Keçid linkləri

Təcili xəbərlər

Bir yol, üç xəritə


İctimai Palata
İctimai Palata
Həm yayın istisinə, həm də aprel aksiyasının iştirakçılarına qarşı cinayət işi açıldığına görə, son vaxtlar müxalifətin fəaliyyəti o qədər də nəzərə çarpmır.

Amma buna baxmayaraq İctimai Palatanın tədbirlərində fasilə olmur, onlar mütəmadi olaraq keçirilir. Sözsüz ki, bu tədbirlər aksiyalardan fərqli olaraq hiss olunacaq ictimai rezonansla müşayiət olunmur.
İndi bu çevrədə daha çox diqqətdə olan məsələ müxalifətin avtoritarizmdən demokratiyaya keçidin prinsiplərini müəyyən edən sənədin qəbulu ilə bağlı keçirdiyi müzakirələrdir.

Müzakirələr o qədər də problemsiz keçmir. Əvvəl iki layihə vardı, onların birini İctimai Palata, digərini isə Ziyalılar Forumu təklif etmişdi. İndisə təkcə İctimai Palatanın sərəncamında iki layihə var və bu layihələrin prinsiplərini özündə ehtiva edən ortaq sənədin qəbulu isə avqustun 27-də gözlənilir.

O da aydındır ki, əsas məsələ kimin sənədinin qəbul olunması deyil, sadəcə iş prosesinin özüdür. Ortaya çıxacaq sənəd müxalifətin ölkə siyasətinə baxış bucağının əsas prinsiplərini necə təsəvvür etdiyini göstərəcək.

Bəli, 18 illik müxalifətçilikdən sonra intellektual üstünlüyü saxlamaq o qədər də asan iş deyil. Son illər müxalifətin diqqəti özünə çəkməklə bağlı cəhdləri o qədər də uğur vermir. Bir dəfə mühüm sənədin müzakirəsi ilə bağlı keçirilən tədbirdə iştirak edirdim, müxalifətin də əsas intellektualları qatılmışdı.

Müzakirələrdən çox məyus çıxdım, çünki bu sənədlə bağlı müxalifətçilərin fikirləri 88-ci ilin şüarlarından o tərəfə keçmir və təkliflər sönüklüyü, sistemsizliyilə adamı lap dilxor edirdi.

Hər bir sənəd qəbul olunarkən onun əsas məqamını müəyyən etmək lazımdır. Totalitarizm şəraitində bu məqamı müəyyən etmək çox asan olur, çünki onun başlıca və əsas məziyyəti bir partiyaya ölkənin siyasi sistemində verilən imtiyazlar və üstünlüklər olur.

Bu gün dünyaya baxsaq hətta nizamsız və qanlı Suriyada belə proseslərdə zəif də olsa bir sistem nəzərə çarpır. Öncə məhbuslar azad edildi, sonra 30 il davam edən fövqəladə rejim götürüldü, daha sonra başqa partiyaların da fəaliyyət göstərməsinə icazə verildi.

Amma avtoritar rejimdə vəziyyət bir qədər fərqli olur, çünki avtoritar rejimlər mələk donuna girərək insanları çaşdırmaq istəyən şeytana bənzəyirlər, onların bəzisinin fasadı elə demokratiyanın atributlarından qurulub, prinsipcə, hər şey var, eyni vaxtda heç nə yoxdur.

Mən indi müxalifətin təqdim etmək istədiyi sənədə diqqətlə baxmaq istəyirəm. Sənəd o vaxt korlanır ki, hamı özünün istədiyini yazmaq istəyir və xronoloji ieararxiya müəyyən edilmir. Yol xəritələrində xronoloji müəyyənlik daha qabarıq olur, mərhələlər müəyyən edilir. Həm də xəritə ilə müxalifətin uzun müddət üçün nəzərdə tutulan dəyişikliklər proqramını bir qədər fərqləndirmək lazımdır.

Təsəvvür edin, yol xəritəsinə indidən ölkənin parlament respublikasına çevrilməsi məsələsi salınıb. Bu məsələ böyük iş, referendum tələb edən məsələdir. Ona görə də prioritetləri müəyyən etmək lazımdır.

BİRİNCİ MƏRHƏLƏDƏ HANSI MƏSƏLƏ ÖNƏ ÇƏKİLMƏLİDİR?

Müxalifət siyasi institutdur – partiyalar şəklində mövcuddur. Azərbaycanda şərti olaraq çoxpartiyalılıq mövcuddur, ona görə də çoxpartiyalı sistem bir qədər formal olsa da, qanunla təsbit olunub. Lakin partiyaların fəaliyyətində bir sistemsizlik və bərabərsizlik var.

İlk hədəf bu, olmalıdır. Siyasi partiyalar haqda yeni qanun qəbul olunmalı, onların dövlət tərəfindən maliyyələşməsi həll edilməli, siyasi partiyalara qarşı təqiblərə son qoyulmalı, partiyalar yeni qərargahlarla təmin edilməli, partiyaların keçirdiyi aksiyalara qarşı mövcud olan yasaq praktikasına xitam verilməli, aksiyaların keçirilməsi üçün yalnız xəbərdarlıq proseduru müəyyən edilməlidir. Müxalifət partiyalarının hakim partiya tərəfindən tanınmasına, etiraf edilməsinə ehtiyac var. Yalnız bundan sonra müxalifətlə hakimiyyət arasında digər ciddi məsələlərin həlli ilə bağlı növbəti mərhələlərə keçmək olar.

KİÇİK SÖZARDI

Bu vaxta qədər bir çox münaqişələr və problemlərlə bağlı yol xəritələri və uzunmüddətli əməkdaşlıq planları qəbul edilib. Müxalifət ilk növbədə məhz bu təcrübəyə nəzər sala bilərdi.

İndi yazılan yol xəritəsi isə heç bir formada diqqəti çəkməyəcək. Təkcə ona görə yox ki, hakimiyyət müxalifətlə söz və əməkdaşlıq çağırışlarını özünə sığışdırmır, həm də ona görə ki, hədəflər düzgün müəyyən edilməyib. Prioritet və bir də mərhələlər düzgün müəyyən ediləndən sonra müxalifətin yol xəritəsi maraq kəsb edə bilər.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG