Keçid linkləri

Təcili xəbərlər

İşıq sürəti ilə siyasət


Medvedev-Putin. Suvenir saat
Medvedev-Putin. Suvenir saat
Əvvəl ərəb ölkələrində, sonra da Rusiyada baş verən siyasi prosesləri təhlil edərkən ənənəvi siyasi modellərə yenidən baxmaq zərurəti yaranır. Əsasən real siyasi kontaktlar üzərində qurulan bu modellər avtoritar sistemlərdə bir o qədər də effektiv olmur, çünki bu sistemlərdə insanların ifadə azadlığı və ənənəvi etiraz üsulları məhdudlaşdırılır. Təsadüfi deyil, əvvəllər də insanlar özlərini ifadə etmək üçün qeyri-fiziki üsullar axtarırdılar. Bir o qədər uzaq olmayan keçmişdə belə axtarışlar ədəbiyyatda və sənətdə yeni ifadə üsulu və formaları yaratmış, mədəniyyətdə yeni istiqamətlərin yaranmasına səbəb olmuşdu. Məhz elə bu yolla «dissident ədəbiyyatı» deyilən fenomen meydana gəlmişdi. Amma əlahəzrət zaman hər şeyi dəyişir.

İndi B.Franklin'in ardınca hamı «Vaxt – qızıldır!» deyir. Mən bunu gündəlik həyatımda da hiss edirəm. Ətrafda bir neçə kiçik mağaza var, mən onları həmişə işləyən görürəm. Cəmi 20 ildir ki, kapitalist quruluşunda yaşayan ölkədə belədirsə, onda o biri ölkələr haqda danışmağa dəyərmi? Məişətimizə bir sürət amili daxil olur və təsadüfi deyil ki, hər şeydə insanları sürət maraqlandırır.

Bir neçə il bundan əvvəl B.Gates'in «İşıq sürəti ilə biznes» kitabı çıxmışdı. O, internetin biznesdə yaratdığı ümumi atmosfer haqda yazmışdı. Lakin o, özü də bəlkə düşünmür və ehtimal etmirdi ki, tez bir zamanda insan fəaliyyətinin bütün sferaları əsl dəyişikliyə məruz qalacaq – sürət anlamı tamam dəyişəcək. Bunu hamı bir o qədər də vaxtında dərk edə bilmədi – burada söhbət siyasət adamlarından gedir. Onlar nəyi nəzərdən qaçırdılar?
Foto: Arxiv
Foto: Arxiv

VAXT İŞLƏMƏK ÜÇÜNDÜR!

​Bəlkə də bu fikir primitiv görünəcək, amma mən onu qeyd edəcəm: əvvəllər iş və əmək icbari məzmun daşıyırdı, indi isə o, stimul deməkdir. Əvvəllər iş icbari xarakter daşıdığından hamı istirahət üçün vaxt «oğurlayır»dı. Elə ona görə də qalın romanlar, qalın jurnallar oxunurdu. İndi belə deyil. Bunu hətta sənət adamları da duya bilmirlər, o ki qaldı, siyasətçilər ola. Bütün aktiv və səmərəli vaxtı insanlar işə həsr edirlər. Ona görə də keçmiş üçün nostalji və həsəd keçirməyə ehtiyac yoxdur. Daha heç bir vaxt teatrlarda anşlaq, qəzet və kitab köşklərində növbə olmayacaq, çünki vaxt işləmək üçündür! Kim bu sadə həqiqəti dərk etsə, onun işi irəliləyəcək, kim dərk etməsə...

Bir daha bu məsələni lap dəqiqliyi ilə qeyd edirəm: əvvəllər bütün cəmiyyət reqlamentlərə əməl edirdi, bu reqlamentin də bir hissəsi iş idi, hamı onu başa vurub o saat özünün əsl işinin ardınca yollanırdı: kimin üçünsə bu iş çayxanada oturmaq və olub-gedənləri «təhlil» etmək, başqa birisi üçün bazarlıq, digəri üçünsə AXC-nin mitinqlərində iştirak etmək idi! İndi belə deyil. Bəlkə də başqa bir kapitalist ölkələrində insanların boş vaxtı daha çoxdur, amma yeni dövlətlər belə deyil, xüsusən də Asiya ölkələri. Burada insanlar hətta bayramlara belə qazanc üçün fürsət kimi baxırlar. Bəs nə etmək olar?

SÜRƏTİ DƏYİŞMƏK...

İndi internet bu suala cavab verir. Bir vaxt bəzi təhlilçilərin giley-güzarla, o qədər də xoş olmayan ovqatla bəhs etdikləri «virtual dünya» indi bir reallığa çevrilir. Mən Rusiyada baş verən proseslərdə bir adama diqqət yetirdim.
Aleksey Navalnı
Aleksey Navalnı
Bu adam A.Navalnı idi. Proses başlamamışdan öncə rusiyalıların artıq 7 faizi o adamı tanıyırdı. Bu da daha çox internetin sayəsində olmuşdu. Dekabrın 24 – də keçirilən operativ sorğuya görə isə, aksiya iştirakçılarının düz 22 faizi o adamı prezident seçkisində dəstəkləməyə hazır olduğunu bəyan etmişdi.

Bəli, siyasi partiyasız və ənənəvi siyasi modellərə müraciət etmədən həmin bu adam artıq Rusiyanın siyasi diqqət mərkəzinə düşdü. İndi onun ənənəvi sorğu siyahılarına düşməsi heç kimi təəccübləndirməyəcək, bəlkə bundan sonra o da «Rusiyanın yüz siyasətçisi» sorğu siyahısına düşəcək.

BİR QƏDƏR CAVANLAŞMAQ...

Hər şeydə yeni özünüifadə üsulu axtarmaq gənclər üçün xarakterikdir. İndi gənclər yeni üsulu tapıblar: bu, internetdir. Siyasət bir növ gəncləşir, yaşlı insanların yerini böyük sürətli ünsiyyət üsullarına yiyələnmiş gənclər tutur və siyasətin yaş tərkibi dəyişir. Təhlilçilər siyasətin hətta leksik məzmunu ilə bağlı fikirlər səsləndirirlər: indi qısa fraza və cümlələrlə siyasi çağırışlar etmək daha çox dəbdədir. Bu da internetdən gəlmiş xüsusiyyətdir. Bəlkə də heç kim güman etmirdi ki, qısa SMS-lər bir gün siyasətin də dilini dəyişib ona yeni forma verəcək. Qərəz, hər şey sürətə hesablanır. Tez çatdırmaq və daha qısa ifadə etmək, çünki vaxt azdır...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG