Keçid linkləri

Təcili xəbərlər

Mübarizənin Qiyməti


AXCP sədrinin müavini Gözəl Bayramlı bu il aprelin 17-də keçirilən mitinq zamanı həbs edilir
AXCP sədrinin müavini Gözəl Bayramlı bu il aprelin 17-də keçirilən mitinq zamanı həbs edilir

İndiki Azərbaycan siyasətini təsvir etmək üçün iqtisadi terminologiyadan rahat bir şey tapa bilmədim. Azərbaycan hökuməti müxalifətə anlatmağa çalışır ki, mitinq etmək “bahadır”. Nə qədər baha? Müxalif partiyaların 10-15 enerjili fəalını, liderlərini bir neçə illiyinə həbsxanalara göndərmək qədər baha.

2 aprel mitinqinə görə həbs edilmiş müxalifət fəallarının üçüncü dalğasının məhkəməsi gedir. Beynəlxalq təşkilatlar etiraz etməklərindədirlər, vəkillər dəlil-sübut tələb etməklərində. İttiham edilənlər isə daha desperado bir fəaliyyətə baş vururlar – onları ittiham edən prokurorların və onlara həbs cəzası kəsən hakimlərin vicdanına müraciət edirlər.

Artıq 10 nəfər mühakimə olunub. Ardı gəlir. Mesaj kifayət qədər sadədir. Əgər müxalifət hökumətin onun üçün cızdığı oyun qaydalarından kənara çıxmağa çalışsa, aktiv mübarizə yolunu seçsə, həmin bu partiyalarda bu radikal xətti təklif edən, onu icra edən, təşkil edənlərin içindən həbsxanaya atılanlar olacaq. Söhbət də bir neçə sutkadan yox, itirilən illərdən gedəcək.
Azərbaycan hökuməti müxalifətə anlatmağa çalışır ki, mitinq etmək “bahadır”...

Vəziyyət nə qədər belə davam edə bilər?

Qısa cavab versək, müxalifət hökumətə anlada bilənə qədər ki, müxalifət fəallarını həbs etmək “bahadır”.

Müxalifətin cavabı nədir?

Bəyan edilən cavab odur ki, mübarizə davam edəcək. Sırf iqtisadi terminlərlə düşünsək yaranan vəziyyət budur: Müxalifət altı ay əvvəl etdiyi mitinqə görə indiyəcən Azərbaycan hökumətinə bədəl ödəyir. Hökumət isə hələ ki, atdığı addımlara görə müxalifətə heç nə ödəmir. Müxalif fəalları həbsə atmağın bədəli ödənmir hələ ki.

Belədə Azərbaycan hökumətinin müxalifət üzərinə hücumunu nə dayandıra bilər? Hipotetik mülahizələri kənara qoyanda cavab budur: hələ ki, Azərbaycan hökumətini müxalifət üzərinə hücumdan çəkindirən faktor yoxdur ortada. Nəticədə məhkəmələr parta-part hökm oxuyur müxalifət fəallarına.

Vəziyyət nə qədər belə davam edə bilər? Qısa cavab versək, müxalifət hökumətə anlada bilənə qədər ki, müxalifət fəallarını həbs etmək “bahadır”. Daha dərinə varsaq, gərək siyasi həbslərin arxasındakı məntiq tam çözülə.

Strateji səbəbə – müxalifəti aktiv mübarizə üsullarından çəkindirmə cəhdinə yuxarıda nəzər salmışıq. Taktiki səbəb kimi isə müxalifət liderliyinə nüfuz etmə cəhdi də göstərilə bilər.

Həbs edilənlərin böyük əksəriyyəti müxalifətin aprelin 2-də başlayan yeni mübarizə kursunun avanqardını təşkil edir. Bu adamları həbsə atarkən yerdə qalanlara verilən siqnal kifayət qədər şəffafdır: onların yolunu getsəniz…

Üslub kobud olsa da, hələ ki, işləyir. İqtisadi terminlərə bir daha müraciət etsək, siyasətdə verən əl gərək almağı da bacarsın. Hər şeyin qiyməti var, o cümlədən mübarizənin də. Müxalifət indiyədək bu mübarizə üçün çox baha bir qiymət ödəyir. İqtidarın isə hələ ki, sanki alacağı var, verəcəyi isə yoxdur.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG