Əziz oxucum!
Həmişə yazdığımız, dediyimiz kimi, bu gün tarixi gündür.
Böyük M.Ə. Rəsulzadənin doğum günüdür!
Hər il sizlərə Cümhuriyyət və onun qurucuları barədə yeni bilgilər çatdırmağa can atan AzadlıqRadiosu bu il də boş dayanmadı.
Moskvada təzəcə çapdan çıxan «A.M. Topçubaşi i M.A. Rasulzade — perepiska 1923-1926» kitabının tərtibçisi, Ön sözün və qeydlərin müəllifi S.M. İshakovdan müsahibə almaq istədik. Ötən həftə ona belə bir məktub göndərdik:
Çox hörmətli cənab Salavat İshakov!
Sizi Azadlıq Radiosunun Azərbaycan Xidmətinin əməkdaşı jurnalist Sevda İsmayıllı rahatsız edir. Ortaq dostumuz Ramiz Abutalıbov tərtibçisi olduğunuz «А.М. Топчибаши и М.Э. Расулзаде» kitabını mənə təqdim edib (saytımızda bu barədə xəbər verilib). Əlləriniz var olsun! Heç sözsüz, çox dəyərli nəşrdir.
Haqqınızda daha çox bilmək istədiyimizdən, mümkünsə, bir neçə sualı cavablayın:
1. Sizi daha yaxından tanımaq üçün özünüz barədə hansı bilgiləri bizə yetirə bilərsiniz?
2. Azərbaycan tarixinə marağınız nədən qaynaqlanır?
3. Araşdırıcı G. Mamulia ilə necə tanış olmusunuz? O, Topçubaşı və Rəsulzadə arasındakı yazışmaların nəşri üçün niyə məhz Sizə üz tutub?
4. Sizin fikrinizcə, niyə Azərbaycan tarixçiləri sözügedən yazışmalardan daha öncə xəbər tutmayıblar və ümumiyyətlə, bənzər sənədləri daha tez üzə çıxara bilməyiblər (pis axtarırlar, gərəkli yerdə axtarmırlar, yoxsa bu barədə susmağı üstün tuturlar)?
5. Bu kitabın Rusiya tarixçilərindən, özəlliklə istər M.Ə. Rəsulzadəni, istərsə Ə.M.Topçubaşını ya ingilislərin, ya Anadolu türklərinin, ya da başqalarının əlində oyuncaq sayanlardan ötrü hansı dəyəri var?
6. Bu nəşrə görə Sizə minnətdarlığını kimlər bildirib?
Öncədən təşəkkürlər!
Dünən (30 yanvar) aldığımız cavabda cənab İshakov bu nəşrə ayırdığımız diqqət üçün təşəkkür etdi və vaxt çatışmazlığı səbəbindən hələlik suallarımıza cavab verə bilməyəcəyini yazdı.
Cavabdan üzülmədik. Müsahibəni daha uyğun zamanlarda alacağımıza ümid etdik. Və sizlərə kitabdan qısa seçmələr (ruscadan tərcümə) təqdim etməyə qərar verdik.
M.Ə. RƏSULZADƏNİN Ə.B.TOPÇUBAŞOVA (TOPŞUBAŞI) MƏKTUBLARINDAN SƏTİRLƏR:
17 noyabr 1923-cü il: «... Bir ay əvvəl çekistlər təsadüfən «Müsavat» partiyasının gizli mətbəəsini üzə çıxardılar. Həmin mətbəədə çap edilən çağırışlarda bildirilirdi ki, partiyanın buraxılması haqqında «bəyannamə» təhdid altında dərc olunduğundan heç bir məna kəsb etmir. Çekistlər saxta pul buraxanları axtararkən heç gözləmədikləri halda belə bir «müəssisə»yə tuş gəliblər. Bu münasibətlə yenə 200-dək adam, o cümlədən yoldaşlarımızdan 17 nəfər sadiq işçi həbs olunub. Həbs edilənlər arasında R.Vəkilov, Nərimanbəyov, K.Vəli, Məmmədzadə, Musayev və başqaları var. Mətbəə ilə əlaqəli olan iki nəfər qəhrəmanlıq göstərərək heç kəsi satmayıb...».
7 dekabr 1923-cü il: «... Yəqin Siz Bakıdakı yeni həbslər barədə məktubumu almısınız. Görünür, həbs edilənləri Rusiyaya yollayacaqlar. Yoldaşlarımızın taleyindən çox nigaranıq. Ancaq yerlərdə iş davam edir. Sizə 2 intibahnamə göndərirəm. Hələ ki, elə bir yeni ehtiyacımız yoxdur. Gürcüstana da bədbəxtlik üz verib: Xomeriki həbs olunub...».
20 aprel 1924-cü il: «... Bakıdakı həbslər barədə artıq Sizə xəbər vermişəm və «Yeni Qafqaz»dan işgəncə, aclıq və hətta qadınlarla da qəddar davranış Sizə tanışdır. Həbs olunmuş müsavatçıları, eynən Gürcüstanda menşeviklərlə davrandıqları kimi, formal baxımdan partiyanın ləğvinə məcbur etmək istəyirlər. Bu barədə xarici mətbuatda hay-küy qaldırmaq lazımdır, çünki bu yolla zor işlədənlərin niyyətlərini iflic etmək olar. Düzdür, bənzər xəbərlərlə avropalı ağaları kövrəltmək çox çətindir və onların kütləşmiş əsəblərini, yəqin ki, insanları diri-diri tonqalda yandırmaq kimi daha təsirli olaylar oyada bilər...».
23 iyul 1924-cü il: «... Vətəndə vəziyyət ağırdır: istər millətçiləri, istərsə təmayülçü kommunistləri hər yanda təqib edirlər. Uzun işgəncə və əzabdan və 3 dəfə açlıq aksiyasından sonra 11 adamdan ibarət müsavatçıları daha sonra Murmanska (orijinalda «Murman» yazılıb – S.İ.) aparmaq üçün Moskvaya sürgün ediblər.Təşkilat hər məhbusa yolxərci üçün 75 manat qızıl pul verib. Çeka bu pulların üzərinə həbs qoysa da, uzun çək-çevirdən sonra 30% vergi məbləğini çıxmaqla onları məhbuslara qaytarıb».
10 dekabr 1924-cü il: «... Bu günlərdə bakılı yoldaşlardan məktub aldım. … Şifrəli məktubdur. Müsavatçıların bir hissəsini Yaroslavla, bir qismini isə Solovetsk monastırına sürgün ediblər. 11 nəfər olublar. Onlar vağzala aparılarkən milli bayraq qaldıraraq himn oxuyublar. Sürgün edilənlər arasında müəllimlər, tələbələr, mətbəə yığıçıları və fəhlələr var. Əli Yusifzadə artıq buraxılıb.
Həbs və sürgünlərə baxmayaraq, təşkilat əvvəlki kimi fəaliyyət göstərir. Böyük maddi ehtiyacları var. Güllələnmiş, sürgün edilmiş və mühacirətə getmiş adamların ailələri yoldaşların himayəsindədir. Bu məqsədlə hər ay 1000 rubl xərclənir…».
M.Ə.Rəsulzadənin 1953-cü il mayın 28-də "Amerikanın səsi" radiosu ilə Azərbaycana müraciəti: