Keçid linkləri

Təcili xəbərlər

Siz Allah! Elə bir ev tikin ki...


Gürcüstan Daxili İşlər Nazirliyinin binası
Gürcüstan Daxili İşlər Nazirliyinin binası
Bakıda Korrupsiyaya Qarşı Mübarizə İdarəsi üçün yeni bina tikilir.

Nə gözəl xəbər!

Ev tikilişi xəbəri onsuz da xoş xəbərdir. O da ola mübarizə evi.

O ki ola, Korrupsiyaya qarşı mübarizə evi.

Yaman sevindim. Əliniz-qolunuz ağrımasın ev tikənlər!

Tez tikin!

Yazırlar ki, tez tikiləcək. Bir ilə hazır olacaq.

Nə gözəl!

Demək, uzağı bir ilə yeni binada, yeni qüvvələrlə, yeni qüvvə ilə mübarizə davam edəcək.

Amma...Bir dayanın! Binanı tikəndə elə tikin ki...

--Içi tam şəffaf olsun.

Lap Tiflisdəki Baş Polis İdarəsinin binası kimi.

--İdarə rəislərinin otaqlarında hər şey dinlənilsin.

Lap Corc Oruelin “1984” romanındakı kimi.

--Elə tikin ki, binanın içində bütün nazirlikləri tam “görə bilmək” üçün qurğu quraşdırıla bilsin.

Hə, yeri gəlmişkən, bütün nazirliklərin binasını da bundan sonra tam şəffaf tikin.
Lap Əli Əkbərin “Amneziya” romanındakı Daxili İşlər Nazirliyinin binası kimi.

--Elə tikin ki, sonda həmin romanda jurnalistə müsahibə verən nazirin dediyi gerçək olsun: “Polis artıq cibə narkotik maddə atan, işgəncə verən, döyən, oğurluq edən, savadsız, bığlı, yekəqarın, debil görkəmli adam olmayacaq. Biz polisdən əvvəl insan olacağıq”.

--Elə edin ki, həmin romandakı kimi, orta məktəb şagirdləri nazirliklərə ekskursiyaya getsin.

--Əhalinin 85 faizi polisə güvənsin.

--Polis əməkdaşları həmkarlarının qanun pozuntusu barədə dərhal rəhbərliyə məlumat versin.

Binanı tikənlər! Əlləriniz var olsun!

--Elə tikin ki, adıbəlli nazirlikdə müəyyən vaxtdan bir obyektlərdən yığılan rüşvət bu binadan tam görünə bilsin.

--Görüntü cihazını həmin nazirliyin divarını bəzəyən portretlərin alt ucuna da yerləşdirsinlər. Özüm görmüşəm: Orada bütün alış-verişlər həmin portretlərin gözü qarşısında gerçəkləşir!

Onlar hər şeyi görürlər, amma dinmirlər!

Elə edin ki, onlar dinsinlər!

Onları dindirin!!!

Nələr eşidəcəksiz, ay nələr!!!

--Və ya elə tikin ki, həmin nazirliyin bütün işçilərinin bədəninə xüsusi cihazlar birləşdirilsin. Beləcə, onların binadan kənar fəaliyyətinə də göz qoyulsun.

Lap Corc Oruelin “1984”ündəki kimi...

--Siz Allah! Görüntü cihazını elə yerləşdirin ki, şəhərin dükanlarından həmin işçilərin yığdıqları açıq-aşkar görünsün.

Beləcə, qonşuluğumuzdakı dükanların sahiblərinin də ürəyindən tikan çıxsın.

Beləcə, şəhər dükanlarında qiymətlər də bir xeyli ucuzlaşsın.

Qonşumuz pensiyaçı Vəzifə xanım ətraf dükanlardakı qiymətləri müqayisə etmək əzabından qurtulsun.

Binanı tikənlər , əlləriniz var olsun...

Elə tikin ki, binanın içindəki yalan maşını hamının içini üzə çıxarsın. Məsələn, bu həftə olduğu kimi, filan nazirliyin rəhbəri Kürdəmirə antikorrupsiya konfransına yollanmasın.

Yalan maşını həmən onu geri—Bakıya tullasın. Yerinə başqa namizəd axtarılsın.

Tapılmasa, yeni nazir sorağına çıxılsın...

Nə gözəl! HA-ha-ha!

Elə tikin ki, TV-lərdə müsahibə verən məmurlar həmin binadan idarə olunsun. Yalan danışan kimi qırmızı işıq yansın! SOS siqnalı verilsin.

Binanı tikənlər! Əlləriniz var olsun!

Elə tikin ki, təhsildə olan rüşvət aradan götürülsün. Yəqin sizin də övladlarınız var. Siz də eynən mənim kimi onların taleyindən narahat ölmək istəmirsiniz.

Elə edin ki, həmin binadan ali məktəblərə birbaşa yayım olsun.

Rüşvətlə qiymət yazan müəllim canlı yayıma qoşulsun.

Deməyə sözü olmasa, həmən işdən uzaqlaşdırılsın...

Desə--sözü tarixə qızıl xətlə yazılsın!

Binanı tikənlər, əlləriniz var olsun...

Bu yalnız bir jurnalistin ilk ağlından keçənlərdir.

Hələ görün neçə-neçə arzular deyilməmiş qalıb?!

Onları eşitmək istərdinizmi?

Elə isə, yazımı yarımçıq buraxıb, sözü verirəm oxuculara.

Haydı, söyləyin.

Haydı, di sadalayın...

Korrupsiyaya Qarsi Mübarizə Idarəsinin binasi necə tikilsin?!

Ən son yazılan

XS
SM
MD
LG