Keçid linkləri

Təcili xəbərlər

Köşə yazarlığı


Zeynal Məmmədli
Zeynal Məmmədli

Yəqin, bu saytın oxucusu soruşa bilər ki, “köşə yazarlığı” barədə bilgilər mənim nəyimə lazımdır? Çox haqlı sualdır, amma biz bilgi toplumunda yaşamaq istəyiriksə, təkcə bilgiləndirən deyil, bilgiləndirilənlər də bu bilgilərin qaynağı barədə maksimum məlumatlı olmağa çalışmalıdırlar. Özü-özünü yönəltmək istəyən və məhz demokratik idarəçiliyə üstünlük verən vətəndaşlar gərək bilgi qaynağına tənqidi yanaşmağı da öyrənsinlər.

Digər tərəfdən, Azərbaycan mediasında, eləcə də İnternetdə müxtəlif köşə və bloqların gün-gündən çoxaldığını gözə alsaq, “köşə yazarlığı” və bəlli anlamda “bloq yazarlığı” barədə təməl bilgilərin heç də faydasız olmadığını düşünməliyik.

Çağdaş jurnalistika “köşə (guşə) yazısı”ndan 3 anlamda yararlanır:

1) Qəzet öz taktik məsələlərini çözmək üçün xəbər seçməsi və statistik bilgiləri, sitat və sorğuları və sadəcə ilgiçəkən məlumatı özəl bəzəkli qəzet sütünlarında ayrıca diqqətə yetirir;

2) Qəzet strateji hədəflərini əsas tutaraq öz adı ilə oxucuların diqqətini çəkən müəllif rubrikalarından yararlanır. Bənzər “köşə”lərin – sütunların başlıca rolu bəlli oxucu bölümünün maraqlarının ödənməsidir;

3) Gözlərimiz önündə oluşan və konkret olayla bağlı müəllifin özəl yaşantılarını güncəlləşdirən bir qəzet (dərgi) janrı kimi.

“Köşə yazısı” ilə “bloqqinq” arasında bəzi bənzərliklər həmən diqqət çəkir. Bloqqinqdə də müəllifin özünü “ovutması”, “başını qatması” və təbii ki, jurnalistika ilə bəlli biçimdə bağlantı var. Bloq da bir çeşid köşə yazısıdır. Və bloqlar vecsiz-umursuz baş redaktorun qəzet səhifələrində boy-ha-boy yer verdiyi “köşə” yazılarına çox oxşayır.

Köşə yazıları belə yarandı

XIX yüzildə qəzetlərdəki dedi-qodu, qeybət və söylənti bölümlərini (“sütunları” da deyə bilərik) istər Amerika, istərsə Avropa oxucuları böyük maraqla izləyirdilər. Həmin sütunlarda şəhər sakinlərinin günlük yaşam səhnələri – doğum və ölüm, toy-nişan mərasimləri, səfərlər, gəzintilər diqqətə yetirilirdi. Beləcə, bir çeşid salnamə yaranırdı: aramsız çap edilən xəbər parçaları ayrıca bir insanın tam yaşam mənzərəsini oluşdururdu.

Zaman ötdükcə bu rubrika-bölüm-sütunlarda açıq-aşkar müəllif sözünə köklənən müxtəlif janrlı şərh, esse, icmal, rəy xarakterli yazılar toplanmağa başladı. Belə janr qarışıqlığı, hopma və hibridlər, müəllif və oxucu bilincinin dəyişmələri ayrıca şəxsiyyətə özəl maraq oyatdı və beləcə, medianın yeni bir günlük janrı -- köşə yazıları meydana gəldi. Bu yazılarda maksimum şəxsi, intim və bioqrafik çalarlar yer alınca, müəllifin hər hansı olayla bağlı yaşantı və düşüncələri də ön plana çıxdı.

Köşə yazarlığının özəllikləri

Birinci onu deyək ki, “köşə”nin yazılmasına sanki bir bəhanə, bir tutalğa lazımdır. Hansısa bir fakt -- danılmaz bilgi və ya olay, diqqət çəkən insan taleyi və ya xarakter belə bəhanələrdən sayıla bilər. Köşə yazarı üçün həmin faktı necə qavraması, bu faktın doğurduğu yaşantı və duyğular ön plana çıxır. Nəticədə müəllif, dolayı da olsa, yazının predmetinə çevrilir.

İkinci özəllik -- yazının güddüyü amacdır, yəni müəllif sanki “mən niyə bu yazını yazıram?” sualını cavablandırır, oxucunun diqqəti olaydan doğan durumla yanaşı, bu durumun necə dəyərləndirilməsinə yönəldilir. Başqa deyimlə, “müəllif məni” araşdırma obyektinə çevrilir.

Üçüncü özəllik köşə yazarının şəxsiyyətini bütövlükdə yazının başlıca məna yükü kimi qavramağı şərtləndirir. Bax bu baxımdan köşəni (rubrikanı) aparanın ya tanınmış olması, ya öz sahəsinin mütəxəssisi sayılması, ya da parlaq yetənəyi ilə diqqət çəkməsi önəm qazanır. Yəni köşə yazarı ünlü birisi, yaxud danılmaz mütəxəssis deyilsə, toxunduğu hər məsələyə maraq oyadacaq dərəcədə istedada sahib bir şəxs olmalıdır. Bu halda fikir nümayişinin – düşüncə göstərisinin özü ön plana çıxır.

Dördüncü özəllik – təhlil-incələmə bacarığı ilə örnəklərlə ümumiləşdirmənin üst-üstə düşməsi, bir-birini tamamlamasıdır. Başqa deyimlə, oxucu ilə ünsiyyəti itirmədən səbəb-nəticə əlaqələrinin üzə çıxarılması, bunların dəyərləndirilməsi, gələcək inkişafının öncədən görülməsidir.

Beşinci özəllik – məzmundur. Köşə yazısını məzmun baxımından açıqlamağa çalışsaq, müəllifin ya birbaşa, ya da dolayı yolla üzləşdiyi fakt, olay və düşüncələr zəncirindən söhbət getdiyini görərik. Peşəkar yazılan köşədə yalnız və yalnız gerçəkdən baş vermiş olaylardan söz açılır və olaya onun öz zamanında, sanki sinxron şəkildə qiymət verilir. Həmin şərtlər çərçivəsində faktın özü deyil, ona müəllifin münasibəti ön plana çıxdığından köşə yazısı maksimum dərəcədə canayaxın – məhrəm – özəl bir media janrı təsiri bağışlayır. Sənədlə şahid arasındakı fərqi unutmamaq şərti ilə, gələcəyin oxucusu köşə yazarına yazıb-yaratdığı dövrün şahidi kimi baxa bilər.

Altıncı özəllik – yazının oluşma biçimidir – formadır. Bu baxımdan köşə yazısı adi xəbərdən ciddi araşdırmayadək ən müxtəlif media janrlarının bütün elementlərini özündə toplaya bilər. Sadəcə, bir şərt qorunmalıdır: bu elementlərin hamısı müəllifin yazı tərzini, öz fikrini əsaslandırma şəklini gücləndirməli, gələcək köşələrdə də gözardı etməməlidir. Yalnız bu halda köşə yazarı öz oxucusunu da olayların iştirakçısına, dəyərləndiricisinə çevirə bilər. Və yalnız bu halda oxucu yazarın “düşüncə şifrəsini” zamanında aça və onun həmsöhbətinə çevrilə bilər. Ən yaxşı köşə yazısı, dolayısı ilə, sanki oxucunun yazdığı, onun da müəllifə döndüyü yazıdır.

Daha bir özəllik köşə yazarının yaşıdır. Peşəkar köşə yazarları, kiçik bir istisna ilə, reportyor, redaktor, menecer pillələrini aşmış, bəlli təcrübə və güvən qazanmış və yazdığı mövzularda ixtisaslaşaraq ekspertə (biliciyə) çevrilmiş jurnalistlərdir.

“Hansı köşəni oxuyum, ya oxumayım?” sualı ilə üzləşdikdə diqətinizə yetirilən bilgilər sizə yardımçı ola bilər.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG