Keçid linkləri

Təcili xəbərlər

Zeynal Məmmədli. Yeni ilin qulağına nə pıçıldayım?


Zeynal Məmmədli
Zeynal Məmmədli
…Ürəyimdən yeni ilin qulağına bir şeylər pıçıldamaq keçir. Bəyəm azı 2012 qışqırıq və fışqırığın qulaq batırdığı bir ölkədə 3-4 pıçıltını dinləyən tapılmaz? Tapılar, əlbət…

Amma təbii bir sual da çıxır: nə pıçıldayasan, nə vaxt pıçıldayasan və necə pıçıldayasan ki, pıçıltılar gerçəyə çevrilsin?

Nə pıçıldayacağımı deyirəm.

Deyirəm, elə təzə başlamışkən yeni ilin qulağına pıçıldayım ki, qoy hökumət adamları, parlaman üzvləri, polislər, hakimlər qəfildən aşiq olsunlar. Yəni din bilmədən, dil bilmədən, yer bilmədən, yaş bilmədən dəli kimi vurulsunlar!.. “Nə dəyişər?” deyə soruşanlara həmən sazı əlimə alıb bildirirəm:

Sevənlərin üzü məmur üzünə bənzəməz,
Allanar-bullanar, amma ütülməz!
Sevənlərin gözü polis-molis gözünə bənzəməz,
İşarar-yaşarar, amma xoflatmaz!


Nə vaxt pıçıldayacağımı deyirəm.

Deyirəm, büdcə müzakirəsi ən uyğun zamandır. Kim desə ki, zamanı ötüb ona da cavabım var: bizim MM, lazım gəlsə, lap Yer Kürəsinin də adını dəyişər, o ki qala büdcənin təkrar müzakirə zamanını.

Hə-ə-ə… İndi yenə sazı döşümə basıb söz üyüdüm:

Sevənlərin gözü deputat gözünə bənzəməz,
Baxışar, irişər, amma xor baxmaz!
Sevənlərin sözü deputat sözünə bənzəməz,
Dolaşar, ilişər, amma yalan yükü daşımaz…


Necə pıçıldayacağımı deyirəm

Əslinə qalsa, pıçıldamaq da (qeybət niyyətin yoxdursa) elə qışqırmağın bir növüdür, ancaq gərək elə qışqırasan ki, yan-yörədəkilər eşitməsin. Məsələn belə: ağzını tutursan düz Flankəsin qulağının dərin dəliyinə və hermetik-germetik bir ortamda ağzına və ağlına gələni bağırırsan… Və həmin Flankəs çaşqın-şaşqın-bayğın və mağmın bir tövrlə ondan nə istədiyini soruşanda sözün lüğəti mənasında qulağına pıçıldayırsan ki, bəs… “Yeni ildə neft tükənərsə, şadlıq saraylarının gəlirindən büdcə oluşdurmağa necə baxırsan?”… Vah-vah! Bircə ilin içində şadlıq saraylarının qiyməti bublik-simit, uzağı sement qiymətinə düşməzdimi?!.

Və sizlərdən ricam:

Deyirəm, bəlkə deyinə-öyünə-sevinə-sevinə yeni ilin qulağına pıçıldayım ki, bircə illiyinə mısmırıqlara veto qoysun. Dünyanı özəl, şeytanı dəcəl yaradan Uca Tanrım, bu qap-qara mısmırıqlara nədən qadağa qoymayasan, axı? Bax o fransız Hüqo yazmışdı ki, qadını gözəl yapan Tanrı, sevimli yapan şeytanmış. Bəs öyləysə, bu gözəl yeni ili sevimli yapmaqda göydəki şeytana aman ver, uca Tanrım!..

Otun biçilsin, yeni il!
Yunun didilsin, yeni il!
Dediklərim olmazsa da,
Üzün gülsün, yeni il!
XS
SM
MD
LG