Keçid linkləri

Təcili xəbərlər

«Abşeron»un səs-küylü qazı


Foto: Arxiv
Foto: Arxiv
Sentyabrın 9-da Fransanın «Total» şirkəti özünün saytında Xəzərin dərin sularında yeni qaz yatağının aşkar edilməsi ilə bağlı məlumat yerləşdirdi. Şirkətin kəşfiyyat məsələləri üzrə icraçı vitse-prezidenti Mark Blaizota istinadən verilən xəbərə görə, Xəzərin Azərbaycan sektorundakı «Abşeron» yatağı enerji resursları ilə çox zəngin bir yataq ola bilər. Bununla belə, şirkət hesab edir ki, kəşfiyyat quyusundan alınan ilkin nəticələr ona dəlalət edir ki, bu yatağın potensialı bir necə trilyon kubfut (1 trln kub.fut təqribən 31-32 mlrd kub.metrdir - İ.Ş.) qaz ehtimal edilə bilər.

YÜKSƏK SƏVİYYƏDƏ QƏBUL

Elə həmin gün «Abşeron» yatağında böyük qaz yatağının aşkar edilməsi xəbərini çatdırmaq üçün Parisdən Bakıya bir heyəti gəldi və «Total» şirkətinin baş vitse-prezidenti Maykl Borrellinin başçılıq etdiyi nümayəndə heyətini şəxsən prezident İlham Əliyev qəbul etdi.

Prezident qeyd etdi ki, bu əlamətdar hadisə Azərbaycanın neft və qaz potensialının indiyəcən təsdiqlənmiş ehtiyatlardan qat-qat çox olduğunun növbəti əyani sübutudur. Öz növbəsində Borrelli «Total» şirkətinin Azərbaycan ilə əməkdaşlığının bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu vurğuladı.

PREZİDENTİN MESAJI

İlham Əliyevin prezidentliyi illərində onun mətbuat üçün açıqlamalarını barmaqla saymaq olar. Ancaq Prezident «Abşeron»la bağlı hesab etdi ki, cəmiyyətə çatdırılası çox şeylər var və buna görə də Xəzər sahilindəki rezidensiyasının fonunda AzTV vasitəsilə mətbuat üçün açıqlama verdi. Onun əsas məqamları kimi bunları göstərə bilərik:

- Bu, bizə imkan verəcək ki, öz qaz strategiyamızı daha da inamla irəliyə aparaq, Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq. Uzun müddət bundan sonra, onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən ölkə kimi dünya miqyasında özünü göstərəcək və bizim ölkə kimi əhəmiyyətimiz şübhəsiz daha da
İlham Əliyev
artacaqdır.

- Bizim planlarımız çoxdur. Biz çoxşaxəli ixrac imkanlarımızı genişləndirmək üçün əməli işlərlə məşğuluq. Əminəm ki, bu ilin sonuna qədər bütün tranzit məsələləri də öz həllini tapacaq və beləliklə, böyük Azərbaycan qazı üçün yeni bazarlar aşkarlanacaqdır.

- Avropa İttifaqı ilə Azərbaycan arasında bu istiqamətdə çox səmərəli münasibətlər mövcuddur, səmərəli əməkdaşlıq aparılır. Bu ilin yanvarında Avropa İttifaqı ilə Azərbaycan arasında «Cənub» qaz dəhlizi üzrə çox vacib Bəyannamə imzalanmışdır və işçi qrupu yaradılmışdır. Bu gün aparılan danışıqlar, əminəm ki, yaxın zamanlarda yaxşı nəticələrə gətirib çıxaracaqdır. Eyni zamanda, yeni böyük qaz yatağının kəşfi Azərbaycanın enerji təhlükəsizliyinə də böyük töhfədir. Bir sözlə, Azərbaycanın qaz potensialı nəinki ölkəmiz üçün, region üçün, dünya üçün öz əhəmiyyətini göstərməkdədir.

ƏSLİNDƏ «ABŞERON» ARTIQ 10 İLLİK BIR YATAQ İDİ

Bəli, təəccüblənməyin 2001-ci ilin 18 iyulunda «Abşeron» strukturunda qazılan ilk kəşfiyyat quyusunun qazılması 6500 dərinlikdə başa çatdı. Kəşfiyyat quyusunun qazılmasına «İstiqlal» qazma qurğusunun köməyi ilə 23 dekabr 2000-ci ildə dənizin dərinliyinin 517 metrində başlanılmışdı. Alınan nəticələri öyrənərkən məlum oldu ki, bir neçə layda qaz ehtiyatları aşkarlanıb. Ancaq onların həcmi o qədər də böyük deyildi. Qeyd edim ki, bu işləri o zaman COPAL əməliyyat şirkəti («Chevron Overseas Рetroleum Azerbaijan Ltd.») 1997-ci ilin 1 avqustunda bağlanılmış PSA tipli müqavilə şərtləri əsasında həyata keçirirdi. O zaman layihənin operatoru Amerikanın «Chevron» (30% payla) şirkəti idi, sonradan layihəyə Fransanın «Total» şirkəti də qoşulmuşdu (20%), layihədəki payın yarısı isə Dövlət Neft Şirkətinə (SOCAR) məxsus idi. Həmin vaxt xarici şirkətlər Xəzərdə neft axtarışında idilər, dünya bazarında qazın qiyməti ucuz idi, həm də infrastruktur yox idi. Ona görə də, ilk quyuya $78 mln vəsait xərcləyən xarici şirkətlər SOCAR-a ikinci kəşfiyyat quyusunu qazmamağa görə $20 mln da ödəməyə razı oldular ki, müqaviləyə 2005-ci ildə xitam versinlər.

2009-cu ilin 27 fevralında SOCAR-la (40%) «Total» (60%) arasında «Abşeron» yatağının kəşfiyyatı və işlənməsinə dair ikinci PSA tipli müqavilə imzalandı. Həmin ilin mayın 22-də Milli Məclis müqaviləni təsdiq etdi. 2009-cu ilin iyununda «Gaz de France SUEZ» «Abşeron» yatağında pay aldı və hazırda xarici tərəfdaşların pay bölgüsü belədir: «Total» (40%), «Gaz de France SUEZ» (20%).

Xəzərdə yataq, 10 may 2011
2011-ci il yanvarın 14-də nəhayət ki, «Absheron Operating Company» əməliyyat şirkəti müqavilə sahəsində yeni kəşfiyyat quyusunun qazmasına başladı (həmin gün Avropa Birliyinin prezidenti və enerji komissarı Azərbaycanda rəsmi səfərdə idilər). Qazma işləri Xəzərdə texniki baxımdan ən güclü üzən qurğu ilə - Danimarkanın «Maersk» şirkətinə məxsus DSS-20 qurğusu ilə qazılırdı. Bu dəfə qazma nöqtəsi dənizin 473.5 metr dərinliyində seçilmişdi. «Abşeron» geoloji baxımdan kifayət qədər mürəkkəb olsa da, artıq sentyabrın 1-də qazmaçılar 6568 metr dərinliyə çata bilmişdilər. Və bu zaman aparılan geofiziki tədqiqat işlərinin nəticələri müsbət qiymətləndirildi: «Fasilə» və «Balaxanı» lay dəstəsinin VIII horizontu karbohidrogenlərlə doymuş hesab olunur.

«ABŞERON» NECƏ İŞLƏNƏCƏK?

Bundan sonra «Abşeron»da quyunun layihə dərinliyinədək – 7200 metrədək (indiyədək Xəzərdə qazılacaq ən dərin quyu, bundan öncəki rekord «Şah-dəniz»ə aid idi – 7103 metr) qazılması nəzərdə tutulur. Bununla VI horizontun açılması şansları da var.

Ancaq SOCAR geoloqları vaxt udmaq məqsədilə xarici tərəfdaşları ilə birgə maraqlı bir eksperiment aparmaq qərarına gəliblər ki, hələ indiyə qədər PSA kəşfiyyatı zamanı Xəzərdə tətbiq edilməyib. Bu ilin sonlarına yaxın kəşfiyyat quyusunun qazılması tam başa çatıb onun məlumatları öyrəniləndən sonra planlaşdırılır ki, 4000 metrlikdə yan lülə qazmasına başlanılsın. Bu zaman təqribən ana xətdən 1500 metr yana qazma gedişi ediləcək. Məqsəd qısa zaman kəsiyində aşkar edilmiş qaz laylarının coğrafi məkanını, yeni laylar, onların məhsuldarlığı haqda daha çox məlumat əldə etməkdir. Belə ki, bütün bu işləri 2012-ci ilin I yarım illiyində başa çatdırmaq nəzərdə tutulur.

SOCAR geoloqları o ümiddədirlər ki, «Abşeron»da ən azı 200 mlrd kubmetr, ən çoxu isə 350 mlrd kubmetr qaz ehtiyatı var. Bundan başqa orada 45 mln ton kondensatın olduğu da güman edilir.

Məsələnin mürəkkəbliyi isə odur ki, «Abşeron» yatağının işlənməsi, yəni ordan ilk xammalın çıxarılması ən yaxşı halda 10 ildən sonra mümkün olacaq. Çünki müqavilə sahəsində qazma işlərini görəcək boş qurğular 2016-cı ilədək Xəzərdə faktiki olaraq yoxdur. Əsas güc yönələcək «Şah-dəniz» layihəsinə, ona görə ki, 2017-ci ilin II rübündə bu yatağın «Mərhələ-2» layihəsi çərçivəsində ilk qaz alıcılara çatdırılmalıdır.

«Nabucco»nun real qiymətinin 15 mlrd avronu ötməsi bir reallıqdır
«NABUCCO»?

«Abşeron»un qaz ehtiyatlarının gündəmə gəlməsi ilə Qərbdə yeni bir eyforiya dalğası başlayıb. Bu da təbii ki, «Nabucco» qaz kəmərinin reallaşması ilə bağlıdır. Artıq Qərb mətbuatında yazılar dərc olunur ki, artıq «Nabucco» qaz resursu baxımdan «korluq çəkməyəcək». Düzdür, istənilən qaz ehtiyatının tapılması boru xəttinin şansını artırır, ancaq bu, o demək deyil ki, məsələ tam həllini tapır. Niyə?

«Abşeron»dan illik hasilat çox güman ki, «Şah-dənizin» «Mərhələ-1» çərçivəsi səviyyəsindəki kimi, yəni ildə 8 mlrd kubmet olacaq. Güman ki, yataqda cəmi 1 hasilat platforması quraşdırılacaq ki, xərclər az olsun. Nəzərə alsaq ki, yataqda suyun dərinliyi böyükdür və geoloji xüsusiyyətlər burada kifayət qədər mürəkkəbdir, deməli, qazın maya dəyəri də baha olacaq. Yəni qaz sahibləri (bu layihədə xarici tərəfdaşlarımız ancaq fransızlardır) onu Avropaya elə Avropadakı qiymətlərlə də satmaq arzusunda olacaqlar. Reallıqda isə ola bilsin, layihə gücünə «Abşeron» 2024-2025-də qədəm qoysun. «Nabucco» isə özünü 2017-yə hazırlayır. Bu müddətdə kəməri hansı qazla işləməsi hələ də sual altındadır. «Nabucco»nun hazırda ən böyük çatışmazlığı həm də maliyyə məsələlərinin heç 10%-in həllini tapmamasıdır. Onun təsisçiləri nədənsə boyunlarına almaq istəmirlər ki, Türkiyənin şərq sərhədindən Avstriyaya qədər 3300 km-lik boru kəmərini 7.9 mlrd avroya tikmək bu gün sadəcə, fantaziyadır. BP şirkətinin hesablamalarına görə, Azərbaycan ərazisində (ərazi düzənlikdir) 500 km-lik, 1 nasoslu, buraxıcılıq gücü 20 mlrd kubmetr olan boru kəmərinin dəyəri 3 mlrd avroya yaxındır.

Bu yaxınlarda «North Stream» («Şimal Axını») qaz kəmərinə texniki qaz vurulması mərasimində elan edildi ki, 2 nasoslu, 1221 km-li sualtı boru kəmərinin inşaası bank faizləri də hesablanmaqla 8.8 mlrd avroya başa gəldi. Ona görə də «Nabucco»nun real qiymətinin 15 mlrd avronu ötməsi məncə, bir reallıqdır ki, bunu sadəcə Qərbdəki siyasətçilər, boru kəmərinin təbliği ilə məşğul olan dairələr dilə gətirməkdən ehtiyat edirlər – Avropada bu cür bahalı infrastruktur layihəsini maliyyələşdirmək arzusunda olanlar sadəcə yoxdurlar.
XS
SM
MD
LG