Keçid linkləri

Təcili xəbərlər

Havel'in Azərbaycan əhəmiyyəti


Vaclav Havel
Vaclav Havel
Vaclav Havel vəfat edib.

Bir qayda olaraq, belə xəbərlər adamda səthi hüzn doğurur. Səthi o mənada ki, yaxın adamını itirdiyin kimi sarsılmırsan.

Xəbərin «ağır itki üz verib» formasında təqdim olunması da çox vaxt kədər hissini xüsusi olaraq artırmır.

Elmə verib bu «ağır itki», mənim elmə aidiyyətim yox. Və ya incəsənətə, bağışlayın, məgər əsl rəssamlar ölümündən sonra tanınmır?

Əlqərəz, Vaclav Havel'in ölüm xəbərini eşidəndə fikirləşdim ki, görəsən, Azərbaycanda bu hadisədən sarsılacaq kimsə varmı? Çexiyanın Azərbaycandakı səfirindən başqa ağlıma heç kim gəlmədi.

Bütlər və simvollar axtarışında tarixin, dinin, ideoloji nəzəriyyələrin müxtəlif dalanlarında eşələnən adamlar gəldi gözüm önünə. Che Guevara'nın şəklini sinəsində gəzdirənlər, Xomeyninin portretlərini öpənlər, Heydər Əliyevin heykəllərinə baş əyənlər. Eyni ölkənin taleyini bölüşən bu insanlar bircə bilsəydilər Azərbaycanın Vaclav Havel simvoluna necə ehtiyacı var!

Ən azından çünki dünyada bir-neçə Azərbaycan Respublikası yoxdur ki, müxtəlif əqidəli insanları paylaşasan bu dövlətlər arasında – hərə öz dəyərlərinə uyğun yaşayıb digərlərinə zülm etməsin. Günəş sevgisi ilə kiminsə evini göyə sovurmasın, peyğəmbər eşqiylə kiminsə ürəyinə bıçaq soxmasın, sabitlik naminə kimisə zindanlamasın.

80-ci illər Havel kimi Şərqi Avropanın çox siyasətçisini oxşar tale ilə üz-üzə qoymuşdu – öz xalqının azadlığı uğrunda mübarizə aparmaq. Amma çoxları sonradan siyasi praqmatizmin güdazına gedib ideoloji tolerantlıq hissini itirdilər. Əjdahayla vuruşa-vuruşa özləri əjdahaya döndülər. Bu sınaqdan ləyaqətlə çıxmağı bacarmaq üçün sözün əsl mənasında azad insan olmalısan. Axı gərək özünün komplekslərindən azad olasan ki, başqalarının azadlığı uğrunda
Vaclav Havel Praqada nümayişçilər qarşısında, 1989
Vaclav Havel Praqada nümayişçilər qarşısında, 1989
çarpışasan.

Mənə elə gəlir ki, Havel'i siyasi fiaskodan sığortalayan da onun daxili azadlığı idi.

Sözümün qüvvətini hətta Havel'in şəxsi həyatında da tapa bilərsiz. Onun həyat yoldaşı Olga ilə ailə qurmaq qərarı varlı təbəqəyə məxsus Havel'in valideynlərində güclü etiraz doğurmuşdu. Səbəbi, yəqin ki, çoxunuza tanış gələcək: Olga kasıb fəhlə ailəsindən idi.

1997-də Vaclav Havel (Olga'nın ölümündən 1 il sonra) məşhur aktrisa Dagmar Veskrnova ilə kəbin kəsəndə də siyasi elitanın etirazı ilə rastlaşmışdı. Hesab edirdilər ki, Veskrnova ilə arasında olan 15 illik yaş fərqi Havel'in siyasi nüfuzuna xələl gətirə bilər.

Havel'in Azərbaycan üçün ən böyük əhəmiyyəti isə siyasətçilərə bir örnək ola bilərdi ki, dövləti idarə etmək üçün cəmiyyəti siniflərə, məzhəblərə, tayfalara yox, hakimiyyəti qanadlara bölmək lazımdır.

Nə başınızı ağrıdım, Vaclav Havel vəfat edib – durğu işarəsini özünüz qoyun. Mən nida işarəsi təklif edirəm.

Bunlar müəllifin şəxsi təhlillərinin nəticələridir.
XS
SM
MD
LG