Keçid linkləri

Təcili xəbərlər

Putin niyə qayıdır?


Vladimir Putin
Vladimir Putin
Gələn həftə Rusiya Federasiya Şurası növbəti prezident seçkisinin vaxtını müəyyən edəcək. 2012-ci ilin mart ayının birinci həftəsinə təsadüf edəcək bu seçkinin artıq qəhrəmanı da bəllidir – hamıya yaxşı məlumdur ki, həmin qəhrəman V.Putindir.

Bir vaxtlar siyasi sistemlərin təsnifatını oxuyanda, bir sistem məni daha çox məşğul etmişdi – söhbət xarizmatik hakimiyyətdən gedir. Nə qədər qəribə olsa da, belə tip rejimlərə elə 21-ci əsrdə də təsadüf edilir. Düzdür, onlar şərti proseduralarla pərdələnir, amma mahiyyət birdir və bunu pərdələmək olmur. Mənə elə gəlir ki, ərəb ölkələrində baş verən siyasi proseslərdə həm də insanların bəzi avtoritar liderlərdən yorulması, bəlkə də bezməsi müəyyən rol oynadı.

İnsanlar M.Qaddafidən, H.Mübarəkdən, eləcə də digər avtoritar liderlərdən bezmişdilər. Hətta ən mühafizəkar insanlar da 42 il eyni adamı görməyə, eyni adamı dinləməyə alışa bilmir. Onlar dünyanı da yormuşdular. Mən bunları niyə deyirəm? Rusiyanın siyasi isteblişmenti bir detalı unudur ki, hətta mühafizəkarların da limiti olur. Ciddi dəyişikliklər mühafizəkar insanları qorxudur. Amma bir gün bu qorxu da çəkilir.

Sözsüz Rusiya cəmiyyətindəki mühafizəkar potensial Putinə bir daha siyasi olimpə gəlməyə imkan verəcək. Amma sonra nə olacaq? Təəssüf ki, bu sual haqda düşünənlər politoloq Q.Pavlovski kimi diqqətdən məhrum edilirlər. Əgər bu gün Rusiya cəmiyyətində sorğu keçirsən bəlkə də heç kim bir suala əməlli-başlı cavab verə bilməz. Bu sual elə Putinin özü üçün də qaranlıqdır. Həmin sual isə budur ki, Putin niyə qayıdır? Onun hansı işləri yarımçıq qalıb? Ola bilsin, o, hansısa islahatı başa çatdıra bilməyib? İnanın, bu sualların aydın və dəqiq cavabı yoxdur. Ortalıqda bir siyasi liderin öz siyasi ambisiyalarını təsdiq etməkdən başqa səbəb yoxdur. Bəli, tutaq ki, Putin öz ambisiyalarını təmin etmək istəyir. Bəs cəmiyyətdə nə baş verir?

Vladimir Leninin Krasnoyarskda heykəli
Vladimir Leninin Krasnoyarskda heykəli
BİR ƏSR BUNDAN ƏVVƏL BAŞ VERMİŞ İNQİLABA GÖRƏ PEŞMANÇILIQ

Mən Rusiya verilişlərini izləyirəm, yazılanları oxuyuram. Ruslarda 1917-ci ildə baş vermiş inqilaba görə böyük peşmançılıq var. İnanın, bu, çox ciddi psixoloji məqamdır. Fransızlarda belə bir hiss yoxdur. Onlar öz inqilablarını sevir, onunla öyünürlər, halbuki həmin inqilablar vaxtı tökülən qanlar 1917-ci li inqilabı vaxtı baş vermiş itkilərdən az deyil. Amerikalılarda da belə bir hissə təsadüf etməmişəm. Eləcə də ingilislərdə...

Rusiyada müşahidə edilən siyasi tövbə hissi öz mahiyyətinə görə unikaldır. Bu, totalitar keçmişin təzə qiyafədə qayıda bilməsindən doğan təlaş deyil. Bu, rus inqilabı zamanı əbəs yerə tökülən qanlar üçün edilən tövbə deyil. Rusları özlərinin deyil, Rusiya adlı bir nəhəngin aqibəti narahat edir. Onlar düşünürlər ki, məşhur inqilab böyük Rusiyanı 100 il geri atdı, indi ABŞ deyil, Rusiya birinci fövqəldövlət ola bilərdi. Bu, çox qəribə hissdir, hətta onu anlamaq da çətindir, amma bir ötəri tanışlıq kifayətdir ki, onun mövcudluğuna əmin olasan.

Bəli, hansı bir səbəbdən asılı olmasına baxmayaraq, ruslar inqilab istəmir. Hətta Rusiyanın ən avantürist siyasətçiləri belə tez-tez bir fikri təkrar etməyi sevirlər: inqilab etməyəcəyik! Putin də Rusiya cəmiyyətinin nəzərində ölkənin xaosa doğru sürüklənməsinin qarşısını ala biləcək siyasətçi kimi mövcuddur. Amma bir məsələ də var.
Vladimir Putin və Boris Yeltsin, 31 dekabr 1999
Vladimir Putin və Boris Yeltsin, 31 dekabr 1999
Siyasətin də etik tərəfləri olur.

SİYASƏTÇİ ÜÇÜN TEMPORAL SƏRHƏDLƏR

Temporologiya zaman haqqında elmdir. Amma bu ifadəni siyasi aspektdən işlədirik. Putin özü bir suala cavab verməlidir. Nədən dünyanın böyük siyasi xadimləri özlərini iki dəfəlik seçki ilə məhdudlaşdırdığı və bu çərçivəyə belə sığışdığı halda, o, bunu bacarmır? Siyasətçi üçün zaman sərhədləri olmalıdır və hətta deyərdim ki, zaman hissi olmalıdır. R.Reyqanın haqqında zarafatla deyirlər ki, o, qısa müddət ərzində nəinki ABŞ iqtisadiyyatını dəyişə bildi və hətta sovet imperiyasını da məhv etdi!

Tarixdə də belə misallar çoxdur. Bəli, C.Vaşinqton daha uzun müddətə ABŞ prezidenti kimi qala bilərdi. Luiziana ABŞ-ın tərkibinə qatılandan sonra T.Ceffersonun nüfuzu o qədər artmışdı ki, o, da daha artıq müddətə prezident postunu əlində saxlaya bilərdi, amma onlar bunu etmədilər. Hətta Rusiyanın özünün yaxın keçmişində presedent var: bütün neqativ cəhətlərinə baxmayaraq, B.Yeltsin də rus ictimai şüurunu istismar etmədi, hətta vaxtından əvvəl getdi. Bəlkə Putin Yeltsindən də artıq iş görmək əzmindədir? Yoxsa Yeltsinin yarımçıq işləri qalmamışdı?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG