Keçid linkləri

Təcili xəbərlər

Təhlükəsizlik Şurasında 2 il nə vəd edir?


BMT Təhlükəsizlik Şurasının iclası
BMT Təhlükəsizlik Şurasının iclası
Yanvarın 4-də Azərbaycan BMT TŞ-nın qeyri-daimi üzvü qismində ilk dəfə olaraq bu qurumun iclasına qatıldı. Bununla bağlı ölkədə bir eyforik ovqat yaşandı, hətta telekanallar bunu baş xəbər kimi təqdim etdilər. BMT strukturları üçün bu, bəlkə də adidən də adi hadisədir, çünki bu strukturlarda üçüncü ölkələr daha çox təmsil olunurlar. Bunun özü BMT-ni hansı aspektdən yozur, onu bir tərəfə qoyaq, çünki bütün hallarda TŞ -da üzvlük ölkəyə müəyyən siyasi dividentlər gətirir. Elə indi hamının gözlədiyi məsələ də bu siyasi dividentlə bağlıdır.

Öncə onu qeyd edək ki, Azərbaycanda hər bir kiçik addım Qarabağ problemi ilə bağlanır. Məlum məsələdir ki, BMT-nin Dağlıq Qarabağla bağlı düz 4 qətnaməsi var. İndi gözləntilər məhz bununla bağlıdır ki, Azərbaycan TŞ-da özünün 2 illik statusundan istifadə edərək o məsələni aktuallaşdıra biləcək, ya yox? Əslində qarşısına bu məqsədi qoyan ölkə ATƏT daxilində mövcud olan strukturlarda özünün fəallığını artırmalı idi. Çünki ciddi siyasi qurum olaraq BMT bir neçə dəfə bəyan edib ki, münaqişənin ATƏT formatı çərçivəsində çözülməsi daha məqsədəuyğundur. Amma o da var ki, heç bir tərəf Azərbaycanın öz problemini BMT çərçivəsində aktuallaşdırmaq istəyi qarşısında sədd də çəkə bilməz. Fəqət, bunun nəticəsi nə olacaq?

BMT əzəl gündən Gürcüstandakı münaqişələrlə daha yaxından məşğul olub. Amma o sahədə də nəticələr göz önündədir. Bircə fərq var. Beynəlxalq təşkilatlar və dövlətlər Gürcüstanın ərazi bütövlüyü məsələsində daha birmənalı hərəkət edirlər. Bəlkə Azərbaycanın da 2 il müddətində BMT-dən ala biləcəyi əsas dəstək elə bu ola bilərdi: daha çox ölkə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz etimadını ifadə edərdi.

Qarabağda hərbi təlimlər
Qarabağda hərbi təlimlər
Bir dəfə Azərbaycan bu məsələni də BMT-nin müzakirəsinə çıxarmış və səs çoxluğu ilə dəstək qazanmışdı. Zira Minsk Qrupunun həmsədri olan böyük ölkələr bu məsələnin lehinə olmamış və bununla da bir çoxlarını hətta təəccübləndirmişdilər. Çünki sual yaranır: bu dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanımırsa və buna səs vermirsə, onlar problemi hansı prinsiplər əsasında çözmək istəyir və nəyi əsas götürürlər? Məsələ o vaxtdan açıq qalıb. İndi 2 il müddətində ölkə böyük siyasətlə bağlı məsələlərin çözümündə iştirak edəcək. Ola bilsin ki, müəyyən sövdələşmələr olsun və bu da açıq qalmış problemin həllinə də bir töhfə versin. Amma mənə elə gəlir ki, bu 2 il ərzində münaqişə üçün bir şans varsa, o da budur ki, Azərbaycan 100-dən çox dövlətlə bilavasitə sıx təmasda olacaq. Təbii ki, bu da onun qanuni haqlarının təbliğində, dəstək qazanmasında rol oynaya bilər. Böyük sövdələşmələrə gəldikdə isə...

AZLIQLA, YOXSA ÇOXLUQLA?

Dünyada bəlkə də bir neçə dövlət var ki, bunlar da sözün həqiqi mənasında beynəlxalq birlik üçün problem yaradırlar. Nə edəsən ki, bu dövlətlərdən biri Azərbaycanın qonşusudur! Burada söhbət təbii ki, İrandan gedir. Amma bir qədər irəli gedərək Azərbaycan üçün müəyyən problem yarada bilən ölkələr sırasını belə müəyyən etmək olar:

Mahmud Əhmədinejad və İlham Əliyev
Mahmud Əhmədinejad və İlham Əliyev
1. Ermənistan (bunu Azərbaycanın öz maraqları tələb edir)
2. İran. (Sanksiyalar)
3. Balkanlar. (Kosovo məsələsi)
4. Yaxın Şərq. (Ərəb-İsrail münaqişəsi)

Ola bilsin ki, hansısa başqa problemlər də var. Lakin qeyd olunan məsələlər müzakirə olunarkən Azərbaycan ciddi seçim etməli olacaq. Amma böyük və mürəkkəb siyasət mürəkkəb olduğu qədər də sadədir: bir çox məsələlərdə çox rahatca çoxluğun tərəfini tutmaq olar. İranı götürsək, o, öz qonşusunun maraqlarına elə diqqət yetirmir. Belə olan təqdirdə Azərbaycana nə gəlib? O niyə hər məsələdə İranın diktəsi ilə və yaxud onun maraqlarına uyğun olaraq hərəkət etməlidir?

KİÇİK SÖZARDI

Təbii ki, 2 il TŞ-da təmsil olunmaq Azərbaycana böyük dövlət statusu və yaxud buna bənzər bir şey verməyəcək. Elə Azərbaycanın özü də buna can atmamalıdır. Diplomatiyanın resepti sadədir: olduğundan kiçik görünmək o qədər sərfəli olmadığı kimi, olduğundan böyük görünmək də bir şey deyil və ələlxüsus da ziyanlıdır...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG