Keçid linkləri

Təcili xəbərlər

Dövlətləri birləşdirən və ayıran Yaxın Şərq


Fələstinlilərin İsrail əleyhinə etiraz aksiyası – 29 dekabr 2008
Fələstinlilərin İsrail əleyhinə etiraz aksiyası – 29 dekabr 2008
Siyasətlə maraqlanan insanların diqqəti indilər BMT-yə yönəlib. Ən azı üç məsələ var ki, bunlar azərbaycanlıların diqqətinin əsassız olmadığını iddia etməyə əsas verir. Burada Dağlıq Qarabağ probleminin müzakirəsini, qeyri-daimi üzvlüklə bağlı məsələnin həllini və bir də Fələstin problemini qeyd etmək olar. Hər üç problem böyük siyasət həvəskarları üçün ciddi predmet hesab oluna bilər. Üç problemin ikisi Azərbaycana, digəri Yaxın Şərqə aid olsa da, onların hər üçünü birləşdirən bir məntiq zənciri var.

Bəli, ilk dəfə olaraq bu il Azərbaycan özünün Yaxın Şərq siyasətindəki vektorunu az da olsa dəyişmək qərarına gəldi. Sovetlər vaxtında Yaxın Şərq məsələsindəcə ərəb dünyasının yanında olmaq adi bir hal idi. «Soyuq müharibə»dən sonrasa vektorlar bir qədər dəyişdi, daha çox ölkə İsraili özü üçün yenidən kəşf etdi və bu dövlətlə siyasi və diplomatik əlaqələr qurdu. Azərbaycanın İsrail ilə əlaqələri təbii ki, müstəqillik illərindən sonra formalaşmağa başladı və tez bir vaxtda iki dövlət arasında bir anlaşma yarandı. Amma heç vaxt əlaqələr tam müstəqil xarakter almadı, Azərbaycan İsrail ilə münasibətlərində daim İrana və digər müsəlman dövlətlərinə boylanmağa məcbur idi.

FƏLƏSTİNİN HƏTTA KOSOVO QƏDƏR DƏ HAQQI YOXDUR?

İndisi bir az da mürəkkəb vəziyyət yaranıb. Bu yaxınlarda Türkiyənin Bakıdakı səfiri də Azərbaycanı İsraillə münasibətlərinə yenidən baxmağa çağırdı. Türkiyənin səfiri çox ehtiyatlı adamdır, çox güman ki, bu məsələ onun ölkəsinin yüksək siyasi dairələrində müzakirə olunub, əks təqdirdə səfir bunu dilə gətirməz və belə şərt qoymazdı. Bu, artıq daha ciddi məsələdir.
Fələstin prezidenti Mahmud Abbas və Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan, 07 iyun 2010
Biri var İran, biri də var Türkiyə. İranın bir təklifini nəzərə alanda, o birisini nəzərə almamaq və vaxtı yubatmaq olardı. İndisə Türkiyə İsraillə münasibətləri gərginləşdirmək yolunu tutub. Gərginliyin Yaxın Şərq məsələsi üzündən yarandığı bildirilsə də, güman edirik ki, bu məsələnin tam izahı deyil. Bir çox dövlətlər İsrailin Yaxın Şərq siyasətini təqdir etmir, amma bu hal onların sonuncu ilə normal münasibət saxlamasına mane olmur. Fələstin probleminin tarixi artıq yarım əsri keçib. Bu vaxta qədər Türkiyədə çox siyasi komandalar hakimiyyətdə olub və onlar İsrail ilə yaxın əlaqələr saxlayıblar. Təbii ki, bu dünyada hətta Kosovonun da müstəqillik əldə etdiyi vaxtda Fələstinin öz qanuni haqq və hüquqlarına qovuşmaması bir qədər anormal haldır. Məgər Fələstinin hətta Kosovo qədər də haqqı yoxdur? Bu mənada Türkiyənin indiki siyasətini də dərk etmək mümkündür. Amma Yaxın Şərq probleminin həlli iki haqqın və hüququn tanınmasından keçir: həm Fələstinin, həm də İsrailin hüquqları və haqları tanınmalıdır. Azərbaycan Fələstin probleminə münasibətdə məntiqli bir mövqe tutub, onun haqlarını tanıyır və eyni zamanda İsraillə münasibət saxlayır. Bundan o tərəfə yol yoxdur. Üstəlik, bu yolun taktiki üstünlüyünü də başa düşmək mümkündür. Türkiyə indi Misirin bir vaxtlar ərəb dünyası və ərəb siyasətində tutduğu rola iddia edir. Bəs Azərbaycanın iddiası nədir?

ƏRƏBLƏRİN SƏSİ CƏNUBİ QAFQAZDA VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏRMİ?

İndi Azərbaycan məhz buna iddia edir. BMT – dən sonra ikinci böyük qurum olan İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı işğalçı dövlət kimi tanıyır. İndi Ərəb Liqası Azərbaycanın BMT-də qeyri-daimi üzvlüyə iddiasını müdafiə edir. Göründüyü kimi, «stavka» məntiqlidir, ərəb ölkələrinin səslərinə böyük ehtiyac var və Azərbaycan bu səslərdən yararlanmaq istəyir.
BMT Baş Assambleyası, 23 sentyabr 2010
Bu aspektdən yanaşanda, Azərbaycan məntiqli siyasət aparır. Amma bir məsələ qətiyyən aydın deyil. İdman olimpiadalarını axıra qədər izləyən İ.Əliyev nədən BMT-yə yollanmır? Nəzərə alsaq ki, hətta M.Əhmədinejad da ora yollanıb, ölkə başçısının bu səfəri əhəmiyyətli ola bilərdi. Düzdür, hələ vaxt var, ola bilsin, İ.Əliyev tədbirdə iştirak etməyə qərar verəcək, amma rəsmilər bu haqda elə bir söz demirlər. Qarabağ probleminin müzakirəsi artıq bir qədər adiləşib və bu işi Xarici İşlər naziri də yola verə bilər. Hərçənd yenə də aydın deyil ki, niyə görə Türkiyə rəsmiləri öz görüşlərində Qarabağ problemini qaldırmaq məcburiyyətində olmalıdırlar? Bunu Azərbaycanın öz yüksək rəsmiləri edə bilməzdimi?

TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏR KORLANA BİLƏRMİ?

Bunu da istisna etmək olmaz. Bu yaxınlarda ərəb ölkələrinə səfəri zamanı Baş nazir R.T.Ərdoğan bildirdi ki, Türkiyə rejimlərin deyil, xalqların yanında yer tutacaq. Ola bilməz ki, bir regionda bir, başqa regionda isə digər siyasət və taktika yürüdəsən. «WikiLeaks» də münasibətlərdə gərginlik yaradıb. İndilər hər iki tərəf bu açıqlamalara inanmadığını desə də, gərginlik hiss olunmaq üzrədir. Saytın açıqlamaları üzündən dünyada hətta istefalar baş verir və bu günlərdə «əl-Cəzirə» kanalının direktoru istefa verdi. Hətta bir çox ölkələrdə «WikiLeaks» açıqlamaları diqqətlə öyrənirlər. Yəqin ki, Türkiyə də istisnalıq təşkil etmir. Ona görə də rəsmi Ankaranın «hələ çox gənc olan bir dövlət»in rəsmilərinin kaprizlərinə nə qədər dözəcəyi sual doğurur...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG