Keçid linkləri

Təcili xəbərlər

İqtisad Universitetində tələbələrin boykotu


Azərbaycan Dövlət İqtisad Universitetinin həyəti
Azərbaycan Dövlət İqtisad Universitetinin həyəti
Martın 29-da İqtisad Universitetində tələbələr kollokviumu (imtahanqabağı tələbələrin biliyinin öyrəniləməsi prosesi) boykot ediblər. 100-dən artıq tələbə tətbiq edilən yeni sistemə etiraz edib. Bu barədə AzadlıqRadiosuna etirazçı tələbələr məlumat veriblər.

«Boloniya sisteminə görə hər ay biz imtahanqabağı 7 fənnin hərəsindən 5 sual olmaqla 35 suala 3 saat ərzində cavab verməliyik. Bu da fiziki cəhətdən mümkün olmayan bir işdir. Bu tələbələrin hüquqlarının kobud pozulmasıdır. Ona görə də tələbələr hamısı buna etiraz elədi. Biz istəyirik ki, tələbələrə normal şərait yaradılsın. Tələbələri qul kimi işlətmək lazım deyil. Biz buna qarşıyıq».

Tələbələrin dediyinə görə, prorektor Damət Bağırov əvvəlcə tələbələrə təzyiq edib ki, onlar imtahana girsinlər.

Azərbaycan Dövlət İqtisad Universitetinin qarşısı
Azərbaycan Dövlət İqtisad Universitetinin qarşısı
«Bu nəticə vermədi, daha sonra bizi dilə tutdular. Bir neçə tələbə imtahana girdi. Əksəriyyət isə imtina etdi».

Universitetdən aldığımız məlumata görə, yeni sistemi boykot edən daha 100-dən artıq tələbə universitetin içərisinə daxil olmaqdan imtina edib.

İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəfər Bayramov tələbələrin narazılığını təsdiqləsə də, problemin artıq yoluna qoyulduğunu deyib.

«Bütün fakültələr üzrə kollokvium bir günə düşmüşdü deyə belə bir vəziyyət yaranmışdı. İndi hər şey qaydasındadır, heç bir problem yoxdur».

Universitet rəhbərliyi etiraz edən tələbələri toplayıb bildirib ki, onların tələblərinə baxılıb və imtahanqabağı imtahan ləğv olunub.

18 YAŞLI GƏNCLƏR ÜÇÜN «BAĞÇA»

Təhsil eksperti Rüfət Əliyevin fikrincə, Azərbaycan Boloniya prosesinə qoşulsa da, yeni sistem düzgün tətbiq olunmur və bu cür problemlər üzə çıxır. O, hazırkı təhsil sistemini 18 yaşlı gənclər üçün «bağça» adlandırır:
ADİU-nun həyəti
ADİU-nun həyəti

«Düşünürəm ki, rəhbərlik üçün bu, bir siqnal olmalıdır. Çünki 100 nəfər 1 nəfər, 5 nəfər, 10 nəfər deyil. Sözsüz ki, bu, təhsilin keyfiyyətinə də bir işarədir, ünsiyyətə, münasibətlərə də işarə edir. Bizdə Boloniya prosesinə çox səthi yanaşıblar, əslində köklü, lazımi dəyişikliklər hələ ki yoxdur».

Azərbaycanda Boloniya təhsil sisteminin tətbiqinə 2005-ci ildən başlanıb. Artıq 20-dən çox ali məktəb bu sistemə keçib. Boloniya təhsil sisteminin sovet təhsil sistemindən bir sıra fərqli cəhətləri var. Məsələn, kompyuterləşmiş auditoriyalardan və elektron kitabxanalardan istifadə, fəndən tutmuş müəllimədək seçim azadlığının olması və s.

Bundan başqa, tələbə heç də mühazirələrdə mütəmadi iştirak etmək və deyilənləri dəftərə yazmaq məcburiyyətində deyil. Mühazirələr e-mail vasitəsilə tələbəyə göndərilə də bilər.
XS
SM
MD
LG