Keçid linkləri

Təcili xəbərlər

Deyirlər qar yağacaq...


Bakı
Bakı
-

(Ovqat)
Deyirlər qar yağacaq.
Lap o məşhur meyxanaçının mahnısındakı kimi.
Lap o, oxuduğu kimi:
Yenə qış gəldi qonaq,
Yenə yanmır bir ocaq,
Yenə bumbuzdur otaq,
Yenə ruhum donacaq,
Deyirlər qar yağacaq ...
Meyxanaçı bu ovqatı bəlli ki, qışda - soyuq qışda yaşayıb.
Amma artıq yaz olduğundan, mən misranın bir sətrini dəyişirəm:
Yenə yaz gəldi qonaq,
Yenə yanmır bir ocaq,
Yenə bumbuzdur otaq,
Yenə ruhum donacaq,
Deyirlər qar yağacaq
Deyirlər qar yağacaq...
Fəslin nə fərqi var?
Lap yaş kimi.
Qışda da ürəklərin buzunu əridən havalar ola bilər.
Payızda insana romantik ovqat verən yağışlar ola bilər.
Yazda lap indiki kimi, aramsız qar yağa bilər.
Yayda damarları donduran şaxta ola bilər.
Fəslin nə fərqi?
Ən əsası, ürəyimizin fəsli deyilmi?
Yenə yaz gəldi qonaq,
Deyirlər qar yağacaq...
Bəs görəsən qəlbin fəsli var?
Görəsən, orada da qarlı qış, selli-sulu bahar, qızmar yay, nisgilli payız olurmu?
Görəsən orada da Havaölçənlər varmı?
Lap Umayra xanım kimi, bir gün öncə sonrakı günlər nələrin baş verə biləcəyini deyən varmı?
Görəsən, orada da qan qaraldanlar, meyxanaçı deyən kimi, ruh donduranlar varmı?
Elələrinə orada nə deyilir, onlar necə çağırılır?
Görəsən, orada da, dünyanın ötəri, keçəri olduğunu, vurha-vurla çalışmağın əvvəl-axır sonsuz səssizliyə qərq olacağını bilən varmı?
Görəsən, orda da sevənlər-sevilənlər, əhdinə dönük çıxanlar varmı?
Onları Qəlb dünyasında necə adlandırırlar?
Onları hansı sözlərlə uğurlayırlar?
Onda qəlbin harası sızlayır?
Qəlbin göz yaşı varmı?
O haradan süzülür?
Bəs yaxşı, Qəlbin dili varmı?
O hansı dildə danışır?
Hansı dil daha keçərlidir Qəlb dünyasında?
Yenə yaz gəldi qonaq,
Deyirlər qar yağacaq...
Görəsən, bu qarlı yazı tələbə dostumun yazısındakı quşlar necə qarşılayır?
Bəs Şuşanın quşları?
Başı dumanlı dağlar arasında,
Yadlar arasında,
Kimsəsizlikdə, sakitlikdə...
Yenə yaz gəldi qonaq,
Deyirlər qar yağacaq...
Görəsən, bu yazı məhbəsdəkilər necə qarşılayır?
Soyuq qışdan necə çıxdılar, qarlı yazı necə yola verirlər?
Görəsən, vicdan məhbuslarının anaları bu fərqi bilinməyən fəsilləri necə keçirdi? Necə yatdılar, necə rahat ola bildilər, uzun aylarda qəlblərindən nələr keçirdilər?
Görəsən, yer üzündə fəsli saya salmayan, fəsilləri bir-birindən ayırmayan, öz davranışının başqasında nə hallar yaratdığının fərqində olmayanlar çoxdurmu?
Onları niyə Qoca dünyada «yaz da birdir, qış da birdir» - deyə çağırırlar?
Onlara niyə qəlbsiz damğası vururlar?
Bəlkə onların ruhu donmur?
Bəlkə qanları çox sıyıqdır?
Bəlkə vicdanları susqundur?
Yenə yaz gəldi qonaq,
Deyirlər qar yağacaq...
P.S. Hə, lap yadımdan çıxdı.
Görəsən, Xədicə İsmayıl həftə sonunu necə keçirdi?
İş yoldaşımız Rafiq Məmmədli demiş, həftə sonu xoş oldumu?
11 mart, 2012. Səhər-səhər. Yaman qar yağır...
XS
SM
MD
LG