Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan payızı: o, nələr vəd edir?


17 mart referendumu, 2009
17 mart referendumu, 2009
İndi proqnoz xarakterli yazı yazmaq çətindir. Amma hadisələrin mahiyyətinə varanda görürsən ki, bir çox proseslər əslində elə bir dərin analiz və təhlillər tələb etmir, çox şey aydınlığa gedir. Siyasətin iki qütbü var. Bunlardan birisi hakimiyyət, digəri isə müxalifətdir. Hakimiyyətin təmsil etdiyi siyasi sistem artıq öz pikini keçib, indi o, tənəzzül dövrünü yaşayır. Amma güman ki, elə bu tənəzzül cəmiyyətin vaxtını hələ bir müddət məşğul edəcək. Səbəb odur ki, bu hakimiyyət bəzi siyasi sistem təmsilçilərinin bacarmadığı bir işi görüb və cəmiyyətin müxalif kəsimini tamam hərəkətsiz vəziyyətə gətirib. Elə ona görə də mövcud siyasi sistem nə qədər tənəzzül edirsə, müxalifət bundan elə bir impuls ala bilmir. Məhz bu səbəbdən real siyasi proseslər daha çox hakimiyyət müstəvisində baş verir.

DÜNYA SİYASİ GİZLİNLƏRDƏN QURTULMAQ VƏ ŞƏFFAFLAŞMAQ İSTƏYİR

Hakimiyyətdaxili ziddiyyətlər ciddicə bir şəkildə pərdələnsə də, danılmaz bir proses duyulur: məhz bu siyasi sistemin və ona bənzər digər sistemlərin mövcudluğunu şərtləndirən fonda ciddi dəyişiklik baş verir, dünyanın siyasi mənzərəsi dəyişir. Konspirologiya məntiqinə varmadan bir şeyi dürüst söyləmək mümkündür: ərəb dünyasına nəzər yetirəndə və «WikiLeaks»in açıqlamalarına baxanda görürsən ki, sanki dünya siyasi gizlinlərdən qurtulmaq və şəffaflaşmaq istəyir. Bu şəffaflıq və aşkarlıq dalğası çox güman ki, digər ölkələrə də sirayət edəcək. Bəlkə də bu da təsadüfi deyil ki, «WikiLeaks»in açıqlamalarında ən çox yer alan məhz elə avtoritar rejimlərlə bağlı məqamlardır. Hiss olunur ki, dünya bunlardan belə qurtulmaq
Suriyada etirazlar, 3 may 2011
istəyir.

Hər şey dəqiq xətt və məntiq üzrə baş verir. Nə qədər ki, Sovetlər Birliyi və onun təmsil etdiyi sosialist düşərgəsi vardı, gündəlikdə ilk yeri totalitar rejimlər tuturdu. İndi totalitar rejimlərin iki «nüsxəsi» qalıb: biri Kubadır, digəri Şimali Koreya. Diqqət artıq avtoritar rejimlərə dikilib, çünki o rejimlər də elə «soyuq müharibə»nin reliktləri idi. Bir vaxt, «soyuq savaş»ın vaxtında onlara antikommunizm çəkişməsində yer nəzərdə tutulmuşdusa, indi onlar hamının yerini darısqal edir. Bəlkə təsadüfi deyil ki, bir dəfə ərəb dünyasındakı avtoritar rejimləri nəzərdə tutaraq Ə.Davudoğlu onları «soyuq müharibə»nin qalığı adlandırdı. Amma klassik avtoritar rejimlərlə yanaşı, həm də gənc dövlətlərin bəzisi də öz inkişafında avtoritarizm yolunu tutdu. Bəli, bu da əvvəlcədən gözlənilirdi: dövlətçilik təcrübəsinin azlığı, demokratik və mülki vərdişlərin zəifliyi, cəmiyyətin təcrübəsizliyi və bir də ətrafda mövcud olan geosiyasi fon bir növ bunu qaçılmaz edirdi. Lakin bu prosesə ayrılan vaxt da tükənmək üzrədir, indi vaxt Kreml saatı ilə ölçülmür, baxmayaraq ki, bir çox vaxtı keçmiş rejimlərin hamisi rolunda yenə də Kreml çıxış edir. İndi o, bu rolu daha bir 70 il icra edə biləcəkmi? Sual da budur, çünki fona yeni vektorlar daxil olur.

TÜRKİYƏ NİYƏ İ.ƏLİYEVİ DƏVƏT ETMƏDİ?

Milli Məclisin sədri O.Əsədov Türkiyəyə rəsmi səfərə dəvət alıb. Prinsipcə, bunu adi bir diplomatik jest kimi də yozmaq olar. Amma Milli Məclis rəhbəri indi hakimiyyət sütununda üçüncü şəxs kimi nəzərdə tutulur. Türkiyə ilə Azərbaycan arasında həll edilməli bir neçə məsələ var, lakin onların hamısı müzakirə üçün daha yüksək ranqlı məmur tələb edir. Hətta qaz sazişi belə daha çox hökumət nümayəndəsinin səfərini tələb edir. Əslində isə problem bundan da çoxdur.
İlham Əliyev və Abdullah Gül, 23 dekabr 2010
Türkiyə ilə Azərbaycan arasında viza problemi var. Əvvəllər rəsmi Bakı bunun üçün vaxt istəyirdisə, indi buna hazır olmadığını deyir. PKK ilə bağlı prezidentin şifahi bəyanatları Türkiyəni qane etmir. Hələ ortada bir «Nabucco» problemi də qalır ki, Azərbaycan buna özünün dəqiq münasibətini bildirməlidir. Bu yaxınlarda problemlər sırasına daha iki ədəd problem də əlavə olundu. Biri İsrail ilə münasibətlərdir, digəri isə məşhur saytın davam edən açıqlamalarıdır. Ona görə də yerli müşahidəçilər Türkiyə hökumətinin mesajını əlaqələrin gərgin müstəviyə keçməsi tək də yozurlar.

Digər təhlillər də bunu istisna etmir. Çox yaxın bir müddətdəcə Azərbaycan məsələsi Türkiyə siyasətinə yeni məzmunda daxil olacaq. Bunu ilk növbədə Türkiyə müxalifəti edəcək, çünki müxalifət öz hakimiyyətinin siyasətindəki qeyri-ardıcıllıq elementlərini və boşluqları daha yaxşı görür.

KİÇİK SÖZARDI

İqlim mütəxəssisləri bu payızın və qışın sərt keçəcəyini deyir. Elə siyasətlə bağlı da bunu demək mümkündür. Siyasətdə mülayim havalar artıq arxada qalıb. Sadəcə, cəmiyyət bəzən bunu hiss etmir. Siyasi proqnozlar üçün ən çətin məqam da elə budur. Amma bu da problem deyil, çünki hadisələri də qabaqlamaq istəyəndə bəzən, əksinə geri düşürsən, özü də nə az, nə də ki, çox, düz 20 il...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG