Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanda siyasi jurnalistikanı durumuna dair aktual qeydlər


Arxiv foto
Arxiv foto


Ötən yazı bu suallarla bitmişdi: Bizim media vətəndaşa öz “bilmək hüququ”ndan yararlanmağa yol açırmı? Bizim media gizli qalmış önəmli olayların üzə çıxarılmasında nədən becid davrana bilmir? Bizim media əslində bilinən olayları niyə bir göz qırpımında gizlədə bilir? Medianın bənzər davranışları nədən qaynaqlanır və bu davranışlar kütlələrə hansı siyasi təcrübə qazandıra bilər?

İstər-istəməz, başqa bir sualla da üzləşirik: “Bizim media” deyərkən, təkcə coğrafi məkan – Azərbaycan, yoxsa həm də medianın necəliyi nəzərdə tutulur? Öncə bildirməyə dəyər ki, jurnalistikanı hər hansı coğrafiyaya bağlamaq bilgi texnologiyasının inkişafı səbəbindən bir yandan “balacalaşan”, o biri yandan “bütünləşən” çağdaş dünyanın məntiqinə uyğun gəlmir.

Bu baxımdan milli jurnalistikanı “mikroskop altındakı siçan” vəziyyətinə salmaqla həmişə yanlış yerlərə varacağıq. “Milli siçan” olmadığı kimi “milli jurnalistika” da yoxdur və mikroskop altında, olsa-olsa, yaxşı, ya da pis jurnalistika görünəcək.

Əcnəbi həmkarım Devid Rendal demiş, heç liberal jurnalistika, respublika jurnalistikası, millətçi, islahatçı, bölücü, federalist, feminist və ya marksist jurnalistikalar da ola bilməz. Jurnalistlər öz işləri ilə bu və ya hər hansı başqa amaca xidmət göstərirlərsə, demək, onlar jurnalist yox, təbliğatçıdırlar.

Yaxşı jurnalistlər zaman və məkan şərtlərinə baxmadan bu işləri görməyə can atırlar:

  • Dedi-qodu və uydurmaların yerinə bilgi axtarıb-tapırlar;
  • Hökumətin nəzarətinə dirəniş göstərir və ya bu nəzarəti heç umursamırlar;
  • Seçiciləri bilgiləndirirlər;
  • Hökumətin, seçilmiş təmsilçilərin, ictimai qurumların fəaliyyət və fəaliyyətsizliyini cikinə-bikinədək araşdırırlar;
  • Səsinin eşidilməsinə fürsət verilməyənləri dilləndirməklə zərərçəkənlərin yaşamını yüngülləşdirir və başqalarının hesabına özünə rahat yer tapanların canına qorxu salırlar;
  • Güzgünü toplumun üzünə tutaraq, onun üstün və yaramaz özəlliklərini göstərirlər;
  • Ədalət məhkəməsinin zəfər çalmasına çalışaraq, məhkəmələrin həm qələbə, həm də yenilgilərini diqqətə yetirirlər;
  • Özəlliklə hakim ideologiyaya tərs gələnlərlə yanaşı, azad ideya dəyiş-düyüşünə yardımda bulunurlar.

Hansı jurnalist ən vicdanlı dövlət məmurundan da sadiqdir?

Sadaladığımız məqsədlərə can atan jurnalist topluma ən vicdanlı məmurdan da üstün xidmət göstərir, çünki məmur hökumətə sadiq qalır, amma yaxşı jurnalist vətəndaşlara – bütövlükdə topluma. Jurnalistika – “hüquq və azadlıqların keşik köpəyi” bu üzdən hökumətin – “mehriban düşmən”in qısqanc davranışlarına tuş gəlir.
Əcnəbi həmkarım Devid Rendal demiş, heç liberal jurnalistika, respublika jurnalistikası, millətçi, islahatçı, bölücü, federalist, feminist və ya marksist jurnalistikalar da ola bilməz. Jurnalistlər öz işləri ilə bu və ya hər hansı başqa amaca xidmət göstərirlərsə, demək, onlar jurnalist yox, təbliğatçıdırlar.

Vətəndaşın tərəfini tutan media “vicdanlı məmur” sədaqəti göstərməz və gərəkərsə, lap hökumətin ona yaraşdırdığı “təxribatçı ünsür” ayamasına da darılmaz. Beləcə, Azərbaycan vətəndaşı yaxşı jurnalisti ən vicdanlı məmurdan üstün tutmaq mədəniyyətinə yiyələnər.

Toplumun “bilgi damarları”nı kəsənlərin hakimiyyətini lap təməlindən tərpədib oynatdığına görə, hansı anlamdasa jurnalistlər doğrudan da “təxribatçı ünsür”ə çox bənzəyirlər. Elə bu üzdən gözəlim 21-ci əsrdə də elə bir il yoxdur ki, jurnalistin həbsindən, məhkəməsindən və hətta qətlindən söhbət getməsin.

Azərbaycan siyasi jurnalistikası ölkə mediasının ilk 50 ilində, özəlliklə 20-ci əsrin ilk 20 ilində sağlam təmələ oturdulmuş və toplum insanının oluşmasını hədəf götürmüşdü. Yəni əyalət hüdudlarına sığınmamış, oxucusunu da sanki dünyadan təcrid durumuna salmamışdı.

Ən maraqlı orasıdır ki, o dönəmlər siyasi gündəm nə dünyada gedən dəyişikliklərdən, nə də adi insanların yaşam, təhsil, karyera və dolanışıq problemlərindən ayrı götürülüb. Rus bolşevik ekspansiyası bütün keçmiş sovet məkanında olduğu kimi, Azərbaycanda da yalnız hakim siyasi baxışlara yaşamaq hüququ tanıyaraq siyasi jurnalistikanı, sadəcə, kommunist ideologiyasının təbliğatçısına çevirib və siyasi polemika, baxış dəyiş-düyüşü, ən müxtəlif siyasi cərəyanlar barədə adi bilgiləndirmə cəhdi qorxunc sözlərlə damğalanıb və bu hərəkətə yol verənlər, ən yaxşı halda, uzunmüddətli həbsə məhkum olunublar.

Bütün bu zaman boyunca demokratik gəlişmə yolu tutmuş ölkələrdə siyasətdən yazan jurnalistlərin bəlli davranış qaydaları oluşub. Onlar hər hansı şəxsin siyasi mövqe və baxışlarından necə söz açmağın incəliklərinə yiyələnə biliblər.
Arxiv foto
Arxiv foto

Siyasətdən yazanlar, tutalım, birini “islahatçı” və ya “qisasçı” adlandırarkən, həmin anlayışların zamanca dəyişən mənalarını gözardı etməyib, bu anlayışlardan nə vaxt, kimlərin və necə yararlandığını gözdən qaçırmayıb, özlərinin bəlli baxışlara rəğbət və nifrətlərinin fərqinə varıblar. Başqa sözlə, insanları doğru bilgiləndirmək üçün qərəzsiz yanaşmanın az-çox dəqiq hüdudlarını tapmağa can atıblar.

“İrticaçı lider”, “qaranlıq vəkili”, “mötədil siyasətçi”, “sərt idarəçilik tərəfdarı” və s. ifadələr aşağılayıcı deyilmi? Belə sözlərdən yararlanan jurnalistlər tənliyi həll etməmiş onun kitabda verilmiş cavabına baxan şagirdə bənzəmirlərmi? Həmin şagird tənliyin həllini cavaba uyğunlaşdıracaqsa, demək, jurnalistlərin cavabı öncədən bilinən yazıları da ictimaiyyətə öncədən sırınan rəydir.

Xəbər əsası olmayan, danılmaz faktı tapılmayan, doğru təhlillə çözümə aparmayan jurnalist materialı insanları balıq tutmağa deyil, balıq yeməyə öyrədər.

Media menecerləri varlını sevir, ya yoxsulları?

Azərbaycanda siyasi jurnalistikanın, yumşaq desək, qibtəyədəyməz durumu müəlliflərdən qat-qat çox media menecerlərinin günahıdır (təbii ki, başlıca günahı demokratik təsisatların sısqalığında, avtoritar əxlaqın ağır basmasında axtarmalıyıq).

Elektron media bir yana qalsın (orada məsələnin çözümü daha mürəkkəbdir, necə deyərlər, “sistem” xarakterlidir), anlamaq olmur ki, Azərbaycan çap mediası bu və ya digər problemə necə yanaşır. Bilmək olmur ki, tutalım, “Kaspi” qəzetinin istehlakçı-tükədici mədəniyyətinə münasibəti yaxşıdır, ya pis? Yaxud “Azadlıq”, “Yeni Azərbaycan”, “Azərbaycan” və ya “Yeni Müsavat qəzetləri sərvət sahibi olan insanlara nifrət bəsləyir, yoxsa onlara tam biganədir, ya bəlkə qanuni var-dövlətə də sayqısızdır?..
“İrticaçı lider”, “qaranlıq vəkili”, “mötədil siyasətçi”, “sərt idarəçilik tərəfdarı” və s. ifadələr aşağılayıcı deyilmi? Belə sözlərdən yararlanan jurnalistlər tənliyi həll etməmiş onun kitabda verilmiş cavabına baxan şagirdə bənzəmirlərmi?

Heç də az önəm daşımayan başqa suallar da doğur: hansı qəzet öz rəy və şərhlərində liberal-demokrat ideyalara söykənir? Hansı qəzet solçu baxışlara üstünlük verir? Hansı qəzet “yorulmaz mübariz” deyil, “qərəzsiz izləyici” mövqeyini daha doğru sayır? Bütün bu və ya bənzər suallara cavab tapmayınca ölkədə siyasi jurnalistikanın normal oluşumundan söz açmaq mümkün deyil.

İndiliksə vətəndaş gerçək siyasi bilgilərə tamarzı qalır. Buna paralel, siyasi bilgiləri yadırğama prosesi də tam sürətini yığır. Nə baş verdiyini xəbərlərdən, reportaj və araşdırma səciyyəli yazılardan (və ya proqramlardan), təhlil xarakterli materiallardan öyrənməyən (öyrənə bilməyən) vətəndaş, olsa-olsa, köşə yazarlarının subyektiv düşüncələrindən bilgilənməyə məhkum qalır.

3-cü yazıda məhz “köşə yazarları”ndan bəhs edəcəyik.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG