Keçid linkləri

Təcili xəbərlər

2012-ci il Dağlıq Qarabağ münaqişəsinin həllinə nə vəd edir?


Bernard Fassier
Bernard Fassier
2011-ci il Dağlıq Qarabağ münaqişəsinin həllinə yenilik gətirmədi. Münaqişənin həlli baxımından ili necə başlamışdıqsa, eləcə də başa vurduq. Gələn il yaranmasının 20 illiyini qeyd edəcək ATƏT-in Minsk Qrupu münaqişənin həllində çarəsiz qalıb. Bunu Minsk Qrupundakı vəzifəsini tərk edən fransalı keçmiş həmsədr Bernar Fasye də Bakıdakı mətbuat konfransında etiraf edib. Bəs bu il daha nələrlə yadda qalıb?
RƏSMİ BAKININ TƏKLİF VƏ TƏŞƏBBÜSLƏRİNİN CAVABSIZ QALDIĞI İL
Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Soçi və Kazanda keçirilən iki görüş nəticəsiz qaldı. Belə vəziyyətdə rəsmi Bakı il ərzində bir neçə təşəbbüslə çıxış etdi. İlk olaraq xarici işlər naziri Elmar Məmmədyarov çərçivə sənədi imzalanmadan sülh sazişi üzərində çalışmalara başlamağın vacibliyini dilə gətirdi. Ancaq nə rəsmi Yerevan, nə də ATƏT-in Minsk Qrupu həmsədrləri Məmmədyarovun bu təklifinə müsbət reaksiya verdilər.
Bir ara, rəsmi Bakı keçmiş illərdə olduğu kimi Dağlıq Qarabağ mövzusunu yenidən BMT müstəvisinə çıxarmaq istədi. Bu məqsədlə BMT Baş Assambleyasının 66-cı sessiyasının gündəliyinə «GUAM məkanında həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri» və «Azərbaycanın işğal altında olan ərazilərində vəziyyət» adlı qətnamə layihələri salındı. Ancaq son xəbərlərə görə, keçmiş illərdə olduğu kimi bu qətnamələrin müzakirəsi növbəti dəfə təxirə salınıb. Əgər rəsmi Bakı bu qətnamələrin təxirə salınmasına etiraz etmirsə, ondə nədən hər dəfə eyni sənədləri gündəmə gətirməyə çalışır? Azərbaycan rəsmiləri hələ ki, bu suala konkret cavab verməyiblər.
Azərbaycan prezidenti İlham Əliyev iyun ayında «Euronews» televiziya kanalına verdiyi müsahibədə Dağlıq Qarabağa geniş muxtariyyət verilə biləcəyini deyərək, konkret misal göstərdi: Cənubi Tirol. Ermənistan hakimiyyəti və beynəlxalq vasitəçilər bu təklifi də qulaqardına vurdular.
İlham Əliyevin «Euronews»a müsahibəsi
İlham Əliyevin «Euronews»a müsahibəsi
Azərbaycan hakimiyyəti son aylarda yenidən xalq diplomatiyasını hərəkətə gətirməyə girişib. Milli Məclisin sədr müavini Bahar Muradova Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının görüşünün keçirilməsi təklifi ilə çıxış etdikdən sonra növbə yenə Elmar Məmmədyarova çatıb. Xarici işlər naziri tərəflər arasında etibarın möhkəmləndirilməsi, azərbaycanlı və erməni icmaları arasında istər Azərbaycan və Ermənistanda, istərsə də Qarabağda ünsiyyət qurmaları təşəbbüslərini bu sözlərlə dəstəkləyib: «Getsinlər, görüşsünlər, ünsiyyət yaratsınlar. Əlaqələrin intensivləşdirilməsini vacib sayıram». Nazirin bu çıxışından dərhal sonra «Dağlıq Qarabağın azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov açıqlama verərək, «Biz istəyirik ki, icmalar mütəmadi görüşsünlər» fikrini dilə gətirdi. Bunun ardıca, Berlində və Parisdə icmaların görüşləri təşkil olundu. Bu toplantılara ayrı-ayrı ermənilər təşrif buyursalar da, Dağlıq Qarabağın erməni icmasının nümayəndələri qatılmadılar.
GƏLƏCƏK GÖZLƏNTİLƏR
2012-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda irəliləyiş olacağı ehtimalı azdır. Növbəti iki il Dağlıq Qarabağ münaqişəsində tərəf olan ölkələrdə - Ermənistan və Azərbaycanda, o cümlədən həmsədr ölkələrdə - Rusiya, Fransa və ABŞ-da prezident seçkiləri keçiriləcək. Seçki ilində isə Qarabağ məsələsində heç bir tərəf risqli addım atmır, danışıqlar dondurulma səviyyəsinə qədər endirilir.
Rusiya prezidenti Dmitri Medvedev estafeti Vladimir Putinə verməyə hazırlaşır. Rusiyada martda prezident seçkiləri yekunlaşandan sonra haradasa aprel və may aylarında Kreml yenidən təkbaşına vasitəçilik imkanlarını işə sala bilər. Ancaq bu nə münaqişənin ədalətli həllini sürətləndirəcək, nə də Kremlin yeni sahibinin vasitəçiliyinin Azərbaycana xeyri olacaq. Medvedev 3 il çalışdı, prezidentləri 10 dəfə bir araya gətirdi, ancaq heç nəyə nail olmadı. İndi isə gələcək danışıqlara böyük ehtimalla Putin (ancaq buna qədər Putin hələ Rusiya içində legitimliyini təsdiq etmək məcburiyyətindədir) vasitəçilik etməlidir. O isə Ermənistana Medvedevdən də çox önəm verir. Kreml üçün əvvəlkitək Ermənistanı əldə və Rusiyadan asılı vəziyyətdə saxlamaq, Azərbaycanın haqlı istək və maraqlarını nəzərə almaqdan, xırda-para qaz anlaşmaları imzalamaqdan daha vacibdir.
Rusiya baş naziri Vladimir Putin və prezident Dmitri Medvedev
Rusiya baş naziri Vladimir Putin və prezident Dmitri Medvedev
Rusiyanın vasitəçiliyinin işə yaramadığını anlayan Azərbaycanın siyasi və ictimai dairələri digər həmsədr – ABŞ-dan fəallıq gözləyir. Ancaq hələ ki, Vaşinqton Qarabağ estafetini Kremldən geri almağa həvəsli deyil. Çünki digər qlobal məsələlərdə Kremllə anlaşan və ya anlaşmağa çalışan Vaşinqton Cənubi Qafqaz ölkələrinin təhlükəsizlik məsələlərində ehtiyatlı mövqe tutaraq, Moskva ilə üz-üzə gəlmək istəmir. Bu siyasətin hələ daha nə qədər uzanacağı isə bəlli deyil.
2012-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa Birliyinin nisbətən fəallaşmasını gözləmək olar. Avropa Birliyi Şərq Təfədaşlıq Proqramına daxil olan ölkələri, o cümlədən Azərbaycan və Ermənistanı rəsmən Avropa dövlətləri adlandırdığından, istər-istəməz bu bölgədəki proseslərə marağını artırmalıdır. Bu baxımdan Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eştonun Filipp Lefortu Avropa Birliyinin Cənubi Qafqaz regionunda xüsusi təmsilçisi təyin etməsi əlamətdar haldır. Bu diplomat Minsk prosesinə müəyyən dəstək imkanı verən spesifik mandata malikdir. Bundan başqa, son zamanlar ATƏT Minsk Qrupunda Fransanı Avropa Birliyinin əvəz etməsi mövzusu aktuallaşıb. Bu yerdəyişmə münaqişənin həllini sürətləndirməsə də, hər halda Fransanın vasitəçiliyindən müsbət mənada fərqlənə bilər. Fransanın prezidenti Nikola Sarkozinin bu il Cənubi Qafqaza səfəri zamanı Azərbaycanla müqayisədə Ermənistana necə önəm verdiyi özünü açıq-aşkar biruzə verdi. Səfərinin əhəmiyyətli hissəsini Yerevanda keçirən Fransa prezidenti Bakıdakı görüşlərinə cəmi 3 saat ayıraraq Azərbaycandan ayrıldı. Digər tərəfdən Sarkozinin Fransadakı erməni lobbisinin səsini qazanması üçün Türkiyə əleyhinə yürütdüyü siyasət də rəsmi Bakı üçün ciddi siqnal olmalıdır. Erməni lobbisinin əlində alət olan dövlət və ya lider Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz ola bilməz.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG