Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanla konfederasiyaya iki namizəd var


İlham Əliyev, Mixail Saakaşvili və Abdullah Gül Bakı-Tbilisi-Qars dərmiryolunun təməlqoyma mərasimində, 21 noyabr 2007
İlham Əliyev, Mixail Saakaşvili və Abdullah Gül Bakı-Tbilisi-Qars dərmiryolunun təməlqoyma mərasimində, 21 noyabr 2007
Son günlər konfederasiya mövzusu yenidən aktuallaşıb. Gürcüstanın Xarici İşlər nazirinin müavini Nino Kalandadze Gürcüstanla Azərbaycan arasında konfederasiyanın yaradılması zərurətindən danışaraq, bunun regional təhlükəsizliyə müsbət təsiri olacağını vurğulayıb.

Konfederasiya mövzusu Azərbaycanda da müzakirəyə çıxarılıb. Ancaq yerli siyasətçilər və ekspertlər konfederasiya subyekti kimi Gürcüstandan çox Türkiyənin adını çəkirlər.

TBİLİSİ BİRLƏŞMƏK İSTƏYİR, BƏS BAKI?

Azərbaycanla konfederasiya yaradılması zərurətini ilk dəfə Gürcüstan prezidenti Mixail Saakaşvili ötən ilin iyul ayında azərbaycanlı həmkarı İlham Əliyevlə Batumidə düzənlədiyi ortaq mətbuat konfransında dilə gətirmişdi. Bu təklif İlham Əliyev üçün gözlənilməz olduğundan o, konfederasiya sözü işlətmədən Gürcüstanla əlaqələrin getdikcə genişlənməsindən və bunun hər iki tərəfin mənafelərinə uyğun olması kimi protokol cümlələr işlətmişdi.

Saakaşvilinin Azərbaycanla konfederasiya yaratmaq haqqındakı fikri heç də spontan düşüncənin məhsulu deyildi. Çünki onun sözlərinin üstündən heç bir ay keçməmiş həmin Nino Kalandadze açıqlama verərək, Gürcüstan hökumətinin iclasında Azərbaycanla konfederasiya yaradılması ideyasının hərtərəfli müzakirə edildiyini bildirmişdi.

Gürcüstan tərəfində canfəşanlığa baxmayaraq, rəsmi Bakı konfederasiya mövzusunda susmağa üstünük verirdi. Hər hansı azərbaycanlı rəsminin dilindən bu haqda bir kəlmə də çıxmadı.
İlham Əliyev və Mixail Saakaşvili Gürcüstan ailəsinə təbii qazın verilməsi mərasimində, 1 iyul 2008
Gözləmək olardı ki, rəsmi Bakının susduğunu və reaksiya vermədiyini görən Gürcüstan hakimiyyəti konfederasiya mövzusuna bir qədər ara vermək məcburiyyətində qalacaq. Ancaq Tbilisi əvvəlkitək israrlı görünür. Mixail Saakaşvili ötən ay Azərbaycan hakimiyyətinin maliyyələşdirdiyi dərgilərdən birinə verdiyi müsahibədə yenə konfederasiya kəlməsini işlədib. Və budur, ötən il olduğu kimi estafeti prezidentindən alan Nino Kalandadze mövzuya yenidən qayıtmağı lazım bilib.

Görək, bu dəfə azərbaycanlı rəsmilərin reaksiyası necə olacaq? Çünki konfederasiya mövzusundan yayınaraq gürcü həmkarlarının istəklərindən daima qaçmaq rəsmi Bakı üçün getdikcə çətinləşəcək. Əslində, rəsmi Bakı Gürcüstanla siyasi və iqtisadi əməkdaşlığı ən üst səviyyəyə qaldırmaqda maraqlıdır. Azərbaycanın Gürcüstana hər növ investisiyaları ilbəil artır. Azərbaycan qonşu ölkənin əsas idxal-ixrac tərəfdaşına çevrilib. Digər tərəfdən, bir neçə gün öncə Azərbaycanın müstəqilliyinin 20 illiyinə dair tədbirin Batumidə keçirilməsi də ondan xəbər verir ki, rəsmi Bakı Gürcüstanla strateji münasibətləri ən üst səviyyəyə qaldırmağa hazırdır. Bu siyasət bir tərəfdən, rəsmi Bakıya manevr imkanlarını və Ermənistanın bölgədə sıxışdırılmasını genişləndirməyə imkan verərkən, digər tərəfdən, Rusiya ilə münasibətləri Gürcüstanın hesabına nisbətən balanslaşdırmağa şərait yaradır. Ancaq çətin ki, rəsmi Bakı indiki mərhələdə Gürcüstanla münasibətləri konfederasiya səviyyəsinə qaldırmağa və ya ən azı bu istiqamətdə danışıqlara başlamağa razılaşsın. Gürcüstanla konfederasiya danışıqlarının başlaması Saakaşvili ilə gərgin münasibətlərdə olan Moskva ilə körpülərin yandırılması olar ki, Azərbaycan hakimiyyəti buna hazır deyil.

GƏL, BİZİ PROBLEMLƏRİMİZDƏN XİLAS ET!

İlham Əliyev və Abdullah Gül, 23 dekabr 2010
Azərbaycanla konfederasiyaya daha bir namizəd var – Türkiyə. Bu dəfə isə təşəbbüs qonşu dövlətdən deyil, Azərbaycandakı siyasi və ekspert dairələrindən gəlib. Türkiyə ilə konfederasiya yaradılmasının tərəfdarı olanlar bununla Azərbaycanın Rusiya və İranın hədə və təzyiqlərindən qurtulacağına ümid edirlər. Həqiqətən, Türkiyə ilə konfederasiya ideyası hər dəfə Rusiya və İrandan Azərbaycana təzyiqlərin artdığı dövrə təsadüf edir. İkitərəfli təzyiq göz qabağındadır. Kreml Dağlıq Qarabağ məsələsində Bakıya təzyiqini artırıb. Ətrafda yeganə müttəfiqi Suriyanı itirəcəklərini ehtimal edən iranlı rəsmilər isə hirslərini sanki Azərbaycandan çıxmağa çalışır, Arazın o tayından hədələyici açıqlamaların sayı artmaqda davam edir. Görünür, belə bir şəraitdə də bizim onlara qarşı irəli sürəcəyimiz yeganə silah Türkiyədir. Sadəcə, sual olunur: Türkiyə ilə adi viza anlaşmasını imzalamayan Bakı Ankara ilə konfederasiya müzakirələrinin başlamasına yaşıl işıq yandırarmı?

Əlbəttə, bölgədə elə bir çətin durum yarana bilər ki, rəsmi Bakının Türkiyə ilə strateji münasibətləri yüksək səviyyəyə qaldırmaqdan başqa alternativi qalmaz. Ancaq nə deyirsiz deyin, Türkiyə ilə konfederasiya mövzusu problemlərimizin strateji müttəfiqin belinə yüklənməsinə bənzəyir. Rusiya və İrandan təzyiq var, Türkiyə yada düşür, Dağlıq Qarabağın işğaldan azad edilməsinin formulu üçün də bəzən qardaş dövlətin imkanları götür-qoy edilir. Hətta Azərbaycanın demokratikləşməsinin və sivil cəmiyyətinin qurulmasında Türkiyədəki quruluşun proyeksiyasına bel bağlayanlar da var.

Əgər milli varlığımızın, təhlükəsizliyimizin və sivil cəmiyyət qurmamızın təminatı Türkiyə ilə konfederativ münasibətlərdən keçirsə, onda biz də strateji müttəfiqin fərqli maraqları haqqında düşünməli olacağıq. Çünki müttəfiqlik və konfederativ münasibətlər qarşılıqlı güzəştləri diktə edir. Biz buna hazırıqmı?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG