Keçid linkləri

Təcili xəbərlər

Ərəb inqilabları nədən baş verdi?


Tunis, Yəmən, Liviya və Misirin keçmiş liderləri - 2010
Tunis, Yəmən, Liviya və Misirin keçmiş liderləri - 2010
Münhendə baş verən və bir neçə gündür efirdən və mətbuat səhifələrindən düşməyən olay bizi yenidən bu mövzuya qaytardı. Əvvəlcə, onu qeyd edim ki, bu hadisəyə ikili münasibət var. Kimi ona ölkədəki vəziyyətə adekvat bir beynəlxalq münasibət, kimi də prezidentin demokratikliyinin, həm də ki, hazırcavablığının göstəricisi kimi baxır. Bizimsə bu iki baxış arasında seçim etmək fikrimiz yoxdur, sadəcə olayın bəzi nüanslarına diqqət yetirmək, onu bir qədər təhlil etmək niyyətindəyik, çünki maraqlı suallar yaranır.

İnqilabın ərəfəsində ərəb ölkələrində sosial – iqtisadi vəziyyət necə idi? Nədən etiraz dalğaları inqilab həddinədək böyüdü? Məsələn, Yəmənin prezidentinə Münhendəki sualı versəydilər, o, buna necə cavab verərdi?

ONLARIN HEÇ BİRİ İNANMIRDI...

Bəli, ərəb liderlərinin heç biri öz ölkəsində inqilab baş verəcəyinə inanmırdı.
Mən bir olayı misal gətirəcəm. H.Mubarak öz ölkəsi ilə bağlı demişdi ki, bura Tunis deyil, burada heç bir böyük etiraz ola bilməz! Liviya lideri M.Qaddafi o mənada çox da irəli getməmişdi, o, da öz ölkəsi haqqında demişdi ki, bura Tunis və Misir deyil! İndi B.Assad də deyir ki, Suriyada Liviya ssenarisi baş tuta bilməz! Bəlkə də bütün diktatorlar belədi və onlar son ana qədər xalqın öz rəhbərlərinə «xəyanət» etməyəcəyini güman edirlər. Amma nəticəsi necə oldu? H.Mubarak heç bir vətəndaşın ittiham edilmədiyi bir formada – xərəklə məhkəməyə gətirilir! M.Qaddafi hətta ən cinayətkar bədəvinin ağlına gətirə bilmədiyi aqibətlə öldü! Bəli, onlar son ana qədər belə aqibəti gözləmirdilər.

ONLAR NƏDƏN BUNA İNANMIRDILAR?...

Ərəb ölkələrində sosial-iqtisadi vəziyyət heç də ağır deyildi, ortabab həyat şəraiti vardı. Bu vaxta qədər heç kim ərəb ölkələrində dözülməz durum, ağır həyat haqqında danışmayıb. Ən azı ona görə ki, ərəb ölkələri təbii ehtiyatlar baxımından, coğrafi mövqe baxımından çox zəngin ölkələrdir. Bu vaxtadək hələ heç kim deməyib ki, Misirdə və ya Liviyada, yaxud da Tunisdə insanlar acından ölürdü!
Misir. 1 fevral 2011
Misir. 1 fevral 2011
Əksinə, insanların çox ağır yaşadığı, hətta acından öldüyü qonşu Afrika ölkələrində nəinki inqilab, heç böyük sosial etirazlar müşahidə olunmur. Onda ərəb ölkələrindəki inqilabların motivasiyası nə idi?

Bütün bu hadisələr inqilablar haqdakı müasir baxışlarla daha çox səsləşir. Əsasən bu fakt qabardılır ki, insanların böyük hissəsində ləyaqət hissi oyanır, onlar 21-ci əsrin ruhuna adekvat yaşamaq istəyir, aldadılmaq istəmir, seçkilərdə öz səslərinin oğurlanmasına dözmür, özünü ifadə etmək istəyir və eşidilməyə can atır. Ən azı müasir təsəvvürlər belə deyir. Bir az da uzağa gedərək onu qeyd edək ki, əslində ac və yalavac kütlənin qiyamı heç də azadlığa aparmır və despotiyaya, tiraniyaya yol açır. Bunları əski SSRİ-nin və bəzi ölkələrin təcrübəsində görmək mümkündür. Düzdür, burada bir qədər ilk baxışda elə də aydın olmayan amillər meydana çıxır. Elə insanlar var ki, onların etirazını ilk baxışda başa düşmək çox çətindir. Məsələn, ziyalılar haqda bunu demək olar. Amma onlar etiraz edir! Səbəb təkcə sosial problemdirmi? Təbii, yox!

Biz bəzən Şərq ölkələrinə bir qədər yuxarıdan aşağı baxırıq. Amma misirlilər N.Mahfouz'u oxuyan, qədim və böyük tarixə malik, Avropadan yalnız dənizlə ayrılan və avropalıların daim təmasda olduğu xalqdır. Avtoritar liderlərin ən böyük səhvi onda başlayır ki, onlar öz xalqlarını qiymətləndirmirlər! Bu çox böyük siyasi fəlakətlərə yol açan səhvdir. İndi bəzi ölkələrdə «iftixarla» belə deyirlər ki, bizim xalqımız siyasiləşməmiş xalqdır! Bu, nə deməkdir? Bunu yalnız belə başa düşmək olar ki, bizim xalqımız yalnız və yalnız dolanışıqla bağlı şeylər haqda düşünür, o, dünyadakı prosesləri izləmir, mədəniyyətlə maraqlanmır, ədəbiyyat oxumur! Təbii ki, xalqı meşşan bir kütlə hesab edib onu aşağılayanların üzünə bir gün o, ağ olur!
A.Pinochet, 1990
A.Pinochet, 1990
Və bu, avtoritar liderlərin elə sözün əsl mənasında ən böyük səhvidir. Onlar gec-tez bu səhvin acılarını yaşamalı olurlar. Və bir gün onlar başa verənlərə inanmayaraq «Bu, nədir? Qiyam?» sualını verirlər. Bunun müqabilində isə «Yox, əlahəzrət, inqilabdır!» cavabını eşidirlər.

PINOCHET'İN DƏRSİ

Bunu qeyd etməsəm yazı bir qədər yarımçıq alınar. A.Pinochet Çilini demək olar ki, iqtisadi böhrandan qurtardı və onun xarici borclarını kəskin şəkildə azaltdı, çilililərə iş verdi. Pinochet'in dövründə Çili ən az xarici borcu olan bir Latın Amerikası ölkəsi idi. Zira Çili xalqı sona qədər onunla mübarizə apardı. Onları buna yalnız işsizlik, kasıblıq təhrik edirdimi? V.Jara'nın gitara çalan barmaqları azadlıq yolunda sındırılmışdı. Minlərlə insan azadlıq yolunda təqib edilmiş, məhbəsə atılmış və hətta itkin düşmüşdü. Ona görə də hamı – tox və aclar, işləyənlər və işsizlər, bir sözlə, hamı A.Pinochet'ə qarşı birləşdi. Pinochet'in də digər avtoritar liderlərdən fərqi o oldu ki, o, getmək məqamının çatdığını vaxtında anladı...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG