Keçid linkləri

Təcili xəbərlər

İranın könlü alındımı?


M.Əhmədinejad Səfər Əbiyevi qəbul edir
M.Əhmədinejad Səfər Əbiyevi qəbul edir
İranla Azərbaycanın münasibətləri növbəti dəfə gərginləşmə həddinə çatan kimi dərhal iki hadisə baş verdi. Türkiyənin də xarici işlər nazirinin iştirakı ilə iki ölkənin baş diplomatlarının görüşü keçirildi. Elə burada qeyd edək ki, bu qəbildən olan tədbirlər keçirmək son vaxtlar bir növ Türkiyənin regional diplomatik missiyasına çevrilib. Lakin Azərbaycan bununla kifayətlənmədi. Martın 12-də ölkənin müdafiə naziri İrana səfərə yola düşdü. Səfər dərhal diqqəti cəlb etdi, çünki onun gedişində bir sıra hərbi-siyasi bəyanatlar və çıxışlar səsləndi. Birincisi, S.Əbiyev İsraillə həyata keçirilən 1.6 milyardlıq silah sövdələşməsinə aydınlıq gətirdi. İkincisi, ölkənin müdafiə naziri təkrar olaraq bəyan etdi ki, Azərbaycanın nə alınan silahları, nə də ki, öz ərazisini İran əleyhinə istifadə etmək fikri yoxdur.

İndi İranı bu bəyanatların nə qədər qane etdiyini demək çətindir, çünki belə bəyanatlar əvvəllər də ən yüksək bir səviyyədə səslənib, lakin İran hər dəfə onların təkrar olunmasını israr edir.

Mən İranın təhdidlərində rasional bir əsas görmürəm. ABŞ-la əməkdaşlıq edən ölkələrin siyahısı Azərbaycanla məhdudlaşmır. Amma nədənsə İran həmişə öz diqqətini Azərbaycan üzərində cəmləşdirir. Uzağa niyə gedək, bu regionun daha bir ölkəsini – Gürcüstanı götürək. M.Saakashvili öz ölkəsinin ABŞ-ın və Qərbin bölgədə forpostuna çevrilməsi üçün çox çalışır. Amma İran daha çox Azərbaycandan ehtiyat edir. Zənnimcə, bunun səbəblərindən biri Azərbaycanın xarici siyasətinin mütəhərrik xarakter daşımasıdır. İranda çox gözəl bilirlər ki, Azərbaycana təzyiq edərək onun siyasətini dəyişmək elə də çətin deyil, digər ölkələrə münasibətdə isə buna nail olmaq bir qədər problemlidir. Azərbaycanın timsalında isə problem yoxdur, ən azı bəyanatla problem olmayacaq. Azərbaycan özünün məkrli niyyətinin olmadığını sübut etmək üçün səfəri səfər ardınca edəcək və bəyanatları biri-birinin ardınca verəcək.

İran raketləri, 25 sentyabr 2010
İran raketləri, 25 sentyabr 2010
SÜNNİ ZOLAĞI VƏ BİR STRATEJİ DETAL HAQDA

Adama elə gəlir ki, İran öz bəyanatları və notaları ilə özü ətrafında yaranmış blokadanı yarmaq istəyir. Açığını etiraf edək ki, İranın qapısını açmaq istəyən dövlət çox azdır. İran bu sarıdan daim diplomatik sıxıntı keçirir. Xüsusən də hərbi sahədə İranla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı tamamilə yox dərəcəsindədir. Bəli, zahirdə Türkiyə də İrana qarşı neytrallıq nümayişindən sanki bir diplomatik zövq alır. Amma əslində vəziyyət tam başqadır. Bu gün ərəb ölkələrində baş verən proseslər İranın təsir dairəsini çox daraldır.

İranın bölgədə dəstək verdiyi əsas ölkələrdən biri elə Suriyadır. Amma indi Suriyada hakimiyyətdə olan şiə azlığı böyük problemlər yaşayır. Ehtimal ki, yaxın vaxtlarda hakimiyyət sünni çoxluğunun əlinə keçəcək. Bu isə İranın o bölgədə sonuncu ruporunun itirilməsi deməkdir. Türkiyə də bu prosesə bir növ təkan verir, çünki Ankarada belə düşünürlər ki, sünni Suriyası ilə birgə işləmək və onunla dil tapmaq daha asan olacaq. Düzdür, bu məsələdə indi Türkiyənin də iki rəqibi var. Səudiyyə Ərəbistanı və bir də ki, Qətər prosesin məhz bu ssenari üzrə dəyişməsini səbirsizliklə gözləyir. Artıq bəzi analitiklər regionda yeni «sünni zolağı»nın yaranmasından yazırlar. İran bütün bunları duymamış və hiss etməmiş deyil. Bir tərəfdən nüvə silahı ilə bağlı təhdidlər, digər tərəfdən hətta regionda təklənmək perspektivi onu qeyzləndirir. Ona görə də İran öz xarici siyasətini permanent həmlələr üzərində qurmağa, bir növ bütün cəbhə boyu hücuma keçməyə çalışır və
B.Obama
B.Obama
bu prosesdə tilova məhz Azərbaycan kimi ölkələr düşür. Çünki digər dövlətlər İranın hədələrinə hətta əhəmiyyət vermirlər, çünki onların müdafiəsi və daxili sistemi İranın ehtimal edilən həmlələri qarşısında aciz deyil.

ABŞ-IN DƏYİŞMİŞ RİTORİKASI NƏ VƏD EDİR?

Son günlər ABŞ prezidenti B.Obama'nın İranla bağlı çıxışlarında bir növ geriçəkilmə tendensiyası duyulur. Hətta iş o yerə çatdı ki, İranın ali ruhani lideri İranla bağlı obyektiv çıxışlarına görə qiyabi şəkildə Obamaya təşəkkür etdi.

Nə baş verir? ABŞ-ın İran doktrinası dəyişirmi? Güman etmirik. Əslində bu məsələyə B.Obama özü aydınlıq gətirdi. İranla müharibə haqdakı söhbətlər dünya bazarında neftin qiymətinə çox təsir edir. İndiki qlobal sosial-iqtisadi böhran şəraitində isə bu hal məqbul sayıla bilməz. Ona görə bunu bir siyasi manevr kimi qəbul etmək lazımdır. Lakin burada daha bir detalı qeyd etmək vacibdir və bu da odur ki, dünya hələ İran neftindən və qazından tamamilə imtina etmək iqtidarında deyil. Ən azı prezident Obama’nın son çıxışları belə bir nəticə çıxarmağa əsas verir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG