Keçid linkləri

Təcili xəbərlər

Azərbaycan təhsil nazirinin müavinləri işdən çıxarılıb


İradə Hüseynova, İsgəndər İsgəndərov və Elmar Qasımov
İradə Hüseynova, İsgəndər İsgəndərov və Elmar Qasımov
Sentyabrın 14-də təhsil nazirinin 3 müavini işdən azad olunub. Bu barədə AzadlıqRadiosuna Təhsil Nazirliyindən bildiriblər. Məlumata görə, işdən azad edilənlər nazir müavinləri İsgəndər İsgəndərov, İradə Hüseynova və Elmar Qasımovdur.

Nazirliyin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Qulu Novruzov nazir müavini təyin olunub. Digər iki müavin yerinə isə hələlik namizəd təsdiqlənməyib.

DƏYİŞİKLİK TƏHSİLƏ YENİ NƏFƏS GƏTİRƏCƏKMİ?

Son günlər ictimaiyyətdə təhsilin keyfiyyətinə görə Təhsil Nazirliyinin ünvanına ciddi iradlar səslənir, təhsildə kadr və digər islahatların artıq qaçılmaz olduğu vurğulanır. Bəs nazirliyin yüksək eşelonunda aparılan dəyişiklik təhsilə yeni nəfəs gətirəcəkmi?

Suala təhsil üzrə ekspertlərdən cavab istədik.

Uzun illər Təhsil Nazirliyində çalışmış Talıb Şərifov bildirdi ki, o müavinlərin azad olunmasını qeyri-adi hal sayır. Onun fikrincə, nazirdən fərqli olaraq, müavinlər geniş səlahiyyətə sahib olmayıblar. Müavinlərin təhsil siyasətinin formalaşmasında oynadığı rola gəldikdə, ekspert bunları bildirir:

«Müavinlər heç bir qərar qəbul eləmirdilər. Əslinə baxanda, təhsildə yaranan problemləri müavinlər həll etməlidir. Guya səlahiyyətləri vardı, amma son illər bütün səlahiyyətlər nazirin əlində toplaşıb».

Etibar Əliyev
Digər ekspert Etibar Əliyev də müavinlərin işdən çıxarılmasının kadr islahatı kimi qələmə verilməsinin əleyhinədir.

«Azərbaycanda elə bir nazirlik, komitə tapılmaz ki, ordakı müavinlər təhsil nazirinin işdən çıxarılan bu müavinləri kimi səlahiyyətsiz olsun. Əslində Misir Mərdanov bütün səlahiyyətləri əlində toplamışdı, müavinlər ancaq cari məsələlərlə məşğul idi. Yalnız islahatçı nazirin iş başına gətirilməsindən sonra təhsildə yeni nəfəsin ola biləcəyini proqnozlaşdırmaq olar.

«NAZİR İŞ YERİNDƏDİR»

İşdən çıxarılan nazir müavinləri 10 ildən çoxdur ki, bu postda təmsil olunurdular. Hər üçü Yeni Azərbaycan Partiyasının, onlardan ikisi isə partiyanın Siyasi Şurasının üzvləridir.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə «Media forum» saytına müavinlərin işdən azad olunması səbəblərinə aydınlıq gətirməyib. O deyib ki, bu, prezidentin səlahiyyətində olan məsələdir.

Mətbuatda təhsil naziri Misir Mərdanovun da vəzifəsindən azad olunması haqda məlumatlar yayılmaqdadır. Ancaq Bayram Hüseynzadə vurğulayıb ki, belə bir hal yoxdur, nazir iş yerindədir və tədris ilinin açılışına hazırlıq gedir.
XS
SM
MD
LG