazırlandığını öyrənə bilərsiniz.

Ruhları çağırmağı məşq edə, özünüz sınaqdan keçirə bilərsiniz və bununla ruhlarla daim təmasda ola bilərsiniz.

İblislə, şeytanla ünsiyyət qurmaq üsullarını, iblisə «ərizə» yazmaq qaydasını və ən başlıcası iblisi öz yanınıza çağırmağı öyrənə bilərsiniz.
Siz başqa dinlərdə də təsadüf edilən məşhur «cin çıxartma», «cin qovmaq» əməliyyatlarının detallarına, təfərrüatlarına tamaşa edə bilərsiniz.
Ən müxtəlif «ekstrasenslər»in, «baxıcı»ların qeyri – adi əməllərindən xəbər tuta bilərsiniz. Onların nəyə qadir olduğuna öz gözünüzlə «əmin ola» bilər və hətta onlarla əlaqə qura bilərsiniz.

Bəlkə də bu, tam siyahı deyil. Mən yadımda qalanları yazdım. Amma bunun özü də Azərbaycan efirinin mənzərəsini təsəvvür etmək üçün kifayətdir. Bir məsələ adamı lap dilxor edir: bütün bunlar 21-ci əsrdə baş verir. Orta əsr insanları cadugərlərə qarşı çox amansız idilər. Belə məlum olur ki, biz əsrin hansı pilləsində olduğumuzu da yəqinləşdirə bilmirik, buna çətinlik çəkirik.

Adam bir suala da cavab tapa bilmir - kütlə bu qədər aşağı səviyyəlidir, yoxsa belə proqramları hazırlayanlar və onu efirə verənlər? Bəzən belə halları həm də reytinq toplamaqla izah edirlər. Doğurdanmı, hansısa kanalın reytinqinin artması üçün müxalifət adamının çılpaq təsvirlərini efirə vermək lazımdır?
«Molla Nəsrəddin» - 1906
«Molla Nəsrəddin» - 1906
O qədər vacibdirmi ki, reytinq toplamaq üçün hansısa adamın iblis tərəfindən təqib olunduğunu «sübut» edən kadrları efirə verəsən? Mən əsrin əvvəlində bizim klassiklərin nadanlıq və mövhumatçılıq haqqında yazdıqlarını bir az şübhə ilə qarşılayırdım. Məsələn, düşünürdüm ki, dindar adam da Nəsrullah adlı bir «şeyx»ə inanarmı? Amma illər keçəndən sonra görürəm ki, insanları əslində hər şeyə inandırmaq mümkündür. Burada U.Ekonun bir fikri yadıma düşür: deyirlər ki, insanlar heç nəyə inanmır, lakin bəla burasındadır ki, onlar hər şeyə inanır! Bəzən deyirlər ki, insanlar əylənmək istəyir. Lakin həqiqətən də onlar belə qorxunc şeylərə baxarkən əylənirlər? Buna mənim çox böyük şübhəm var.

KİÇİK SÖZARDI

Məni ən çox təəccübləndirən bu cür materiallara həvəs göstərənlərdir. Bəli, biz xarici mütəxəssislərin təşkil etdiyi treninqlərdə, kurslarda iştirak edirik.
Ən müasir təyyarələrdə uçuruq, ən müasir avtomobillərə, qatarlara minirik.

Əksəriyyətimizin personal kompüteri var, bəzilərimiz hətta onu özümüzlə də gəzdiririk. Amma yenə də cinə, şeytana inanırıq. Bunu normal hal tək qəbul etmək olarmı? Bəlkə bundan sonra hər birimiz öz kompüterimizdən üzərlik asaq? Təyyarəyə minəndə üzərlik yandıraq?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG