Keçid linkləri

Təcili xəbərlər

Bashar Assad'ın üç günü


Bashar Assad
Bashar Assad
Təxminən bir ildən bir qədər az müddətdə üç despotik ərəb siyasi idarəçiliyi çökdü, dördüncü isə indi çökmək üzrədir. Dünya uzun müddət idi ki, belə davamlı müqavimət, despotik siyasi sistemə qarşı inadlı təzyiq görməmişdi.
Artıq insanlar da hər gün ərəb dünyasında baş verən proseslər haqda xəbər və təhlillər eşitməyə alışıblar. Məni təəccübləndirən Ərəb Ölkələri Liqasının Suriya ilə bağlı nümayiş etdirdiyi dirəniş oldu. Məlum oldu ki, bəzi hallarda insanlar nəyəsə qiymət verərkən bir az tələsirlər. Bəli, hətta Liqa da özünün Rusiyadan daha mütərəqqi bir siyasi vahid olduğunu sübut etdi. Rusiyanın diplomatları BMT tribunasından B.Assad'a yardım etməyə çalışarkən və yerli müxalifəti davamlı olaraq onunla dialoqa çağırarkən Liqa Assad idarəçiliyinə üç gün vaxt verdi.

Sözsüz, siyasi nəticələrlə bağlı tələsmək olmaz. Təbii ki, mən də düşünmürəm ki, üç gün Assad hakimiyyətinin sona yetişməsi üçün kifayət edəcək. Yox, necə deyərlər, «bu xəmir hələ bir az su aparacaq». Zira Liqanı neytrallıqda və fəaliyyətsizlikdə qınamaq üçün əsas yoxdur, o gücü və səlahiyyəti çərçivəsində Assad hakimiyyətinə qarşı təzyiq göstərir. Əvvəl də deyilmişdi və indi bir daha təkrar edirik ki, Assad hakimiyyəti ilin sonuna və ya növbəti ilin ilk aylarına qədər davam gətirsə, bu, çox təəccüblü olacaq.

DİKTATORLAR NƏDƏN BELƏ PİS «ŞAGİRD» OLURLAR?

Bu insanlar, yəni diktatorlar, öz millətini eşitmirlər, dünya birliyinin sözünə qulaq vermirlər, tarixdən ibrət götürmürlər... Daha başqa nələri etmək olar? Mən güman etmirəm ki, B.Assad'ın ölkəsindəki dayaqları M.Qaddafi'nin malik olduğu dayaqlardan daha üstündür. Qaddafi'nin aqibətini gördük. Həmin bu aqibət daha təcrübəsiz və nisbətən gənс olan Assad'ı də gözləyir.

Dmitri Medvedev və Bashar Assad
Dmitri Medvedev və Bashar Assad
​Ehtimal ki, geс-tez Rusiyanın da müqaviməti qırılacaq. Artıq 3500 ədədi (martdan bu günə qədər ölənlərin sayı) Rusiyanı da çəkindirir. Üstəlik, belə bir detalı da unutmaq olmaz ki, Rusiya beynəlxalq tribunalarda öz çəkisini sözün elə əsl mənasında əmtəəyə çevirir, özünə sərf edəcək bir güzəştin müqabilində tez bir zamanda onu «satış»a çıxarır. Biz Rusiyanın S.Hussein'i, H.Mubarak'i, elə M.Qaddafi'ni də necə müdafiə etdiyini görmüşük. B.Assad'la bağlı da həmin o ssenari təkrar ediləcək, Rusiya da geс-tez Assad hakimiyyətinə qarşı tətbiq edilən sanksiyalara razılıq verəcək, hətta bəlkə elə özü də bu sanksiyalara qoşulacaq.

Rusiyanın dolaşıq siyasətinin bir səbəbi də budur ki, bu siyasi sistemlər onun, necə deyərlər, silah müştəriləridir. Suriyalıların müqaviməti göstərir ki, onlar heç bir halda Assad hakimiyyətini qəbul etmirlər və ortada danışıqlar üçün yalnız bir predmet görürlər – Assad'in istefasını...

Qəribədir, tökülən qanlara, göstərilən uzunmüddətli müqavimətə baxmayaraq, despotlar ən son ana qədər «millətin onu sevdiyini» güman edirlər. Qaddafi'nin də son sözü bu, olmuşdu ki, məni öldürməyin, övladlarım, mən sizin liderinizəm! O, doğurdanmı sona qədər millətinin onu sevdiyini düşünürdü? Mən bunun da səbəbini başqa şeydə görürəm. Şərq despotlarının milləti haqdakı təsəvvür və düşüncələri o qədər aşağı və primitiv olur ki, onlar hətta xəyalən də belə inana bilmirlər ki, bu millət bir gün onların üzünə ağ ola bilər.
Hosni Mubarak və Muammar Qaddafi
Hosni Mubarak və Muammar Qaddafi
Onlar bunun mümkünlüyünü qəbul edə bilmirlər, çünki on illərlə bu millətdən yalnız itaət görüblər. Bu mənada Qərb despotlarının «təcrübəsi» daha böyük idi, onlar insanların psixologiyasını, bu psixologiyanın eniş və yoxuşlarını daha yaxşı başa düşürdülər. Bəlkə də ona görə ki, onlar bu «məktəbi» daha tez keçmiş və onu daha tez başa vurmuşdular...

ŞƏRQİN MİN BİR GECƏSİ...

Ərəb nağıllarında, xüsusən də «Min bir gecə»də bir sonsuzluq, nəhayətsiz və bitib – tükənməyən ritm var. Adam bu nağılların sonunu da təsəvvür edə bilmir. Amma bütün nağılların sonu var, necə ki, elə Şəhrizadın nağıllarının sonu oldu. Bəli, indi ərəb nağılları da bitmək üzrədir. Şəhrizadlar daha xəlifə üçün nağıl danışmaqla onu qəddar əməllərdən çəkindirmək istəmirlər. İndi onlar 21-сi əsrin xəlifələrinə «yox» deyirlər. Daha nağıllar olmayacaq, elə gözəl qızlar da xəlifələrin qurbanı olmayacaq. Bundan sonra Suriya nağılları da belə bir cümlə ilə başlayacaq: «Biri vardı, biri yox idi, bir Hafez Assad, bir də onun oğlu Bashar Assad vardı...»...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG