Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan daha hansı sürprizə hazır olmalıdır?


uruqvay bayrağı
uruqvay bayrağı
BMT-nin 66-cı sessiyasında iştirak edən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Uruqvayın Xarici İşlər naziri Luis Almaqro ilə görüşüb. Məmmədyarovun vaxt ayıraraq uzaq dövlətdəki həmkarı ilə görüşünün mahiyyəti aydındır. Uruqvaylı nazirin bir müddət öncə ölkə parlamentindəki çıxışında Dağlıq Qarabağın tarixi Ermənistan torpağı olması və bu bölgənin tanınması ilə bağlı çıxışı aləmi bir-birinə vurub. Məmmədyarov məsələyə uruqvaylı həmkarının dilindən aydınlıq gətirməyə çalışıb. Bu görüşə baxmayaraq, məsələnin qapandığını söyləmək çətindir.

LATIN AMERİKASI TƏHLÜKƏSİ...

Əlbəttə, Uruqvayın Xarici İşlər nazirinin Dağlıq Qarabağı tanıyacağına yönəlik açıqlamasının dezinformasiya yükü ağır idi. Azərbaycanın Argentinadakı səfirliyi Uruqvay XİN-də müraciət etdikdə, onlar ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını açıqlayıblar. Elə Uruqvayın Xarici İşlər naziri azərbaycanlı həmkarı ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinin beynəlxalq hüquq normaları əsasında həlli vacibliyini vurğulayıb. Ancaq uruqvaylı nazirin dilindən təkzib də eşitmədik. Bu da müəyyən şübhələr yaradır ki, hər halda Uruqvayın Xarici İşlər naziri parlamentdəki çıxşında Ermənistanın könlünü oxşayan nəsə deyib.

Unutmaq lazım deyil ki, sözdə «erməni soyqırımı»nı ilk tanıyan ölkə vaxtilə məhz Uruqvay olub. Demək, bu ölkə xüsusi diqqət tələb edir. Mümkün təhlükədən qorunmaq üçün bəlkə də Uruqvayda Azərbaycan səfirliyinin açılmasına ehtiyac var. Azərbaycanın Latın Amerikasında hələ ki, yalnız Argentinada səfirliyi fəaliyyət göstərir.
Serj Sarkisyan Qarabağda hərbi təlimləri izləyir
Göründüyü kimi bu, azdır. Abxaziya və Cənubi Osetiya separatçılarını tanıyan ilk iki ölkənin Latın Amerikasına aid olduğunu vurğulamaq yerinə düşər. Əlbəttə, bu, Kremlin diplomatik fəaliyyətinin nəticəsiydi. Ancaq erməni lobbisinin də bu ölkələrdə geniş imkanları var və Azərbaycan gözlənilməz sürprizlərdən hələ qurtulmayıb.

RƏSMİ BAKI SƏBƏBLƏ DEYİL, NƏTİCƏ İLƏ MÜBARİZƏ APARIR

Lobbi indi də fəaldır. Hazırda dünyanın müxtəlif dövlətlərində Ermənistanla bərabər Dağlıq Qarabağın da «müstəqilliyinin» 20 illiyinə yönəlik tədbirlərə start verilib. İlk toplantılarını ABŞ-ın Konqres binasında keçiriblər. Növbəti tədbir Almaniyada planlaşdırılıb. Azərbaycan hökuməti isə həmişəki kimi hadisələrin yedəyində sürünür, sağa sola nota verməklə məşğuldur. Bu notalar bəzi hallarda işə yarasa da, digərlərində nəticəsiz qalır. Çünki rəsmi Bakı səbəblə deyil, nəticə ilə mübarizə aparır.

Xaricdə müxtəlif sərgilərə, enerji və mədəniyyət konfranslarına böyük pullar xərcləyən Azərbaycan iqtidarı Dağlıq Qarabağ probleminin və onun həlli yollarının Qərbdə doğru-dürüst tanıdılması istiqamətində ciddi fəaliyyəti ilə öyünə bilməz. Dağlıq Qarabağın Azərbaycan icmasının təmsilçilərinin Qərb ölkələrində görüşləri haqqında kim eşidib? Təlimat verilmişdi ki, icmanın xarici ölkələrdə təmsilçilikləri yaradılsın. Kimsə bu təmsilçiliklərin fəaliyyəti barədə nəsə eşidibmi?
Barak Obama və R.T. Ərdoğan, 20 sentyabr 2011
Erməni separatçılarının lideri Konqres binasına sərbəst daxil olaraq görüşlər keçirir, oradan da Avropa ölkələrinə yollanır, Dağlıq Qarabağın azərbaycanlı icmasının lideri isə hadisələri Bakıdan seyr edir. İcma başçısının Bakıdan verdiyi sərt reaksiya Azərbaycanın sərhədindən o yana keçmir.

ƏRDOĞAN OBAMAYA NƏDƏN «QARABAĞ» DEMƏDİ?

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan BMT sessiyasi çərçivəsində ABŞ prezidenti Barak Obama ilə bir araya gəldi. Əsas müzakirə mövzuları bunlar idi: Terrora qarşı ortaq mübarizə, Suriya, İsrail, Fələstinin müstəqlliyi, Somali. Halbuki, əvvəlki görüşlərdə Ərdoğanın siyahısında Dağlıq Qarabağ da yer alardı.

İlham Əliyevin Nyu-Yorka getməyəcəyi əvvəlcədən bəlli idi. Demək, Əliyev Barak Obama ilə görüşəcəyi əvvəlcədən bəlli olan Ərdoğandan görüşlərində və çıxışlarında Fələstin kimi Dağlıq Qarabağ münaqişəsinin həllini də ön plana çıxarmasını xahiş edə bilərdi. Bu və ya digər səbəbdən belə bir xahişə ehtiyac duyulmayıbsa, Ərdoğan da bu dəfə Qarabağ probleminə əhəmiyyət verməyibsə, demək ikili münasibətlərdə problem ciddidir. Sizcə, bu durum ən çox hansı dövlətin ziyanınadır?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG