Keçid linkləri

Təcili xəbərlər

Qəzetlər «öləcəkmi»?


Foto: Arxiv
Foto: Arxiv
Həyat bəzən bizi kədərli suallara da cavab verməyə vadar edir. Bir neçə ay bundan əvvəl dünyanın ən böyük kitab mağazalarından birinin öz filiallarını bağlaması haqqında oxuyanda, xəfif bir kədər hissi bürümüşdü məni. İsrail kimi dövlətdə (bölgənin ən intellektual və oxuyan ölkələrindən biridir) qəzet və jurnalların evlərə pulsuz paylanmasını eşidəndə də elə özümdən asılı olmadan keçmiş üçün bir nostalji keçirdim. Keçmişin «akademik» qəzet və nəşrləri yadıma düşdü. Əslində bəlkə də narahatlıq üçün elə əsas yoxdur və mənim təlaşım bir qədər hadisələri qabaqlayır. Fəqət, yox. Mənim indiki yazının başlığına çıxardığım sual artıq dünyanı düşündürür. Artıq indidən gələcəyin qəzetləri haqda müzakirələr gedir, onların forması ilə bağlı axtarış və tədqiqatlara rast gəlinir. Kimisi deyir ki, bu yaxın gələcəkdə səhifələrində videomateriallar yerləşdirilən «nanoqəzetlər» meydana çıxacaq, kimisi isə daha bədbin proqnozlar verir...

İNTERNET AXİLLES KİMİ...

Bu gün internet qəzetləri daban-dabana təqib edir. Bədbin proqnozlar da elə bununla bağlıdır. Burada mənim yadıma Zenonun paradoksları, daha doğrusu, Axilles və tısbağa düşür. Mən çox istərdim ki, həmin paradoksda olduğu kimi, internet qəzetlərə çata bilməsin. Amma dünyadakı tərəqqi bəzi hallarda hətta bizim istəklərimizə rəğmən baş verə bilir. Bəli, bu gün qəzet və nəşrlər internetlə əsl rəqabətdədir. Bu, çox maraqlı rəqabətdir. Qəzetlər hamısı özlərinin internet səhifələrini yaradıblar. Bu baxımdan ilk baxışda da belə təsəvvür yaranır ki, sanki internet qəzetlərin auditoriyasını daha geniş müstəviyə çıxarıb.
Foto: Arxiv
Foto: Arxiv
Lakin bu zahirən belədir. Hətta Azərbaycandakı müstəqil qəzetlərdən birinin internet versiyasının redaktoru da etiraf edir ki, qəzetin internet səhifələrinə gün ərzində müraciət edənlərin sayı qəzetin sayından qat-qat çoxdur. Onlar indidən bir problemlə qarşılaşıblar: qəzetin satışını, heç olmasa, əvvəlki səviyyədə necə saxlasınlar? Bu, heç düşünülən qədər asan problem deyil, çünki internet istifadəçilərinin sayı gündən-günə artır və bu, kağız qəzetlərin çox yaxın dövrdə «öləcəyi» haqda bədbin proqnozla çıxış etməyə məcbur edir.

Düzdür, bunu televiziya yarananda da demişdilər və bütün bu deyilənlər düz çıxmadı, qəzetlər yaşadı. Bunun da səbəbləri və nüansları çoxdur. Amma bir detalı qeyd etməmək mümkün deyil ki, əslində televiziyalar da qəzetlərin sayına çox güclü zərbə vurdular. Təbii ki, burada birmənalı səbəb göstərmək çox çətindir. Bu başqa sahələrə də aiddir. Vaxt vardı ki, kinonun yaranması ilə teatrın tam səhnədən gedəcəyi haqda fikirlər eşidilirdi. Amma teatr yaşadı. İndi televiziyalar qəzetlərə ciddi rəqabət, təpki göstərsələr də, qəzetlər yaşayır. Fəqət, internet bir qədər fərqli məsələdir. O, prosesdə özünü ikibaşlı faktor kimi göstərir.

LAP FENİKS KİMİ...

Foto: Arxiv
Foto: Arxiv
Azca bundan əvvəl internet haqda «ikibaşlı» ifadəsini işlətdim. Bunu onun üçün dedim ki, internet oxucuların sayını azaltmır, əksinə, daha da artırır. O, daha çox kağız qəzetlərin nə qədər zəruri olması məsələsini ortaya qoyur. Bəlkə də başqa ölkələrdə bu, çox da ciddi problem kimi yaşanmayacaq, ona görə ki, orada qəzetləri yaşadan reklamdır və bunu internetdə də etmək elə də çətin məsələ deyil. Amma bəzi ölkələr var ki, qəzetlərə reklam verilmir və onlar yalnız satışla özlərinin maliyyə problemlərini həll edə bilirlər. Reklam olmadan internetdən gəlir götürmək məsələsi hələ də açıq qaldığından sual yaranır: ən azı bəzi ölkələrdə qəzetlər tam sıradan çıxmayacaqmı? Problem də elə bundadır. Ona görə belə fikirlər səslənir ki, məsələ gedib nanoqəzet səviyyəsinə çatmayacaq və kağız qəzetlər çox yaxın müddətdə tamamilə öz yerini internet saytlarına verəcək.

Belə olacaqmı? Mən bilmirəm. İndi bir şey aydındır ki, kağız qəzet «bum»u artıq çoxdan keçib, daha qəzet köşklərinin önündə növbələr görməyəcəyik. Bəlkə bir neçə ildən sonra vəziyyət daha fərqli forma alacaq və biz qəzet köşklərinin özlərini görməyəcəyik? Amma bunu jurnalistikanın sonu kimi də başa düşmək lazım deyil. Yəqin bir vaxt yazı üçün daş və taxta lövhələri kağız əvəz edəndə də insanlar çox qarışıq hisslər keçiribmiş. İndi forma dəyişir. Lakin bəzən forma da özünə yeni bir məzmun tapır. Kağız qəzet məsələsində belə olmayacaqmı? Təəssüf ki, mən bunu bilmirəm. Bunu indi çox az adam bilir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG