Keçid linkləri

Təcili xəbərlər

Seçki, yoxsa Putiniada?


Moskvada Putin tərəfdarlarının aksiyası, 4 mart 2012
Moskvada Putin tərəfdarlarının aksiyası, 4 mart 2012
Rusiyada seçki bitdi. Qaldı formal proseduralar. Ümumilikdə götürsək, nəticə hamı üçün bəlli hesab edilə bilər. Əslində başqa bir şey gözlənmirdi də. Elə müxalifətin də aksiyanı seçkidən sonraya saxlaması çox şey deyirdi. İndi bu məsələ ilə bağlı bir fikir demək olar. Rusiya elə dövlətdir ki, orada yalnız ən aciz hakimiyyət seçkini uduza bilər, bu ölkədə hakimiyyətin seçkini udmaq üçün çox böyük siyasi resursları var: hələ də özünün asiyalı mahiyyətini və spesifikasını saxlayan bəzi federal subyektlər, əhalinin dördə bir hissəsinin cəmləşdiyi kəndlər və qəsəbələr, ordu kontingenti! Əsl seçki demək olar ki, yalnız böyük şəhərlərdə keçirilir, çünki orada həm insanlar nisbətən fəaldır, həm də müşahidə imkanları artıqdır. Bütöv halda Rusiya qara çuxura daha çox bənzəyir, nəinki seçki baxımından şəffaf ölkəyə!

Bəs Putin Rusiyanı bir daha nə ilə fəth etdi? Əksər analitiklər onu tükənmiş və öz missiyasını tam başa vurmuş siyasətçi kimi dəyərləndirir. Seçkidə V.Jirinovski - G.Zyuqanov cütlüyünü özünə rəqib etməklə Putin hansısa bir yeniliklə təəccübləndirmək gücündə olmadığını sübut etdi – bir neçə il bundan əvvəl oynanılmış oyun, sadəcə təkrar edildi. Bütün seçki ərəfəsi düşünürdün ki, nə vaxtsa baxdığın bir filmə bir daha baxırsan: Zyuqanovun sönük solçu vədləri və Jirinovskinin siyasi klounadası! Onlar nə qədər tanış epizodlar idi, ilahi?...

PUTİNƏ SƏS VERMƏK TAKTİKADIR, YOXSA STRATEGİYA?
AZƏRBAYCANLILAR NİYƏ PUTİNƏ SƏS VERDİ?


Putinə dəstək verməklə azərbaycanlıların bir hissəsi bu suala cavab verdi və adama ilk baxışda elə görünür ki, bu sual bir qədər yersizdir. Amma bəzi nüanslar da var ki, onlar zahiri detallara heç də aludə olmamağa vadar edir. Mən yuxarıda Rusiyada hakimiyyətin tükənməz elektoral resurslarından bir qədər danışdım. Azərbaycanlıların Putinə dəstək verməsinin iki səbəbi var.

Bunlardan biri həmişə hakimiyyətdə olan kəsə dəstək vermək, hakimiyyətə yarınmaq adətidir. Bir vaxt Ukraynada hamı bilirdi ki, seçkidə V.Yuşşenko qalib gələcək, amma bizimkilər gedib Ukrayna iqtidarına dəstək verdilər.
Rusiyada seçkilər - 4 mart 2012
Rusiyada seçkilər - 4 mart 2012
Bir səbəb də odur ki, Rusiyada hakimiyyətin etibarlı resurslarından biri də MDB ölkələrindən olan insanlardır. Bu insanlar bir qayda olaraq demokratlardan ehtiyat edirlər. Yəni, mən bununla demək istəyirəm ki, azərbaycanlıların da Putinə səs verməsinin hansısa uzaq strateji səbəbləri yoxdur. Onlar sadəcə belə adət ediblər, həmişə kim hakimiyyətdədirsə, ona da səs veriblər.

Başqa bir məsələyə, Rusiya ilə əlaqələrin perspektivinə gəldikdə isə, bəzi detal və nüanslar təsdiqlənsə, Azərbaycan əksinə Rusiya ilə strateji əlaqələrini zəiflətməyə cəhd edir. İndi bu tezisi konkretləşdirmək və nədən bu qənaətə gəldiyimizi əsaslandırmaq çətindir. Bu meyl daha çox Qəbələ RLS-lə bağlı danışıqlarda hiss olunur. Elə icarə haqqı tələb olunur ki, faktiki Rusiyaya bu haqqı ödəmək sərf etmir. Bəlkə elə bu, mədəni şəkildə ayrılmaq deməkdir? Birmənalı şəkildə təsdiq edə bilmərik. Lakin hiss olunur ki, Azərbaycan indi Qərblə daha bir oyuna başlamaq niyyətindədir. Onu buna vadar edən İrandır. Rusiya da İranla Azərbaycan arasında bir növ sipər olmağa cəhd edir. Onlar da arabir İrandan gələcək təhlükələrə işarə vururlar. Amma ən çox maraq kəsb edən budur ki, onlar Azərbaycanı o tərəfdəki 20 milyon azərbaycanlı ilə təhdid etməyə cəhd edirlər! Lakin ola bilsin, kiminsə gözündə o taydakı 20 milyon azərbaycanlı təhlükədir, azərilər üçün isə bu daha çox qürur, ümid yeridir. Çünki həmin 20 milyon azərbaycanlının bu tayla birləşəcəyi təqdirdə Rusiyanın regional siyasi arxitekturası bir gündə çökəcək...

6 İLDƏN SONRA NƏ OLACAQ?

Vladimir Putin
Vladimir Putin
6 il ərzində nəyin olacağını demək o qədər də çətin deyil. Bəli, V.Putin bir daha separatizm kartı ilə oynayacaq, öz dəstəsindən olmayan oliqarxları bir qədər zəiflətməyə cəhd edəcək, «sabitlik kartı» işə düşəcək! Amma güman ki, bu, Putinin sonuncu müddətidir, çünki bugünkü Rusiya həm də dəyişmək istəyir, buna can atır. Tandem özü bunu hiss edir. Hətta onlar da dərk edir, neftin hesabına ölkənin valyuta ehtiyatlarını artırmaq olar, amma təşəbbüs mühiti yaranmasa, ölkəyə yeni bir enerji verilməsə, onun inkişafı problemli olaraq qalacaq.

Rusiya indi çox problem yaşayır. Amma bunlardan ən çox diqqət çəkən demoqrafik impulsların zəifliyi və bir də azad insanın yoxluğu hesab edilməlidir. Bunlar biri-birilə bağlı məqamlardır. İnsan nə vaxt artıb çoxalmağa meyl edir? O vaxt ki onun sabaha ümidi olur. Putin 6 ildə ruslar üçün belə ümid mühiti yarada biləcəkmi? Bu suala Rusiyanın özü də cavab verməlidir, çünki «güclü şəxsiyyət» modelləri artıq özünü tükəndirib. Aydın olanı budur ki, indi güclü cəmiyyət modeli daha çox sifarişlidir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG