Keçid linkləri

Təcili xəbərlər

Ziyalını niyə başa düşmürlər?


Andrey Saxarov
Andrey Saxarov
Rafiq Əliyevlə bağlı baş verən olay yadıma keçmişdən bir neçə epizod saldı. Mən keçmişlə müqayisə aparmağı sevirəm. Bu, heç də keçmiş üçün nostalji deyil, bizim keçmişimiz hamıya yaxşı bəllidir, biz hamımız bir qüsurlu siyasi sistemdən çıxmışıq. Sadəcə, bir məsələ maraq kəsb edir ki, görən keçmişdə baş verən bəzi hadisələrdən düzgün nəticə çıxarmışıq, ya yox? Müqayisələr aparanda görürsən ki, nəinki düzgün bir nəticə çıxarılmayıb, hətta keçmişlə müqayisədə geriləmələr baş verib.

Bütün siyasi sistemlər faktiki olaraq eyni suallara cavab verməli olurlar. Bu cavabların əsasında da biz elə sistemləri müqayisə edirik. İndi bizim sərəncamımızda iki siyasi sistem var: bunlardan biri totalitar sovet sistemi, digərisə müasir Azərbaycandakı siyasi sistemdir. Onların bir məsələyə, ziyalıya münasibəti nə göstərir? Bu istiqamətdə nələr baş verib, ölkə geriləyib, yoxsa irəliləyib?

A.SAXAROV AKADEMİYADAN NİYƏ XARİC OLUNMADI?

Bu tarixin bəlkə də ən ibrətamiz təcrübəsidir. Heç bir ziyalı A.Saxarov qədər yaşadığı siyasi sistemlə ixtilafa girə bilməz. Bəs sistem bu ixtilafa nə cavab verdi? Bir gün A.Saxarovun akademiyadan xaric olunması gündəmə gəldi. Bu məsələni həll etmək üçün toplaşan akademiklər yekdilliklə həmin qərarı rədd etdilər. Onlardan biri maraqlı nümunə gətirdi: tarixdə bircə dəfə alim öz akademiyasından xaric olunub və bu hadisə faşist Almaniyası dövründə elə A.Eynşteynlə bağlı baş verib, onu akademiyadan xaric ediblər. Bəli, bunları əsas gətirən sovet akademikləri Saxarovun akademiyanın üzvü qalmasına yekdilliklə səs verdilər.

Nikita Xruşşov
Nikita Xruşşov
İndi mən Azərbaycanın təcrübəsinə müraciət etmək istəyirəm. Mən heç vaxt Ə.İnsanovu bir elm ulduzu və görkəmli alim hesab etməmişəm, lakin o, akademiyanın üzvü idi. Amma Azərbaycanın akademik korpusu həbs ediləndən sonra onun akademiyadan xaric olunmasına səs verdilər və bəlkə də bununla ən mənfi bir presedentin başlanğıcını qoymuş oldular. İndi istisna deyil ki, belə hal hər bir akademiklə bağlı başa verə bilər və heç bir elm adamı bundan sığortalanmayıb. Budur, adi bir misal ölkənin hətta sovet gerçəkliyindən belə geridə qaldığını sübut edir.

N.XRUŞŞOV NİYƏ AKADEMİK SEÇİLMƏDİ?

Sovetlər vaxtı belə presedent də olmuşdu. Özünü kənd təsərrüfatı, kosmos üzrə mütəxəssis sayan, hətta kosmik nailiyyətləri S.Korolyova da qısqanan N.Xruşşov bir gün akademik olmaq qərarına gəlmişdi. Burada bir detalı da qeyd edim. S.P.Korolyova Nobel mükafatı da məhz N.Xruşşovun ucbatından verilməmişdi, çünki o, raket texnikasının baş konstruktorunu aşağılamaq və onun xidmətlərini azaltmaq üçün kiçik fürsəti belə əldən vermirdi. BMT-də stolu öz çəkməsi ilə döyəcləyən N.Xruşşov bir gün də akademik olmaq istədi və öz namizədliyini irəli sürdü. Səsvermə zamanı neçə akademik ona dəstək verdi? Cəmi iki nəfər! Beləliklə, N.Xruşşov akademik ola bilmədi.


Qerş Budker
İndi dönək bizim gerçəkliyə. Azərbaycanda təhsil və elm strukturlarını məmurların zəbt etməsi prosesi müşahidə olunur. Məmurların çoxu doktor, professor, hətta kafedra müdiridir.

AMERİKALILAR ƏN DEMOKRATİK İNSTİTUTU HARADA TAPDILAR?

Bu hadisə Sibirdə, nüvə tədqiqatları institutunda baş vermişdi. İnstitutla və onun kollektivi ilə tanış olan amerikalılar maraqlı fikir demişdi: dünyanın ən demokratik ölkəsi bizimkidir, amma ən demokratik institut Sibirdədir! Məhz həmin institutun direktoru olmuş Q.Budkerin də maraqlı həyat təcrübəsi və taleyi olmuşdu. L.Beriya onu həbs etmək istəyirmiş. Amma İ.Kurçatovun bir sözü Budkeri xilas edibmiş. Kurçatov deyibmiş ki, Budker bizə lazımdır! Bu təqdimat gələcəkdə görkəmli fiziklərdən biri olacaq insanın həyatını da xilas edibmiş.

ZİYALISINI QORUMAYAN ÖLKƏ...

Bəli, o, məhvə malikdir. Mən bir neçə epizodu sovet sisteminin üstünlüyünü sübut etmək üçün misal çəkmədim. Sovet sistemi eybəcər bir quruluş idi və bu, hamıya yaxşı bəllidir. Amma bu sistem də ziyalını itirmək istəmirdi, hətta bəzən onun kaprizlərinə dözürdü, çünki bunu ölkənin mənafeyi tələb edirdi.

«Ölkənin mənafeyi» deyəndə isə, hamı geri çəkilməyi bacarmalıdır. Amma elə ölkələr var ki, orada yalnız hakimiyyətin və məmurların mənafeyi var. Bu ölkələrdə təbii ki, çox adama yer yoxdur, o cümlədən demokratik düşüncəli ziyalılara...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG