Keçid linkləri

Təcili xəbərlər

Axırdan 17-ci və ya bizi necə görürlər?


Bakı sakinləri «Eurovision»da qələbəni bayram edirlər - 2011
Bakı sakinləri «Eurovision»da qələbəni bayram edirlər - 2011
Mən artıq bir çox siyahılarda Azərbaycanı lap axır sıralarda axtarmağa adət etmişəm. Bu günlərdə gözümə «Sərhədsiz reportyorlar»ın qiymətləndirməsi dəydi. Söz və mətbuat azadlığının vəziyyətinə görə Azərbaycan bu dəfə də axır yerlərdən birində – 162-ci yerdə qərar tutmuşdu. Rəsmiləri belə hallar o qədər də narahat etmir. Onlar ya «beynəlxalq qərəz»dən, ya da ki, bu cür təşkilatların hesabatlarının onlar üçün elə bir önəm kəsmədiyindən danışır və özlərini elə göstərirlər ki, sanki bunun heç fərqində deyillər.

Amma bunu zahiri effekt kimi qiymətləndirmək lazımdır. Çünki hansısa əhəmiyyətsiz bir jurnal və ya qəzet, təşkilat azacıq Azərbaycan haqqında xoş sözlər deyərkən bunu bir neçə gün efirdə «fırladır», sanki öz siyasətlərinin təsdiqi kimi insanların beyninə həkk etmək istəyirlər. Belə qeyri-səmimi münasibət təbii ki, narahat etməyə bilməz.

Bu yazını ölkədə söz azadlığının vəziyyətini bir daha saf-çürük etmək üçün yazmadım. Bizim bir qədər uzaq şüurda və mədəniyyətdə öz görüntümüzü anlamaq da elə də az əhəmiyyət kəsb edən məşğuliyyət deyil. Ötən dəfə yazmışdım ki, biz bir çox hallarda siyasəti, elə diplomatiyanı da subyektiv insan hisslərinin fövqündə görürük. Bəs reallıq nə deyir? Təəssüf, belə deyil. İnsanlar siyasətə özlərinin çoxillik vərdişləri ilə gəlirlər və bu vərdişlər də siyasətin formalaşması prosesində özünü büruzə verir.

ORTA STATİSTİK QƏRBLİ ŞƏRQ HAQQINDA NECƏ DÜŞÜNÜR?

Heç olmasa, bircə dəfə bu haqda ciddi düşünmüşükmü? Ölkədə söz və ifadə azadlığı məhdud bir durumdadır, yazarlar təqib olunur, siyasət və ictimaiyyət fəalları hətta öz evlərində özünü rahat hiss etmirlər. Tanınmış hüquq müdafiəçisi öz evində telefonla dediklərinə bir neçə gündən sonra rəsmi qəzetdə reaksiya
İlham Əliyev nəşriyyat evində, 9 oktyabr 2008
İlham Əliyev nəşriyyat evində, 9 oktyabr 2008
görür!...

Və bütün bunlardan sonra biz haradasa söz və ifadə azadlığının məhdud bir vəziyyətə gətirilməsindən narazılıq edirik. Bəli, haradasa uydurulmuş «tarixi fakt»ı inkar etmək yasaq edilirsə, biz də hökumətin siyasəti haqda obyektiv fikir söyləmək, onu tənqid etmək, bunu demokratik üsullarla nümayiş etmək ciddi maneələrlə qarşılanır! Fərq bu qədərmi böyükdür? Məsəl var, deyirlər ki, orta statistik qərbli bütün siyasətə öz cibinin prizmasından baxır, bizlərə isə bu, yasaq olunur, hətta öz ciblərimizə uzanan əlləri belə tutmağa imkan vermirlər! İctimai rəy gec-tez stereotiplər formalaşdırır. Sonradan isə bunu aradan qaldırmaq çox çətin olur, çünki onlar uzaq ölkələr haqda təsəvvürlər kimi nəsildən-nəslə ötürülür. Acı da olsa, Fransa əsrlər boyu özü haqqında rəy formalaşdırıb, indi bu rəyi dəyişmək olduqca çətindir. Lakin Azərbaycan haqda rəy indi-indi formalaşmağa başlayır. Bu proses hansı özüllər, hansı məlumat əsasında gedir? Sual budur. Düşünmək üçün ağır olsa da. Tamam əminəm ki, «Sərhədsiz reportyorlar» Azərbaycanın adını irəli sıralarda çəksəydi, telekanallar bir həftə bu haqda danışacaqdı!

BİZ İRANA, KOREYAYA GÜLDÜYÜMÜZ KİMİ...

Fərq o qədər də böyük deyil. Bir çox parametrləri tutuşdurursan və anlayıb dərk edirsən ki, bizi onlarla çox şey «birləşdirir». Bir fərq var. O da bilirsiniz nədir? Bizim böyük iddialarımız yoxdur, biz beynəlxalq miqyasda «oyunçu» deyilik. Nə öz nüvə proqramımız var, nə kosmosa iddialıyıq, nə də ki, siyasi quruluşumuzu və dəyərlərimizi başqa ölkələrə ixrac etmək həvəsindəyik. O bir şeylər eynidir. Sadəcə, bizdə bir qədər təvazökar avtoritarizm qüvvədə və hökmdədir.
İ.Əliyev və N.Sarkozy
İ.Əliyev və N.Sarkozy
Bu təvazökarlığın müqabilində bizim hakimiyyət mənsubları özlərinə qarşı dözüm tələb edirlər. Bu, təxminən o deməkdir ki, biz sizin öz vətəndaşlarınızı necə idarə etdiyinizlə maraqlanmırıq, icazə verin, biz də öz vətəndaşlarımızı istədiyimiz kimi «idarə edək»! Elə Fransa da öz biabırçı və demokratiyaya zidd qərarını bu cür «əsaslandıra» bilər: sizə nə dəxli var ki, mən vətəndaşlarıma nəyi yasaq edirəm, vətəndaş mənimdir, özüm bilərəm!

Tanış məntiqdir, deyilmi? Cəhd etsək, bəlkə bundan da «tanış» detallar və «prinsiplər» tapa bilərik!

KİÇİK SÖZARDI

Belə bir söz var ki, gecikmiş bəraət kimi lüzumsuz bir şey yoxdur. Hər şeyin öz vaxtında əlacını tapmaq daha yaxşıdır. Ona görə də düşünməyək, bunları «Sərhədsiz reportyorlar» deyir, yoxsa başqa birisi! «Eurovision»a da çoxlu mətbuat adamı gələcək. Onlar artıq indidən ölkəni öyrənməklə məşğuldur!... Mənbə üçün də uzağa getməyəcəklər. Bizim «saymadığımız» bu təşkilatların hesabatlarına baxacaqlar...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG