Keçid linkləri

Təcili xəbərlər

Sarkozi Cənubi Qafqaza hansı təkliflə gəlir?


İlham Əliyev və Nikola Sarkozi, Paris, 9 dekabr 2009
İlham Əliyev və Nikola Sarkozi, Paris, 9 dekabr 2009
Fransa prezidenti Nikola Sarkozinin (Nicolas Sarkozy) 6 oktyabrda Cənubi Qafqaz ölkələrinə səfəri başlayır. O, əvvəlcə Ermənistana, oradan da Azərbaycan və Gürcüstana səfər edəcək. Sarkozinin bölgə ölkələrinin liderləri ilə ikitərəfli münasibətlərin inkişafı, regional məsələlər, o cümlədən münaqişələrin həllini müzakirə edəcəyi gözlənilir. Gündəliyi konkretləşdirsək, Fransa prezidentinin Cənubi Qafqaz ölkələrinin liderləri ilə ayrı-ayrılıqda müzakirə edəcəyi 3-4 mövzusu var.

PARİS KREMLLƏ TOQQUŞMAYACAQ

Əsas mövzu Dağlıq Qarabağ münaqişəsidir. Həmsədr dövlətin (Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ, Rusiya, Fransa nəzərdə tutulur – red.) prezidenti olaraq Sarkozinin həm Yerevan, həm də Bakıdakı görüşlərində münaqişənin həlliylə bağlı fikir mübadiləsi aparacağı şəksizdir. Rusiya prezidenti Dmitri Medvedevin 3 illik fəal vasitəçiliyi real nəticə gətirmədi. Medvedev azərbaycanlı və erməni həmkarları ilə 10 dəfə bir araya gəlsə də, tərəflərə sülh anlaşması imzalatdıra bilmədi.

Bu yerdə, başqa sual aktuallaşıb: Nədən digər iki həmsədr dövlət – ABŞ və Fransa fəal deyillər? Kremlin vasitəçiliyinin nəticə gətirmədiyi ərəfədə Sarkozi bölgəyə gəlir. Ancaq çətin ki, Sarkozinin səfər portfelində Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı nəsə yeni planı və ya ciddi müddəası olsun.

Hər yeni plan Azərbaycan və ya Ermənistandan hər hansı birinin maraqlarına toxunmaq deməkdir. 1990-cı illərin sonlarında Fransanın keçmiş prezidenti Jak Şirak (Jacques Chirac) münaqişənin həllinə cəhd etdi, ancaq irəli sürdüyü müddəalar Azərbaycanın maraqlarına cavab vermədiyindən Bakı onları qəbul etmədi.

Serj Sarkisyan və Nikola Sarkozi, Paris, 10 mart 2010
Odur ki, Sarkozinin yeni təklifi olsa belə, bunun Şirakın keçmiş müddəalarından fərqlənəcəyini söyləmək çətindir. Digər tərəfdən, Sarkozinin münaqişənin həllində qəfil fəallaşaraq Rusiyanın təkbaşına vasitəçilik «missiyasının» qarşısını kəsməsi də real deyil. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BMT-dəki son çıxışında Cənubi Qafqazdakı problemlərin həllinin ölkəsinin maraq dairəsinə aid olduğunu açıq söylədi. Parisin Dağlıq Qarabağ münaqişəsinin həllinə görə Kremllə toqquşacağı gözlənilən deyil. Sarkozi Kremllə yanaşı, Yerevanın da istəklərini qulaqardına vurmaz. Sarkozi prezident seçkisinə hazırlaşır və ona ölkəsindəki erməni lobbisinin dəstəyi lazımdır. Erməni lobbisinin dəstəyini qazanmaq üçün isə Yerevanın xətrinə dəymək olmaz.

FRANSA BÜDCƏSİNƏ GƏLİR GƏTİRƏCƏK «ABŞERON» YATAĞI

Sarkozi Bakıda Dağlıq Qarabağ münaqişəsinin həllinin indiki durumu ilə yanaşı, Azərbaycanın enerji resurslarının Avropa bazarlarına nəqli mövzusuna da toxunacaq. Paris «Nabucco» layihəsində Avropa Komissiyası qədər israrlı olmasa da, Azərbaycanın qaz ehtiyatlarının şaxələnmiş yollarla Avropaya çatdırılmasında maraqlıdır. Təsadüfə bax ki, Xəzər dənizinin «Abşeron» yatağında aşkar edilən yeni qaz ehtiyatlarının istismarı ilə Fransanın «Total» şirkəti məşğul olacaq. Bu isə Azərbaycan-Fransa enerji əməkdaşlığının genişlənməsi və bu yolla hər iki ölkənin büdcələrinə yeni gəlir mənbələrinin axını deməkdir.

ASTA SƏSLƏ – «CƏNUBİ QAFQAZDA BIZ DƏ VARIQ»

Sarkozini nisbətən ağır danışıqlar və çətin suallar Tbilisidə gözləyir. Rusiya qoşunları 2008-ci ildə Gürcüstana hücum etdikdə, Sarkozi özünü qabağa verərək danışıqlarda vasitəçilik etdi. Fransa prezidentinin təşəbbüsü ilə anlaşma imzalandı və Rusiya qoşunları Cənubi Osetiya sərhədlərinə çəkildilər.

Nikola Sarkozi və Mixail Saakaşvili, Tbilisi, 8 sentyabr 2008
Buna baxmayaraq, Kreml sazişdə göstərilən müddəaların əhəmiyyətli hissəsini yerinə yetirmədi, əksinə, Abxaziya və Cənubi Osetiyanı rəsmən tanıdı, bu bölgələrdə hərbi bazalarını yerləşdirdi, silahlı qüvvələrinin sayını artırdı. Sarkozi baş verənlərə görə Kremlə heç nə deyə bilmədi və ya demək istəmədi.

Gürcüstan prezidenti Mixail Saakaşvili vaxtilə vasitəçilik təşəbbüsünü öz üzərinə götürdüyünə görə Sarkoziyə minnətdar olsa da, sazişin yerinə yetirilməməsinin səbəbini də Fransa prezidentindən soruşacaq. Sarkozi isə böyük ehtimalla ümumi cavablarla canını qurtarmağa çalışacaq. Çünki Fransa prezidenti Dağıq Qarabağ münaqişəsinin həllində odluğu kimi, Gürcüstanın maraqlarına görə də Kremllə münasibətlərin soyumasına getməz.

Rusiyanın Avropa Birliyi ölkələri içərisində iki dəstəkçisi varsa, bunlardan biri Almaniya, digəri Fransadır. Gürcüstanın NATO-ya üzvlük məsələsi müzakirə olunarkən, məhz bu iki dövlət bunun əleyhinə çıxmışdılar. Fransa Gürcüstanın Avropa Birliyinə yaşıl işıq yandırılmasının əleyhinə olan dövlətlərin də başında gəlir. Bunu Polşada «Şərq Tərəfdaşlığı» Proqramına həsr olunan Avropa Birliyinin sammiti də göstərdi. Fransa yekun bəyannamədə Gürcüstan və Ukraynanın Avropa Birliyinə üzvlük istəklərini göstərən müddəanın salınması əleyhinə çıxdı.

Beləliklə, Sarkozi Yerevan, Bakı və Tbilisidə yüksək qəbullar və pafoslu nitqlərin xaricində ciddi nəticələrə hazır deyil. O, bu səfərlə sadəcə, asta səslə «Cənubi Qafqazda biz də varıq» deməyə və xarici siyasətdə növbəti fəallığı ilə seçki öncəsi reytinqini artırmağa çalışır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG