Keçid linkləri

Təcili xəbərlər

Qafqaz gəncləri: «Bizimkilər-onlar» söhbəti


Tbilisidə dinləmələr
Tbilisidə dinləmələr
İstəyirəm üç QHT-nin, – Vətəndaş Cəmiyyəti uğrunda Qadınlar Alyansının (Azərbaycan), Vətəndaş Dinləmələri üzrə Qafqaz Mərkəzinin (Gürcüstan) və Barış Təşəbbüsləri üzrə Qafqaz Mərkəzinin (Ermənistan) bu günlərdə Tbilisidə birgə keçirdikləri dinləmədən danışım. Mövzu belə idi: «Güney Qafqaz gəncliyi: kimdirlər və hansı gələcəyin potensialıdırlar».

QAFQAZ GƏNCLƏRİ NƏ OYNAYIRLAR?

Mövzu çərçivəsində hər ekspert öz ölkəsindən danışırdı. Birinci çıxış edən gənc qızın, - Ester Paloyanın çıxışında ölkəsinin gəncliyinin çox hissəsi vaxtını nərddə keçirən cavanlar oldu. Bunu eşitmək ona görə maraqlı idi ki, Azərbaycan gəncliyində çayxana oyunları arasında indi nərd az, tutalım, «mafiya» oyunu daha çox yayılıb. Halbuki bizim (və farsların) mədəniyyətinə nərd öz simvolları, ritualları ilə daha dərindən işləmiş görünürdü. Bəs onda nə baş verib ki, bizdə oyunlar alanında nərd öncəki cazibəsini itirib? Bu sorunun cavabı, sözsüz, kulturoloji araşdırmanı tələb edir.

Ermənilər heç, ancaq öz gənclərimizlə bağlı soruşuram: gənclər arasında oyun əyləncələrinin yayılmasına qəzəbi necə «pisləyirsənsə, deməli, mənəvisən» qondarmasından təmizləmək olar? Gəncləri pisləmək hər dönəmdə dəbdə olub.

Yəhudi kökənli rus sosioloqu İ.Kon yazmışdı ki, gericil, reaksiyon yazarların və ictimai xadimlərin dilində gənclik həmişə tərbiyə obyektidir. Ortada gəzən düşüncə belədir: gənclər korlanmağa meyllidirlər və onlara göz qoymalıyıq.

«GƏNCLƏR KORLANIR» DEYİMİNİN YÜNGÜL BİR ANALİZİ

İndi buradan mənim üçün soru çıxır: gənclərdən əyləncə planında narazılıq bizdə İ.Konun açdığı kimi, qayğılı görünmək şakərindən gəlir, ya nə? Görünür, sualı belə çevirmək daha yaxşı olar: özəlliklə Bakıda oyun əyləncələri gəncləri hansı yaxşı, dəyərli nəsnələrdən uzaq salır? Və ya başqa cür: əyləncə nə zaman gəncləri korlayır, pozur?

Yeri gəlmişkən, Tbilisi dinləməsi göstərdi ki, ekspertlər öz ölkələrinin gəncliyi ilə bağlı maraqlı məsələlərə çox çətinliklə çıxırlar. Halbuki, mədəniyyətə «kimlər kimləri korlayır, pozur» sualından yanaşmaq çox ilginc nəsnələri açardı. Çar Rusiyasının ağıllı jurnalisti L.Veliçko gürcülərlə bağlı yazmışdı ki, onlarda bir-birini dostlar korlayır. İçki əyləncələrindən kimsə qurtulmaq istəyəndə dostlar gündə başını dəng edib yemək-içməyə çağırırlar və az adam axıracan duruş gətirə bilir.

MƏDƏNİYYƏTDƏ BİR-BİRİNİ KORLAYAN TƏRƏFLƏR

İndi məsələni çevirsək, soruşmaq olar: azəri qızları nədə oğlanlarımızı korlayırlar? Bəs, oğlanlarımız nədə qızları korlayırlar?

Məsələn, oğlan ölümdən qorxmayıb zəifi qorumaq üçün yumruq davasına çıxanda, əliaçıqlıq edəndə qızlar romantik bir heyranlıq keçirirlər. Burdan isə sevgiyə bir addım qalır. Ancaq elə ki, bu oğlana nişanlı olurlar. «nə işinə var» işə düşür.

Bəs oğlanlar nədə qızlarımızı korlayırlar? Bəlkə onları ismətli görünmək üçün ikiüzlülüyük etməyə öyrəşdirirlər?!

Levan Cobavanın çıxışı
Levan Cobavanın çıxışı
Hər-halda bu yönü tutub getsək, çox nəsnələrə çıxmaq olar…

ALİ MƏKTƏBLƏRDƏ

Erməni qızının çıxışından görünən rüşvətxor «professorlar» bütün görünüş və davranışları ilə yaman çox bizimkilərə oxşadı. ​Gürcü tərəfdən çıxış edən gənc ekspert Levan Cobava isə hamıdan optimist görünürdü və bununla da zaldan bir-iki nəfəri əsəbiləşdirdi.

Sözsüz, gürcü Ali məktəblərində bizlərdəki kimi rüşvət yoxdur, ancaq onun belə də deməsi primitivdir ki, «bizdə Avropada, Amerikada təhsil almaq imkanı var». Bu imkan hazırlıqlı Azərbaycan gənclərində də var. Əslində Azərbaycanda şükür ki, bilikli oğlan-qızın Ali məktəbə qəbul olması şansı da yüksək olaraq qalır. Ancaq bu, təhsillə bağlı optimizmə heç əsas vermir.

Sovet dönəmində elə bilirdik ki, ali məktəbə rüşvətsiz girmək şansı böyüsə, təhsil çox irəli çıxacaq. İndi isə aydın olur ki, təhsilin yüksək səviyyəyə qalxması çox şeyləri gərəkli edir.

GƏNCLƏR ARASINDA NƏLƏR POPULYARDIR…

Levandan eşitdiyim məni təəccübləndirdi. Demə, öncələr gürcü gənclərinin çoxunun arzusu «oğru avtoriteti olmaq imiş». Demə, onlarda narkomanlığın da dəbi varmış. İndi bu dəb ortadan yığışıb, oxumaq, peşəkar olmaq arzusu önə çıxıb, dəbə çevrilib. Heroin, kokain tapmaqsa mümkün deyil.

Ancaq mən biləni bu dəblərin heç biri Azərbaycan gəncliyində olmayıb, narkomanlıq və oğurluq olsa da.

AZƏRBAYCAN GƏNCLƏRİ

Bizim gənc politoloq İranə Məmmədova çalışdı ki, daha konkret mənzərə cızsın. Gəncləri rayondan gələnlərə və şəhərlilərə bölərək hərəsinin xarakteristikasını verməyə çalışdı. Bu mənzərədə rayondan gələnlər hər işdən yapışmağa hazır cavanlar kimi göründü. Onlar 90-cı illərin gənclərinə baxanda daha çox türk şoularında tərbiyə alıblar və türk seriallarının dilini daha yaxşı anlayırlar. «Kötü», «iyi», «tuhaf», «tərcih» sözlərinə daha qımışmırlar, onları başa düşürlər. Şəhərdəki rus dillilərdə isə hələ də elitarlıq ədası, iddiası qalsa da Rusiyanın, artıq, mədəni dünya kimi kultu yoxdur.

İranə dini dəyərlərə bağlı olan qruplardan da danışdı və dedi ki, şiə, süni, sələfi qruplar arasında dinc dartışmalar olsa da nadir hallarda ortaya dava düşür.

QLOBALLAŞMANIN TƏSİR DƏRƏCƏSİ ÜZRƏ DARTIŞMADAN

Gürcü Bakıdan dedi ki, orada mən şortla, sırğa ilə küçəyə çıxanda çox pis baxırdılar. Burada mübahisə düşdü. Bir gürcü söylədi ki, yaxın zamanacan bizdə də pis baxırdılar.

Tbilisi gəncləri
Tbilisi gəncləri
​Ancaq mənim öz təəssüratım belədir ki, yayda Tbilisidə şortla gəzən gənclər elə bizdəki qədərdir. Sözsüz, bu faktlar Qloballaşmanın təsirini və tolerantlığın dərəcəsini göstərmək üçün idi, yoxsa, tuman-köynək məsələsi deyildi.

Çıxışdan aydın oldu ki, Azərbaycanda indiki qızlar daha azaddırlar. Restorana getmək, çayxanada oturmaq, maşın sürmək və taksiyə minmək 80-ci illərə baxanda indi qızlar üçün adiləşib.

BƏS, AZƏRBAYCAN GƏNCLİYİNİN DEMOKRATİYA POTENSİALI?

80-90-cı illərdə Demokratiya idealları gəncliyin savadlı mənəvi kəsimində populyar idi və mənəviyyat seçimi idi. Ancaq onlar Demokratiya təcrübəsindən xəbərsizdi, ona görə də inancları havada qalırdı. Mənim bir türkçü dostum vardı. İlk çanaq antenasını qoyub türk kanallarına baxan olmuşdu. Ondan soruşanda ki, Türkiyə necə görünür, «biabırçılıqdır» demişdi. Çünki azad Mediada qovğalara, cinayətlərə baxmaq onun üçün dözülməz idi. İndiki gənclər isə Media məkanında artıq belə faktları adi qarşılayırlar. Onlar daha çox Qloballaşmanın gətirdiyi mühitin adamlarıdırlar. Hərçənd aralarında Demokratiya dəyərlərini ağılla-mənəviyyatla qəbul edənlər azdır.

Beləcə, öncəki Azərbaycan gəncliyi Demokratiyanı nağıl kimi sevirdi, ancaq bu nağılın arxasında duran gerçəkliyi həzm etməyə hazır deyildi. İndiki gənclik isə Demokratiyanın gətirəcəyi gerçəkliyə daha çox hazırdır, hərçənd Demokratiya ilə bağlı heç bir romantizmi yoxdur.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG